Accessibility links

Ərəstun Oruclu: AŞPA-nın qətnaməsi yerinə yetirilməsə sanksiyalara yol açar [Video-müsahibə]


Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinə müsahibəsində Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı müzakirələr və AŞPA-nın qəbul etdiyi qətnamənin perspektiv təsirlərindən danışıb.

Amerikanın Səsi: AŞPA Azərbaycanda demokratik təsisatlarla bağlı məsələ müzakirə edilib? Müzakirələrdə səslənən fikirlər obyektivliyi əks etdirirmi?

Artlıq bu proses elə bir nöqtəyə gəldi çatdı ki, buna göz yummaq qeyri-mümkündür.

Ərəstun Oruclu: Əlbəttə, obyektivliyi əks etdirir. Əslində AŞPA-nın bu məsələyə bu qədər gec diqqət yetirməsi və dünənki müzakirələr, onun ardınca qəbul edilən qətnamə, bu çoxdan olmalı idi. Çünki, Azərbaycanda uzun illərdir faktiki olaraq ölkənin siyasi sisteminin çox mühüm elementləri olan media, vətəndaş cəmiyyəti, siyasi partiyalar addım-addım dağıdılır, sıradan çıxarılır. Amma, çox təəssüf ki, müəyyən lobbiçilik fəaliyyəti sayəsində uzun müddət Azərbaycan hakimiyyətinin bu davranışına beynəlxalq qurumlarda, o cümlədən ilk növbədə AŞ-nin özündə və AŞPA-da bir növ göz yumurdular. Artlıq bu proses elə bir nöqtəyə gəldi çatdı ki, buna göz yummaq qeyri-mümkündür. Çünki bu beynəlxalıq aləmin özünü nüfuzdan salır.

Amerikanın Səsi: Sessiya Azərbyacanla bağlı qətnamə də qəbul edib? Qətnamədəki tövsiyyələrin və tələblərin yerinə yetiriləcəyinə inanırsınızmı?

2005-ci ildə iki nazir, - Əli İnsanov və Fərhad Əliyev dövlətə xəyanət maddəsi ilə həbs olunmuşdular, amma sonradan korrupsiyaya görə mühakimə olundular.

Ərəstun Oruclu: Güman etmirəm. Hərçənd müəyyən əlaqmətlər var. Məsələn, deyək ki, həmin bu müzakirələrin başlanması ərəfəsində ölkənin hüquq mühafizə orqanları bəyan etdilər ki, Arif və Leyla Yunus cütlüyünə qaldırılmış cinayət işindən dövlətə xəyanət maddəsi ayrılıbdır, başqa bir iş kimi. Aydın məsələdir ki, bu istiqamətdə istintaq getməyəcəkdir. Məlum məsələdir, Azərbaycanda artıq belə bir praktika var. 2005-ci ildə iki nazir, - Əli İnsanov və Fərhad Əliyev dövlətə xəyanət maddəsi ilə həbs olunmuşdular, amma sonradan korrupsiyaya görə mühakimə olundular. Bu iş ayrıldı. Deməli, Azərbaycan hakimiyyəti artıq anladı, mesaj aldı ki, onunla bağlı ciddi proseslər başlayır, ciddi yanaşmalar ortaya qoyulur, ciddi tələblər irəli sürüləcək. Əslində, dünən AŞPA-da qəbul olunmuş qətnamə, oradakı tövsiyyələr, tələblər onun göstəricisidir ki, Azərbaycan tərəfi bunu icra etməsə, (yüksək ehtimalla deyirəm ki, Azərbaycan tərəfi ən yaxşı halda bunu imitasiya etməyə cəhd edəcək, açıq şəkildə rədd etməyəcək) fikrimcə, artıq sanksiyalara yol açan qətnamədir. Sanksiyalara yol açılması bu gün artıq Azərbaycan hakimiyyətinin məhz bu qətnamədə irəli sürülmüş tələblərə və tövsiyyələrə münasibətindən asılı olacaq. Sanksiyalar ağır fəsadlar verə bilər, bunu hər kəs yaxşı anlayır. Hakimiyyət də bunu başa düşdüyündən çalışacaq bir imitasiya ortaya qoysun. Bu artıq beynəlxalq aləmin, elə həmin AŞPA-nın özünün yanaşmasından asılı olacaq. Görək imitasiya necə dəyərləndirilir.

Amerikanın Səsi: Qətnamədə həmçinin bu il keçiriləcək parlament seçkilərinə toxunulur və seçki qanunvericiliyinə dəyişikliklər tövsiyyə edilib. Azərbaycandakı mövcud seçki mühitini necə qiymətləndirərdiniz? Azad, ədalətli, demokratik seçkilər keçirilməsi üçün mühit varmı?

Biz parlament seçkilərinə tam sıradan çıxarılmış vətəndaş cəmiyyəti, onun həbsdə yatan liderləri, tam nəzarətə götürülmüş və marginallaşdırılmış media, siyasi proseslərdən tam kənarlaşdırılmış müxalifətlə gedirik

Ərəstun Oruclu: Bu barədə danışmaq məncə ümumiyyətlə gülünc olardı. Bu tövsiyələrin özü də gecikmiş tövsiyyələrdir.Seçkilərə düz dörd ay vaxt qalıb. Biz parlament seçkilərinə tam sıradan çıxarılmış vətəndaş cəmiyyəti, onun həbsdə yatan liderləri, tam nəzarətə götürülmüş və marginallaşdırılmış media, siyasi proseslərdən tam kənarlaşdırılmış müxalifətlə gedirik. Hansı mühitdən söhbət gedə bilər. Heç bir mühit yoxdur. Düşünmürəm ki, hətta hakimiyyətin iradəsi olsa belə bu, dörd ayda nəyisə dəyişsin. Sadəcə olaraq sırf fiziki baxımdan vaxt bunun üçün kifayət etmir.

Amerikanın Səsi: Bəs nə etmək olar?

Azərbaycan hakimiyyəti seçkiləri əvvəlki ruhda, əvvəlki qaydada keçirmək istəyəcəksə və ya keçirəcəksə legitimlik tanınmamalıdır və təkrar seçkilər tələb olunmalıdır.

Ərəstun Oruclu: Parlament seçkiləri beynəlxalq aləm tərəfindən ciddi nəzarətə götürülməlidir, ciddi müşahidə aparılmalıdır. Azərbaycan hakimiyyəti seçkiləri əvvəlki ruhda, əvvəlki qaydada keçirmək istəyəcəksə və ya keçirəcəksə legitimlik tanınmamalıdır və təkrar seçkilər tələb olunmalıdır. Hökm deyil ki, bu bir ay sonra olsun, altı aya geriyə çəkilə bilər və ölkədəki şərait, o cümlədən qanunvericilikdə ciddi dəyişikliklər olmalıdır. Əks halda indiki kimi parlament seçiləcəksə, ona ehtiyac yoxdur, indiki parlamentin müddətinin uzadılması bəs edər.

XS
SM
MD
LG