Accessibility links

"Müstəqil mediaya hücum etməklə Əliyev ölkənin gələcəyini dağıdır"


«Dünyanın ən repressiv rejimlərindən olan Azərbaycan hökumətini tənqid etdiyimə görə iki dəfə həbsdə yatandan sonra Almaniyada yaşamağa başlamışam. Ancaq Azərbaycan hökuməti məni susdurmaq və qorxutmaq cəhdlərindən əl çəkmir. Bu yaxınlarda Berlində qəhvə içərkən öyrəndim ki, 23 qohumum məndən imtina edib və prezident İlham Əliyevə bu barədə məktub ünvanlayıb. Onlar məni Azərbaycana xəyanətdə ittiham edir, Əliyevə, onun daxili və xarici siyasətinə tam dəstək bildirirdilər».

Meydan TV-nin rəhbəri Emin Milli
Meydan TV-nin rəhbəri Emin Milli

ABŞ-ın «The Washington Post» qəzeti Meydan TV-nin icraçı direktoru Emin Millinin məqaləsini dərc edib. Müəllif daha sonra əmisi oğlunun, həmin məktubdan öncə qaynının həbs olunduğunu, özünün isə hökumətdən ölüm təhdid aldığını qeyd edir.

«Azərbaycan hökuməti niyə məni və ailəmi hədəfə alır? Çünki bir fəal olaraq Azərbaycanla bağlı həqiqəti söyləyən, Berlində mənzillənən müstəqil media orqanının - Meydan TV-nin əsasını qoymuşam. Ancaq tək deyiləm. Azərbaycanda həbsxanada çürüyən 100-dək siyasi məhbus var».

Son repressiya dalğası Əliyevin siyasi gələcəyinə inamının getdikcə azaldığını göstərir, onun iqtisadi gücünün təməli də sarsılmaqdadır.

«Beynəlxalq media tez-tez Azərbaycana guya ictimai dəstəkdən dəm vurur. Əslində isə Əliyev xaricdə imicini cilalamaq üçün ölkənin neft sərvətindən yararlanır. Əliyev dekabrda Twitter-də yazıb ki, «Azərbaycan dünyada düşünülmüş islahatların uğurlu modeli kimi tanınır». Ancaq bu iddia hökumətin müxalifətçilərə, yazarlara və dissidentlərə qarşı azğın təzyiq kampaniyasına daban-dabana ziddir».

Müəllif ölkədə müxalifət jurnalistlərinin həbsə atıldığını, onların həbsdə döyüldüyünü, seçkilərin saxtalaşdırıldığını qeyd edir. Bir tərəfdən də azalan neft resursları mafiya-üslublu hökumətə əlavə təzyiq yaradır.

«On ildən çox bir müddət ərzində neftin yüksək qiymətləri Əliyev hakimiyyətini narazılıqdan qoruyub və bu status-kvonun saxlanması üçün əlverişli şərtlər yaradıb. Əliyev iqtisadi azadlıqlara imkan verməyib, sərvətin paylanmasının sonda siyasi rəqabətə yol açacağından qorxub».

Prezident İlham Əliyevin hakimiyyəti dönəmində onlarla jurnalist və siyasi fəal həbs olunub.
Prezident İlham Əliyevin hakimiyyəti dönəmində onlarla jurnalist və siyasi fəal həbs olunub.

«Son repressiya dalğası Əliyevin siyasi gələcəyinə inamının getdikcə azaldığını göstərir, onun iqtisadi gücünün təməli də sarsılmaqdadır. Azərbaycan hökuməti tədrici keçidin qarşısını almaq məqsədilə vətəndaş cəmiyyətini məhv edib. Hakimiyyət uğrunda yarışmaq gücündə olan liberal qruplar dağıdılıb».

Müəllif təzyiqlərə baxmayaraq, bəzi dissidentlərin işləməyə davam etdiyini, hətta kiçik müstəqil medianın belə mühüm transformasiya rolu oynaya biləcəyini yazır:

«Müstəqil medianı parçalamaqla, ona hücum etməklə Əliyev ölkənin gələcəyini və uzunmüddətli sabitliyini dağıdır. Bu səbəbdən Azərbaycanda və daha geniş anlamda postsovet məkanında müstəqil mediaya dəstək regionda avtoritarizmin artmasını əngəlləmək yolunda beynəlxalq ictimaiyyətin əsas prioritetlərindən biri olmalıdır».

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG