Accessibility links

ABŞ-da prezident seçkilərinə erkən start verilib. İki dönəmlik prezident hakimiyyətindən sonra adətən belə olur. İnsanlar dəyişikliyə, yeniliyə böyük həvəs göstərir. Təbii ki, ən çox həyəcan Ağ Evi geri qaytarmağa çalışan partiya tərəfdarları arasında müşahidə olunur. Bu baxımdan Respublikaçılardan 16 adamın prezidentliyə namizədlik iddiası ilə çıxış etməsi təəccüblü deyil. Təəccüblü olanı bu qədər sabiq və indiki qubernatorun, senatorun arasında siyasətçi olmayan birisinin, daşınmaz əmlak və kazino maqnatı, milyarder Donald Trampın gözlənilməz halda güclü ictimai dəstək qazanmasıdır. İlk praymeriz (partiyadaxili səsvermə) ştatlarından ola Nyu Hempşirdəki son rəy sorğularına əsasən 35 faiz dəstəklə Tramp növbəti ən güclü rəqibi John Kasichi 24 faiz arxada qoyur.

Mən böyük fikirləşməyi sevirəm. Həmişə böyük fikirləşmişəm. Mənim üçün hər şey sadədir: əgər fikirləşirsənsə, böyük fikirləş.

Trampın qəfil yüksəlişinin səbəbinin ilk baxışdan sadə izahı var. O, autsayderdir. Ciddi siyasətlə məşğul olmayıb, indiyədək seçkilərdə iştirak etməyib. Nə qanunverici, nə də icra hakimiyyətində vəzifə tutmayıb. O, biznesmendir. Və dediyinə görə son dərəcə işgüzar və uğurlu bir biznesmen. Amma Tramp kimi çox biznesmen var. Hətta ondan da uğurlu və zəngin. Trampın hazırkı yüksəlişinin arxasında bir sıra mürəkkəb məqamlar dayanır ki, bu sırada onun xarizmatik personası, liderlik qabiliyyəti, özünəməxsus stili və ən başlıcası Ameria cəmiyyətində tanınması böyük rol oynayır.

Prezidentliyə Respublikaçı iddialı Donald Tramp Ayova Ştat Yarmarkasında media qarşısında çıxış edir. Des Moines, Ayova, 15 avqust.

Prezidentliyə Respublikaçı iddialı Donald Tramp Ayova Ştat Yarmarkasında media qarşısında çıxış edir. Des Moines, Ayova, 15 avqust.

Milyarder namizədi kampaniya boyu izləyən Time jurnalının müxbiri Michael Scherer Trampı başqa namizədlərdən fərqləndirən xüsusiyyəti belə təsvir edir. Amerikanın mərkəzi ştatlarında sadə amerikalıların dəstəyini qazanmağa çalışan bütün siyasətçilər yerli yarmakalarda sadə geyinir, küçədə satılan yeməklərdən yeyir, özlərini sıradan adi bir amerikalı kimi göstərməyə can atırlar. “Sonra səmadan gurultu səsi güclənəyə başladı. $7 milyon dollarlıq Sikorsky helikopteri altı ştata səyahət etdikdən sonra Ayovada təşkil olunan ştat yarmarkasının mərkəzi meydanına endi. Ərazidə işləyən polis zabiti indiyədək heç vaxt Tramp kimi başqa namizədin belə hərarətlə qarşılanmasına şahid olmamışdı. Əynində bahalı kostyum, qızıl düyməli dümağ köynək, başında kampaniyanın simvolu sayılan “Amerikanı Yenidən Möhtəşəm Edək!” yazılmış qırmızı kepka geymiş Trampı insan kütləsi dərhal mühasirəyə aldı. Taxta şişə çəkilmiş qaban kababından bir dişlək vurduqdan sonra bu səfeh şeyi yerə qoyan Tramp heç sadə adam kimi görünməyə də can atmırdı.”

“Amerikada hazırda nə baş verdiyini anlamaq üçün siyasi sistemdən iyrənən adamların bu sistemin nasazlıqları haqda dediklərinə qulaq vermək yetər,” Scherer yazır. “Trampı bütün siyasətçilərin arasında zirvəyə yüksəldən də odur. O xarici siyasət haqda elə danışır ki, elə bil bu, kazino almaqdır. Amerika iqtisadiyyatı haqda elə danışır ki, elə bil bir ağıllı adam lazımdır ki, gəlib inşaat kranına nəzarəti əlinə alsın… ‘Sonuncu dəfə nə vaxt bu ölkənin qələbə çaldığını görümüsüz? Bizim qələbələrimiz artıq yoxdur,’ deyə milyarder müxbirlərə xitab edir. ‘Mən nəyi fərqli edəcəyəm? Az qala hər şeyi!’” Edəcəyi ən böyük dəyişikliik isə cənubda, milyonlarla qanunsuz miqrant mənbəyi olan Meksika ilə sərhəddə nəhəng divarın inşası olacaq. “O divarı heç kim aşmayacaq. Tramp divar tikə bilər. Mən divarlar tikirəm,” deyə Tramp sinəsinə döyür.

Sonuncu dəfə nə vaxt bu ölkənin qələbə çaldığını görümüsüz? Bizim qələbələrimiz artıq yoxdur... Mən nəyi fərqli edəcəyəm? Az qala hər şeyi!

Ayovadan tutmuş Nyu Hempşirə kimi danışdırılan insanların bir çoxu şükran görünür. “Necə var elə də deyir ” – əksər adamların Tramp haqda rəyi budur. “2015-c i ildə Trampa qarşı çıxmaq hazırkı nizamın tərəfini tutmaq demək anlamına gəlir,” Scherer yazır. “Söhbət təkcə ideologiyadan getmir, insanlar bir-biri ilə boğuşan siyasətçilərdən, siyasi sülalə klanlarından, söz verib onu yerinə yetirməyən liderlərdən cana doyublar. Düşüncə budur ki, ölkə fundamental baxımdan xarab olub və onu düzəldən yoxdur,” deyə Respublikaçı sorğuçu Frank Luntz izah edir. Trampın siyasi müşaviri də hazırda baş verənləri iki səbəblə izah edir: “Birincisi amerikaıların siyasətçilərdən və ümumi siyasi sistemdən təngə gəlməsidir. İkincisi isə budur ki, milyarderi pulla satın almaq mümkün olmayacaq.”

Trampın əleyhinə işləyən faktorlar kifayət qədərdir. Rəqibləri Trampın qeyri-qanuni mühacirlərlə bağlı mövqeyini irqçiliklə əlaqələndirir. Əksər ispandillilər və irqi azlıqlar arasında maqnatın reytinqi aşağıdır. Bundan əlavə, ilk Respublikaçı debatlarda üzə çıxdığı kimi, onun qadınlar haqda işlətdiyi ifadələr də qalmaqal subyektinə çevrilib. Trampın tez-tez kobud, normadan kənar ifadələrə əl atması ABŞ-ın ən ali ofisinə iddialı adam üçün ən azı qəribə sayılır. O, siyasi baxımdan korrekt olmaması ilə öyünür. Ancaq hətta Respublikaçı rəqibləri də onu ağzına gələni danışmaqda, ortaya atdığı ideyaların qeyri-praktiki olmasında, konstitutsional azadlıqlara məhəl qoymamaqda ittiham edirlər. Üstəlik Tramp etiraf edir ki, son bir neçə ildə o, Demokrat namizədlərə külli miqdarda pul ianə edib. Trampın üçüncü toyunun qonaqları sırasında indi Demokrat Partiyasından namizədliyə ən şanslı görünən Hillari Klinton olub. “Mən belələrini pulla alıram,” deyən Tramp isə məhz elə bu arqumentlə özünün siyasətçilərdən daha üstün olduğunu əsaslandırır.

Tramp hesab edir ki, onun populyarlığı amerikalıların öz ölkələrini yenidən möhtəşəm görmək istəyindən qidalanır. Amerikanın xarici rəqiblərindən geri qaldığını, danışıqlarda Çin, Meksiko və İran kimi xarici dövlətlərin tez-tez Amerikanı üstələdiklərini vurğulayan Tramp onun hakimiyyəti dönəmində heç kimin Amerikanı aldada bilməyəcəyini, onunla yüksək tonda rəftar edə bilməyəcəyini bəyan edir. “Onlar İsrail və ABŞ-ın məhvinə çağırırlar,” deyə Tramp İranla əldə olunan anlaşmanı şərh edir, “bizsə soruşuruq ki, nə vaxt imzalayaq. Mən heç vaxt belə şey görməmişəm. Heç vaxt… Yaxşı olardı ki, Obama və Kerri iranla nüvə anlaşması əldə etməzdən əvvəl mənim bu kitabımı oxuyaydılar – özü də cəld. Cəld!” deyə Tramp auditoriya üzvlərindən birinin əlində tutduğu Sövdələşmə İncəsənəti adlı kitabı alıb hamıya göstərir.

Computer HopeAz qala otuz il öncə, 1987-ci ildə yazılmış kitabda müəllif məsləhət görür: “İstənilən sövdələşmədə ən pisi çarəsiz görünməkdir. Bu iyi sənin rəqibin dərhal tutur, və onda qanın getdi. Ən yaxşı sövdələşmə güclü mövqedən baş tutur və rıçaq ən yaxşı güc vasitəsidir. Rıçaq odur ki, səndə var və o birisi onu istəyir. Daha yaxşısı, ona lazımdır. Ən yaxşısı isə, onsuz keçinə bilməz,” deyə Donald Tramp biznes imperiyasını qurarkən tez-tez tapındığı fəlsəfəni açıqlayır. “Amma bəzən bu, da bəs eləmir. Başqa sözlə, o birisini inandırmaq lazımdır ki, bu sövdələşməyə getmək onun marağındadır.” Trampın Respublikaçı namizədlər arasında rıçaqı o qədər də zəif deyil. Təkcə qalır amerikalıları ona səs verməyə inandırmaq. “Mən böyük fikirləşməyi sevirəm. Həmişə böyük fikirləşmişəm. Mənim üçün hər şey sadədir: əgər fikirləşirsənsə, böyük fikirləş. Çox adam cılız fikirləşir., çünki çox adam uğurdan qorxur, qərar verməkdən qorxur, udmaqdan qorxur. Bu da mənim kimi adamlara böyük üstünlük verir.”

Show comments

XS
SM
MD
LG