Accessibility links

Danyal Babayani: İran türkmənləri şiələşdirməyə çalışır [Audio-Müsahibə]


Danyal Babayani
Danyal Babayani

Türkmən fəal və sabiq siyasi məhbus Danyal Babayani Amerikanın Səsi ilə söhbətdə İranın Türkmənsəhra bölgəsində yaşayan türkmənlərin üzləşdiyi etnik və məzhəbi ayrı-seçkiliklər, eləcə də öz fəaliyyətləri və həmin fəaliyyətlər üzündən 18 yaşında ikən tutulduğunda məruz qaldığı həbs və mühakimə prosesini anladır.

Danyal Babayani İran türkmənləri haqda danışır
please wait

No media source currently available

0:00 0:14:31 0:00

2013 ilində İslam İnqilabı lideri və hazırkı ali ruhani liderini aşağılamaq və rejimə qarşı təbliğat aparmaq ittihamı ilə 2 digər türkmən fəal Həbibullah Bəkzadə və Nemətullah Kəmi ilə bərabər 23 ay həbsə məhkum olunduğunu söyləyən Danyal Babayani həbs müddətini keçirdikdən sonra Türkiyəyə mühacirət edib.

Türkməni öncəliklə türkmən olduğu, ikincisi əhli-sünnət hənəfi olduğu üçün dövlət qurumlarında yüksək mövqelərə gətirmirlər. İstixdam sahəsində haqqını vermirlər.
Danyal Babayani

Danyal Bayaninin anlatdıqlarına görə, sünni-hənəfi türkmənlərin din, mədəniyyət və dil haqları uğrunda fəaliyyətlərinə görə İran məhkəməsi ilk başda onlara qarşı casusluq və pantürkizm ittihamlarını da irəli sürüb, ancaq bunlara dair hər hansı sənəd olmayıb.

Türkmənsəhra bölgəsi - İran
Türkmənsəhra bölgəsi - İran

“Biz üç nəfər Türkmənsəhrada türkmən kültürü və dinimiz (hənəfi məzhəbik) və dilimiz qonusunda internet saytlarında çalışırdıq. Dövlət bunu bildi, anladı və bizi tutuqladı. Məhkəmə öncə casusluq dedi, amma sonra onu geri aldı... Türkmən dili ilə ilgili də fəaliyyət edirdik. Ona görə də pantürkist filan dedilər, amma sənəd tapmadıqları üçün dövlətə qarşı propaqanda deyə cəza verdilər,” deyə gənc fəal mühakimə prosesini təsvir edir.

Danyal Babayani İran hakimiyyətinin sünni bölgələrdəki məktəblərdə şiəliyi təbliğ etdiyini bildirir. “Bizi şiələşdirməyə çalışırlar, Allaha şükür xalq təpki göstərir. Göstərməsəydi indi assimilyasiya edilmişdik,” deyə o dilə gətirir.

Sabiq siyasi məhbus türkmənlərin hüquqları uğrunda fəaliyyət göstərdikləri üçün həbs edilmiş digər fəallar haqqında da danışır. O, həmçinin Evin zindanında saxlanılan və Amnesty Internationalın “vicdan məhbusu” kimi tanıdığı türkmən fizika alimi Ümid Kövkəbinin durumu ilə bağlı Amerikanın Səsinə məlumat verir.

Türkmənsəhranın tanınmış din alimi Mövlana Gərgic
Türkmənsəhranın tanınmış din alimi Mövlana Gərgic

Onun söylədiklərinə görə, türkmən alim İranın hərbi sənaye quruluşları və təhlükəsizlik qurumu ilə əməkdaşlıq etmədiyi üçün həbs edilib.

Türkiyədə mühacirətdə yaşayan gənc fəal Türkmənsəhra əhalisinin etnik və məzhəb mənsubiyyəti üzündən iqtisadi baxımdan, o cümlədən, işəgötürmə sahəsində ayrı-seçkiliyə məruz qaldığını vurğulayır:

“Türkməni öncəliklə türkmən olduğu, ikincisi əhli-sünnət hənəfi olduğu üçün dövlət qurumlarında yüksək mövqelərə götürmirlər. İstixdam sahəsində haqqını vermirlər.”

Türkmənlər genəl olaraq əkinçilik işi ilə məşğul olurlar. O üzdən indi ekonomi durumu yaxşı deyil. Çünki, qıtlıq gəldi, sular qurudu. O da dövlətin qurduğu bəndlər/sədlər üzündən oldu. Göllərimiz qurudu...
Danyal Babayani

Qeyri-rəsmi mənbələrə görə, İranda təqribən 3 milyon türkmənin yaşadığını söyləyən Babayani hakimiyyətin onları ikinci dərəcəli vətəndaş kimi gördüyünü önə çəkir.

Babayanı eləcə də Türkmənsəhra bölgəsində ekoloji problemlərin də əksəriyyəti əkinçiliklə məşğul olan türkmənlərin iqtisadi durumunun pisləşməsində rol oynadığını ifadə edir:

“Türkmənlər genəl olaraq əkinçiliklə məşğul olurlar. O üzdən indi ekonomi durum yaxşı deyil. Çünki, qıtlıq gəldi, sular qurudu. O da dövlətin qurduğu bəndlər/sədlər üzündən oldu. Göllərimiz qurudu...”

Türkmən fəal 1979 İran İslam İnqilabından sonra Türkmənsəhra bölgəsində baş verən kütləvi etirazların qanlı bir şəkildə yatırılmasına diqqət çəkərək yaşanan qətliamlar nəticəsində toplumda yaranmış qorxu atmosferinin bu gün də davam etdiyini ifadə edir.

Günbəd Kavus (Türkməncə: Kümmet Gowuz) İranda əhalisinin əksəriyyəti türkmən olan ən böyük şəhərdir. Türkmənlər həmçinin Gülüstan, Quzey Xorasan və Rəzəvi Xorasanın bir çox bölgələrində yaşayırlar. Türkmənistanın cənubunda yerləşən bu bölgələrə Türkmənsəhra deyilir.

XS
SM
MD
LG