Accessibility links

“Qorxu mühitində seçki keçirmək mümkün deyil."


Maykl Maknamara və Ute-Finkx Kraemer
Maykl Maknamara və Ute-Finkx Kraemer

"Bəziləri diqqəti seçki günü baş verənlərə yetirməyə qərar verdi, bizsə ümumilikdə prosesi qiymətləndirdik," deyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq missiyasının irlandiyalı üzvü Amerikanın Səsinə bildirib. Azərbaycanda 1 noyabr parlament seçkiləri haqda təəssüratlarını paylaşan Maykl Maknamara özü ilə bərabər iki almaniyalı deputatın seçkilər haqda mənfi rəyini izah edərkən ölkədə insan haqlarının bərbad durumunu, sivil cəmiyyətə basqıları və fundamental hüquqların yoxluğunu vurğulayıb.

Mən Azərbaycana getməmişdən əvvəl bu ölkədə baş verənlər haqda kifayət qədər məlumatım var idi. Mən bilirdim ki, Azərbaycanda çox sayda hüquq müdafiəçiləri, sivil cəmiyyət fəalları qondarma ittihamlarla həbs olunublar.

"Biz bu seçkiləri ədalətli və demokratik adlandıra bilmərik”, deyə AŞPA monitorinq missiyasının üç üzvü, alman deputatlar Frank Şvabe, Ute-Finkx Kramer və irlandiyalı deputat Maykl Maknamara parlament seçkiləri barədə ayrıca bəyanatda bildirmişdilər. Onların bu bəyanatı seçkilər haqda ümumilikdə müsbət rəy verən ispan parlamentar Yordi Şuklanın rəhbərlik etdiyi missiyanın yekun bəyanatı ilə təzad təşkil edirdi.

“Mən Azərbaycana getməmişdən əvvəl bu ölkədə baş verənlər haqda kifayət qədər məlumatım var idi,” deyə Amerikanın Səsinə danışan Maknamara beynəlxalq hüquq təşkilatlarının, o cümlədən Human Rights Watch, Amnesty International və təmsil etdiyi Avropa Şurasının Azərbaycanla bağlı hesabatlarını diqqətlə nəzərdən keçirdiyini söyləyib. “Mən bilirdim ki, Azərbaycanda çox sayda hüquq müdafiəçiləri, sivil cəmiyyət fəalları qondarma ittihamlarla dəmir barmaqlıqlar arxasına salınıblar.”

Maykl Maknamara, İrlandiya deputatı
Maykl Maknamara, İrlandiya deputatı

Onun sözlərinə görə missiyanı təşkil edən 28 adam ölkədə səsvermə prosesinə müsbət qiymət verilməsi və onun “azad, ədalətli və demokratik seçkilərə doğru növbəti addım” kimi dəyərləndirilməsi üçün sadəcə yetərli deyildi.

“Hətta seçkilər mexaniki baxımdan kamil keçirilsəydi belə, sərbəst nümayişlərə, görüşlərə, mediaya çıxışa icazə verilmədiyi yerdə, həbsdən qorxu mühitində seçki keçirmək mümkün deyil,” deyə Maknamara Azərbaycanda keçirilən seçkilərlə Qərbdə keçirilən seçkilər arasındakı çoxsaylı təzadları önə çəkib.

Onun sözlərinə görə Yordi Şuklanın rəhbərlik etdiyi AŞPA missiyasının Azərbaycandakı parlament seçkilərində seçici fəallığının yüksək səviyyədə olması barədə dedikləri onun öz şəxsi müşahidələrini əks etdirmir. “Mən olduğum yerdə yüksək seçici fəallığı müşahidə etmədim,” deyə o, Amerikanın Səsinə bildirib.

Mayklı Maknamaranın fikirlərini paylaşan alman deputat Ute Finkx Kraemer də Azərbaycanda ifadə, toplaşma və mətbuat azadlıqları ilə bağlı ciddi problemlərin olduğunu deyib.

Amerikanın Səsinə verdiyi şərhdə xanım Finkx-Kraemer missiya daxilində “dərin fikir ayrılığının” olduğunu qeyd edib.

Bəyanat hazırlanan vaxtı orada olan 23 nümayəndədən 7-si AŞPA missiyasının bəyanatını dəyişməyə cəhd göstərdi, amma biz müvəffəq olmadıq.

“Bəyanat hazırlanan vaxtı orada olan 23 nümayəndədən 7-si AŞPA missiyasının bəyanatını dəyişməyə cəhd göstərdi, amma biz müvəffəq olmadıq,” deyə o, bildirib.

O, bir riyaziyyatçı kimi missiya nümayəndələrinin sayının seçkiləri dəyərləndirmək üçün çox kiçik olduğunu və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) dəyərləndirməsi ilə razılaşdığını qeyd edib.

Büronun seçki öncəsi bəyanatında deyilirdi ki, Bakıdan dəvətnamə aldıqdan sonra ATƏT seçkilərə ekspertlər qrupu, 30 uzunmüddətli, 350 nəfər də qısamüddətli müşahidə missiyası göndərməli idi. Amma Azərbaycanın ATƏT-dəki Daimi Missiyası ilə müzakirələrdə məlum oldu ki, Azərbaycan hakimiyyəti yalnız 6 nəfər uzunmüddətli, 125 nəfər də qısamüddətli müşahidəçi göndərilməsini tələb edir. Bakı bu tələbində israr etdiyindən, DTİHB seçki üçün Azərbaycana müşahidəçi göndərməmək qərarına gəldi.

Finkx-Kraemerin sözlərinə görə, seçkilərə müsbət rəy verən nümayəndələrdən bəziləri insan haqları sahəsində vəziyyətin pisləşməsinə məhəl qoymayaraq səsverməni irəli addım kimi qiymətləndiriblər.

İrlandiyalı deputat Maykl Maknamara Yordi Şuklanın rəhbərlik etdiyi missiyanın bütövlükdə Avropa Şurasını təmsil etməsi fikri ilə razılaşmadığını önə çəkib. Onun sözlərinə görə, Avropa Şurasının müxtəlif qurumları, o cümlədən təşkilatın baş katibi Torbyorn Yaqland dəfələrlə Azərbaycanda repressiyalar haqda fikirlərini ifadə etmiş və Azərbaycan hökumətini insan haqlarına hörmət etməyə çağırmışdır.

Ute-Finkx Kramer, Almaniya deputatı
Ute-Finkx Kramer, Almaniya deputatı

Maknamara Azərbaycan xalqına dərin rəğbətlə yanaşdığını, keçmişdə bir neçə dəfə bu ölkədə olduğunu bildirib.

“Azərbaycan gözəl ölkədir. Azərbaycan xalqı qonaqpərvər xalqdır,” deyə Maknamara Azərbaycan rəsmilərinin onu ölkənin düşməni kimi təsvir etmək cəhdlərinə reaksiya verib. “Amma bu ölkədə insan haqları pozulur.”

Azərbaycan hökumətinin lobbiçilik səylərinin Avropa siyasətçilərinə mümkün təsirlərini şərh edən Maknamara Avropa Şurasına yenicə seçildiyi vaxtlar Azərbaycan hökumətini təmsil edən lobbiçilərin ona yaxınlaşdıqlarını və ona rahat otellərdə qalmaq təklifi ilə səyahətə dəvət etdiklərini bildirib.

“Mən dedim ki, 'Bakıya getmək yaxşı olardı. Oradakı siyasi məhbuslarla görüşmək də yaxşı olardı.' Həmin məqamda söhbət tədricən bitməyə başladı. Ondan sonra bir də Azərbaycana getmək dəvəti almadım.”

XS
SM
MD
LG