Accessibility links

Obamanın İŞİD strategiyası suallarla qarşılanır


Prezident Obama G-20 sammitinin yekununda müxbirlərlə danışır. Antalya, Türkiyə. 16 noyabr, 2015

Prezident Obama G-20 sammitinin yekununda müxbirlərlə danışır. Antalya, Türkiyə. 16 noyabr, 2015

Obama G-20 sammitində

Prezident Barak Obama İslam Dövləti (İŞİD) militantlarını məğlub etmək üçün ABŞ əsgərlərindən istifadə etməyin səhv olduğunu bildirib. Daxildə və xaricdə daha sərt ABŞ strategiyasına çağırışlarla üzləşən prezidentin bəyanatı Parisdə baş verən məşum terror hadisəsindən sonraya təsadüf edir.

Türkiyənin Antalya şəhərində Böyük İyirmiliyin (G-20) sammitinin sonunda mətbuat konfransı keçirən ABŞ prezidenti İŞİD-i “şərin sifəti” adlandırıb. Barak Obama səylərin intensivləşdiriləcəyini deyib, lakin yeni strategiyaya ehtiyac olmadığını vurğulayıb.

Tutalım ki, biz Suriyaya 50,000 qoşun göndərdik. Bəs terror hücumu Yəməndən qaynaqlansa, onda necə? Biz oraya da qoşun göndərəcəyik?

Obama Paris hücumlarını "dəhşətli və ürəkağrıdan geriləmə" adlandırıb. Eyni zamanda, o, çox sayda ABŞ qüvvələrinin savaşa cəlb olunacağını istisna edib.

“Bu, təkcə mənim mövqeyim deyil. Mənim ən yaxın hərbi və mülki müşavirlərim bunun yanlış olacağını deyirlər.”

Obama ABŞ-ın İraqa müdaxiləsinə oxşar hərbi ekspedisiyaya meylli olmadığını aydın edib. “Ona görə yox ki, bizim əsgərlər Mosul, Raqqa və Ramadiyə addımlayıb, həmin əraziləri İŞİD-dən təmizləyə bilməz - ona görə ki, biz əvvəl gördüyümüzün təkrarına şahid olacağıq.”


Skeptisizm

ABŞ-da isə bəziləri prezident Obamanın strategiyasını skeptisizmlə qarşılayırlar. Demokrat Senator Dianne Feinstein İraqdakı mövcud strategiyadan narahat olduğunu bildirib.

“Mən olduqca narahatam. Mən kəşfiyyat məlumatlarını oxuyuram. İŞİD-in qarşısı alınmayıb. İŞİD genişlənir. Onları bizim ölkəmizə hücum edəcəklərinə dair video yayıblar.”

Donald Tramp və Ceb Buş, Respublikaçı prezidentliyə namizədlər

Donald Tramp və Ceb Buş, Respublikaçı prezidentliyə namizədlər

O, Fransanın NATO nizamnaməsinin beşinci maddəsinə müraciət edəcəyinə ümid bəslədiyini bildirib. Həmin maddəyə əsasən Şimali Atlantik hərbi alyansının bir üzvünə silahlı hücum bütün üzvlərə hücum deməkdir.

Konresdəki Respublikaçılar artıq uzun müddətdir ki, İŞİD-ə qarşı sərt mövqe sərgiləməyə çağırırlar.

Oklahoma ştatından Senator Frank Langford Obama administrasiyasını İŞİD-in gücünü düzgün qiymətləndirməməkdə ittiham edib.

“Biz onlara barmaqarası baxırıq. Onlar bizilə müharibədədirlər. Gərək biz buna cavab verək.”

Prezidentliyə Respubikaçı namizəd Donald Tramp ABŞ daxilində sayıqlığı artırmağa çağırıb. O, məscidlərin monitorinq edilməsini təklif edib.

Biz düşmənlərimizi başa düşməli yox, onları məhv etməliyik.

Radikal İslamı təbliğ edən məscidləri bağlayıb-bağlamayacağı haqda sualı cavablandıran Tramp bildirib:

"Mən bunu etmək istəməzdim, amma bunu ciddi şəkildə nəzərdən keçirmək lazımdır. Bunu çox sayda adamlar nəzərdən keçirir və çox adamlar bunu edəcəklər.”

Namizəd Ceb Buş Demokratların problemdən “bixəbər” olduqlarını deyib. “Biz düşmənlərimizi başa düşməli yox, onları məhv etməliyik,” deyə sabiq Florida qubernatoru bildirib.

Bu arada azı 10 ştat qubernatoru prezident Obamanın Amerikaya 10,000 suriyalı qaçqın gətirmək planını tənqid ediblər. Onlar Yaxın Şərqdən gələn və keçmişləri yoxlanılmamış miqrantların Birləşmiş Ştatlara buraxılmasının əleyhinə çıxırlar.

Bəzi amerikalılar terror təhlükəsini əsas gətirərək Suriyadakı müharibə şəraitindən çıxmış qaçqınların Amerikada yerləşdirilməsini riskli hesab edir.

Bəzi amerikalılar terror təhlükəsini əsas gətirərək Suriyadakı müharibə şəraitindən çıxmış qaçqınların Amerikada yerləşdirilməsini riskli hesab edir.

Texas ştatının qubernatoru Greg Abbott prezidentə ünvanladığı məktubda federal hökumətin "lazımi yoxlamalar" apara biləcəyinə inanmadığını bildirib.

Başqa Respubikaçı qubernator Robert Bentley deyib: "Mən Alabama ştatının vətəndaşlarını təhlükə qarşısında qoyan siyasətə tərəf ola bilmərəm."

Pennsilvaniya ştatının Demokrat qubernatoru Tom Wolf isə Suriya qaçqınlarının yerləşdirilməsi ilə bağlı federal hökumətlə əməkdaşlıq edəcəyini bildirib.

XS
SM
MD
LG