Accessibility links

Bloq: Çinin ilk kapitalistləri

  • Əsgər Möhsümoğlu

Yen Cinçanq məxfi müqaviləyə imza atmış şəxslərdən biri olub.

Yen Cinçanq məxfi müqaviləyə imza atmış şəxslərdən biri olub.

Dünyanın ikinci ən iri iqtisadiyyatına malik Çində illik 10% artım son 30 ildə normaya çevrilib. Bir vaxtlar aclıq və səfalət içində boğulan Çin özünün ildırımsürətli inkişafı sayəsində qlobal iqtisadi düzənin nəhənglərindən biri sayılır. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada satılan məhsulların əksəriyyəti Çində istehsal edilməsin. Hazırda neft qiymətlərinin ucuzlaşması və bir sıra ölkələrdə müşahidə olunan böhran da məhz bu tempin yavaşıması ilə izah olunur. Amma bu bloq Çin iqtisadiyyatının hazırda üzləşdiyi yavaşımadan yox, Çin iqtisadi möcüzəsinin əsasları, onun başlanğıc nöqtəsi haqdadır. Totalitar kommunist rejim ifrat yoxsulluğun daşını necə atdı? Proses necə başladı?

“Heç kimin heç nəyi yox idi. Kommunist partiyası rəsmiləri ilə iclas zamanı bir fermer “Bəs ağzımdakı dişlər necə, onlara sahibəmmi?” soruşanda, yerli kommunist bossun cavabı “Xeyr, onlar da kollektivə məxsusdur!” olmuşdu.

“1978-ci ildə Şiaoqanq adlı kiçik kənddə fermerlər palçıqdan yapılmış daxmada bir araya gələrək gizli müqavilə imzaladılar. Onlar düşündürülər ki, buna görə edam edilə bilərlər. Əvəzində, bu addım Çin iqtisadiyyatını fundamental şəkildə dəyişdi,” ABŞ Milli İctimai Radiosunun (NPR) jurnalisti David Kestenbaum yazır. “Müqavilənin bu dərəcədə riskli olmasına səbəb o idi ki, Çin həmin vaxt kommunizmin ən yüksək dövrünü yaşayırdı. Hamı kolxozda işləyirdi – şəxsi mülkiyyət yox idi.”

“Heç kimin heç nəyi yox idi,” deyə Şiaqonqda kolxozçulardan biri olan Yen Cinqçanq həmin vaxt hətta saman çöpünün də kolxoza məxsus olduğunu xatırlayır. Kommunist partiyası rəsmiləri ilə iclas zamanı bir fermer “Bəs ağzımdakı dişlər necə, onlara sahibəmmi?” soruşanda, yerli kommunist bossun cavabı “Xeyr, onlar da kollektivə məxsusdur!” olmuşdu.

Çinin ilk kommunist rəhbəri Mao Zedunqun yürütdüyü iqtisadi siyasət ölkədə kütləvi aclığa və milyonlarla adamın məhvinə səbəb oldu.

Çinin ilk kommunist rəhbəri Mao Zedunqun yürütdüyü iqtisadi siyasət ölkədə kütləvi aclığa və milyonlarla adamın məhvinə səbəb oldu.

Kimin nə qədər işləməsindən asılı olmayaraq hamıya eyni tale nəsib idi. Məhsul ildən-ilə azalır, səfalət girdabı dərinləşirdi. Kəndin özündə ərzaq daim qıt idi. Fermerlər çox vaxt dilənmək üçün başqa kəndlərə üz tuturdular, halbuki o birilərin də durumu elə təqribən eyni idi. Uşaqlar ac idi, böyüklərsə aciz. Bıçaq sümüyə dirənmişdi. Nəsə etmək lazım idi.

Pıçıltılı müzakirələrdən sonra verilən qərar bu oldu ki, kollektiv təssərüfat üsulundan imtina edilsin. Hər bir kəndli fermanın müəyyən kəsimini əkib-becərməyi öz üzərinə götürməyə razı oldu. Kolxozun öhdəliyindən əlavə qalan məhsul kəndlinin özünə düşəcəkdi.

Gündəlik rituallara öyrəşmiş insanlar daim innovatorluq, təşəbbüs, yenilik, yüksək enerji tələb edən iqtisadi mexanizmdən psixoloji olaraq yorulur, əsəb keçirirlər. Diktə altında yaşamağın vəd etdiyi sabitlik ilğımı rəqabətcil təssərüfatçılığın risklərindən daha cəlbedici görünür.

Əslində, ideyada yeni heç nə yox idi. Amma o zaman Çin kimi yerdə bu fikri dilə gətirmək son dərəcə təhlükəli idi. “Həmin vaxt heç kəsdə elektrik işığı yox idi, Amma bilirdik ki, bu ideya elektrik cərəyanı kimi bir şeydir. Ona toxunanı öldürə bilər,” müqavilənin əsas müəllifi Yen Honqçanq xatırlayır. Müqaviləni imzalayan kəndlilər qərar verdilər ki, işin üstü açıldığı təqdirdə onlardan hansı birisə həbs yaxud edam olunsa yerdə qalan fermerlər onun ailəsinə baxmağa yardım etsinlər.

Növbəti gün kolxozçular fermaya gələndə, qarşıda yeni bir mənzərə canlanmışdı. Görüntü eyni görüntü idi. Amma həvəs bambaşqa. “Müqavilədən öncə kəndlilər üzüntü ilə iş gününün açılışını elan edən fitin çalınmasını gözləyər, özlərini zorla fermaya sürüyərdilər. Ancaq müqavilədən sonra kəndlilər əkin sahəsinə dan yeri ağarmazdan öncə gəlməyə başladılar,” Kestenabum yazır. “Hamı rəqabət aparırdı. Hamı gizlində başqasından daha çox məhsul becərməyə can atırdı,” Cinqçanq xatırlayır.

Mövsümün sonu ortaya inanılmaz nəticə qoydu. Fermerlərin bircə mövsüm ərzində becərdikləri məhsulun həcmi ötən beş ildə becərilmiş məhsuldan daha çox idi. Rəqəmlər ifrat dərəcədə aşağı göstəricilərə öyrəşmiş yerli kommunist rəsmiləri şoka salmışdı. Artıq günahkar axtarışı başlanmaq üzrə idi. Amma xoşbəxtlikdən fermerlərin tərəfində iqtisadiyyatı kökündən dəyişməyi düşünən qüdrətli bir şəxsiyyət var idi. Müasir Çin iqtisadiyyatının əsasını qoyacaq Den Şiaopinq hakimiyyətə yenicə gəlmişdi. Şiaoqanq fermerlərini cəzalandırmaq əvəzinə Çin dövlətinin yeni rəhbəri onları cəmiyyət üçün nümunəyə çevirməyə qərar verdi.

İqtisadi islahatlar sayəsində müasir çinlilər daha yaxşı yeyir, daha yaxşı yaşayırlar.

İqtisadi islahatlar sayəsində müasir çinlilər daha yaxşı yeyir, daha yaxşı yaşayırlar.

“Əgər pişik siçanı tutursa, onun ağ yaxud qara olmasının fərqi yoxdur,” deyə müasir Çinin atası iqtisadi fəlsəfəsini izah edərdi. Sələflərindən fərqli olaraq yeni lider anlayırdı ki, insan təbiətini inkar edən, onu boğan doqma ilə cəmiyyətin rifahına xidmət etmək olmaz. Zatən kommunizmin Çini haraya gətirib çıxardığını görmək xüsusi istedad tələb etmirdi. Dünyada ən çox əhalisi olan ölkə dünyanın ən yoxsul, ən geridəqalmış ölkələrindən biri idi.

“Kənd təssərüfatında aparılan dekollektivizasiya Çin xalqına bir iqtisadi azadlıq ruhu gətirdi,” Kommunizmin Qurbanları adlı vebsayt yazır. “Bazar qiymətləri yuxarıdan aşağı hesablanmış, inzibati amirlik sistemin üzərində təşəkkül tapmış səmərəsiz bazarları təbii təlabata əsaslanan yeni bazarlarla əvəzlədi. Dövlətə məxsus müəssisələrin əksəriyyəti özəlləşdirildi, və sahibkar ruhlu fərdlərə bizneslər açmağa icazə verildi. Hərçənd ki, dövlətə məxsus müəssisələri özəlləşdirməklə bir çox dövlət və partiya rəsmiləri öz oliqarx statuslarını qoruyub saxladılar, həyata keçirilən islahat sayəsində 500 milyon çinli kasıblığın daşını ata bildi. İstehlakçı təlabatına cavab verən sərbəst bazarın şərtləri altında işləyən post-1978-ci il iqtisadiyyatı 50-ci, 60-cı illərin yoxsuzluğu ilə kəskin təzad təşkil edirdi.”

Azad bazarın sahmansızlığı müəyyənliyi sevən insanlarda bəzən ruh düşklünlüyü yaradır. Gündəlik rituallara öyrəşmiş adamlar daim innovatorluq, təşəbbüs, yenilik, yüksək enerji tələb edən iqtisadi mexanizmdən psixoloji olaraq yorulur, əsəb keçirirlər. Diktə altında yaşamağın vəd etdiyi sabitlik ilğımı rəqabətcil təssərüfatçılığın risklərindən daha cazibədar görünür. Amma dövlət nəzarətindən və yarıtmaz iqtisadi düzəndən cana doymuş bir qrup fermerin 1978-ci ildə nümayiş etdirdiyi kimi, bəzən riskin ən təhlükəlisi riskə getməməkdir. Winston Churchillin təbirincə desək, onlar üçün seçim azadlığın fərqli miqdarlarda bəxş etdiyi nemətlərlə etatizmin bərabər şəkildə payladığı zəlalət arasında idi.

XS
SM
MD
LG