Accessibility links

Bloq: Tarixlə rəftar

  • Əsgər Möhsümoğlu

Fəhlələr Sankt Peterburqun banisi olan Böyük Pyotrun heykəlini təmizləyirlər.

Fəhlələr Sankt Peterburqun banisi olan Böyük Pyotrun heykəlini təmizləyirlər.

“Keçmiş xarici ölkədir, orada hər şey fərqli olur,” britaniyalı yazıçı L.P. Hartley müşahidə etmişdi. Tarix üzrə təhsil alarkən professorlarımızın bizə haqqında daim xəbərdarlıq etdikləri cərəyan “presentism”, yəni “indiçilik” adlanırdı. İnsanların keçmişə indiki meyarlarla baxması, keçmişi hazırkı parametrlərlə ölçməsi problemdir. Çünki bu cür yanaşma keçmişi düzgün anlamamaqla, onu səhih qiymətləndirməməklə yanaşı, əvvəl-axır onun təhrif olunmasına gətirib çıxarır. Ona görə də peşəkar tarixçinin başlıca vəzifəsi hazırkı dövrün mədəni-mənəvi-siyasi eynəyini bir kənara qoyaraq keçmişə öz kontekstində baxmaq, peşə fəaliyyətində müasir tarix elminin atası Leopold von Rankenin məşhur wie es eigentlich gewesen” (necə olubsa, elə) tövsiyəsini rəhbər tutmaqdır.

Amerikalılar öz tarixlərinə ruslardan fərqli baxırlar. Onların öz tarixlərində fəxr etmədikləri məqamlar çoxdur, amma amerikalılar bu məqamları tarixdən silib-süpürmək əvəzinə, şər elementlərə qarşı necə mübarizə aparıldığını, onların necə yenildiyini, yaxud yenilmədiyini araşdırırlar.

Keçmişi olduğu kimi rekonstruksiya etmək, bütün əgər-əksikləri ilə onu indinin hakim baxışlarından aralıda təhlil etmək insanlara həm keçmişləri, həm də indiləri haqda daha obyektiv təsəvvür əldə etməyə yardım edir. Bəlkə də elə bu səbəbdən, dünyanın bəzi məkanlarında tarix avtoritar təmayüllü rejimlərin əsas hədəflərindən biri olur və təhrif olunmuş tarix rejimin əlində öz maraqlarını təmin etmək üçün sıradan bir alətə çevrilir.

Amerikalı politoloq Paul Goble-un xülasəsini təqdim etdiyi Vladislav İnozemtsevin bu yaxınlarda “Yaddaşda Silinmələr” adlı məqaləsi Rusiyada üzləşilən situasiyanın doğurduğu problemlərə işıq salır. Ruslar özlərini başqa ölkələrlə, ələlxüsus Birəşmiş Ştatlarla daim müqayisə etməyi sevirlər, İnozemtsev yazır. Amma bir qayda olaraq onlar diqqəti milli yaddaşdakı kritik problemə yox, iqtisadi, hüquqi və inanc sistemlərindəki fərqlərə yönəldirlər. İnozemtsevin fikrincə, rusların və amerikalıların öz keçmişlərinə baxışları arasındakı fərq bu iki ölkənin fərqli təkamül kursları haqda geniş təsəvvür yaradır.

Stalinin hakimiyyəti dönəmində repressiyaya məruz qalmış sabiq partiya və dövlət xadimlərinin bütün izlərinin rəsmi sənədlərdən silinməsi normaya çevrilmişdi.

Stalinin hakimiyyəti dönəmində repressiyaya məruz qalmış sabiq partiya və dövlət xadimlərinin bütün izlərinin rəsmi sənədlərdən silinməsi normaya çevrilmişdi.

“Amerikalılar öz tarixlərinə ruslardan fərqli baxırlar. Onların öz tarixlərində fəxr etmədikləri məqamlar çoxdur, amma amerikalılar bu məqamları tarixdən silib-süpürmək əvəzinə, şər elementlərə qarşı necə mübarizə aparıldığını, onların necə yenildiyini, yaxud yenilmədiyini araşdırırlar." Nümunə olaraq İnozemtsev Vaşinqton şəhərinin mərkəzində mövcud olan Amerikalı Hinduların Muzeyini qeyd edir. “Təsəvvür edin ki, Moskvada, rusların Şimali Qafqazda 19-cu əsrdə apardıqları müharibəni, yaxud 1944-cü ildə çeçenlərin və Krım türklərinin deportasiyasını əks etdirən muzey var,” o yazır. Elə həmin məkanda ABŞ-da vətəndaş hüquqları hərəkatının lideri olmuş və buna görə basqılarla üzləşmiş afro – amerikalı Martin Lüter Kinqin heykəli ucaldılıb. “Təsəvvür edin ki, Qırmızı Meydanda Andrey Saxarova belə bir heykəl qoyulub,” İnozemtsev davam edir.

Tarixi şəxsiyyətlərin əsas funksiyaları sələfləri ilə haqq-hesab çürütmək olmayanda, onda tarixi yenidən yazmağa, təhrif etməyə də lüzum qalmır.

Bu siyahı təkcə irqi, yaxud etnik azlıqların şərəfləndirilməsi ilə məhdudlaşmır. Vaşinqtonun mərkəzində və ümumiyyətlə Amerikanın bir çox guşələrində I və II Dünya Müharibələri, eləcə də Koreya, Vyetnam və başqa müharibələrə dair abidələr var ki, bunlardan bəzilərinə amerikalıların toplum olaraq münasibətləri birmənalı deyil. “Bəs ruslar Əfqanıstan müharibəsinə dair oxşar abidə ucalda bilərlərmi?” İnozemtsev sual edir.

ABŞ paytaxtı Vaşinqtonun mərkəzində vətəndaş haqları lideri Martin Lüter King Jr-un heykəli.

ABŞ paytaxtı Vaşinqtonun mərkəzində vətəndaş haqları lideri Martin Lüter King Jr-un heykəli.

Onun sözlərinə görə, ruslar çox vaxt qədim tarixlərindən danışır, onun yüz illərlə yaşı olduğunu vurğulamağı sevirlər. Ruslardan fərqli olaraq amerikalılar tarix haqda daha az danışırlar, amma onlar bu tarixi daha yaxşı qoruyub-saxlayırlar, çünki onlar tarixi ideologiya ilə qarışdırmırlar. Bu yanaşma onlara tarixin fərqli məqamlarını bölmək əvəzinə, onları millətin keçmişi haqda hekayə xəttinə inteqrasiya etmək imkanı verir.

“Əlbəttə ki, tarixin amerikalılar tərəfindən milli vəhdəti qorumaq, insanların unikal, qüdrətli bir ölkəyə mənsubiyyət hisslərini gücləndirmək üçün istifadə edilmədiyini irəli sürmək absurd olardı,” İnozmetsev bildirir. “Amma Amerika tarixində az xalis mənfi şəxsiyyət var ki, onlar milləti iki düşərgəyə bölmüş olsun. Bir çox Amerika prezidentləri hakimiyyəti populyarlığı itirmiş halda tərk edib, amma amerikalılar bu liderləri milli keçmişdən xaric etmirlər. “Tarixi şəxsiyyətlərin əsas funksiyaları sələfləri ilə haqq-hesab çürütmək olmayanda, onda tarixi yenidən yazmağa, təhrif etməyə də lüzum qalmır.”

Bəziləri tərəfindən “anti-müharibə bəyanatı” kimi qiymətləndirilən, 21 yaşlı asiyalı-amerikalı Maya Linin dizayn etdiyi Vyetnam Müharibəsinə həsr olunmuş abidə ilkin çağlarında qızğın mübahisələrə yol açsa da, sonradan möhtəşəm ziyarətgaha çevrildi.

Bəziləri tərəfindən “anti-müharibə bəyanatı” kimi qiymətləndirilən, 21 yaşlı asiyalı-amerikalı Maya Linin dizayn etdiyi Vyetnam Müharibəsinə həsr olunmuş abidə ilkin çağlarında qızğın mübahisələrə yol açsa da, sonradan möhtəşəm ziyarətgaha çevrildi.

Rusiyada isə başqadır. Hər yeni lideri özündən əvvəlki sələfi qaralamağı özünə borc bilir və bəzən onu tarixdən büsbütün silməyə çalışır. Bu yanaşma isə təkcə milləti parçalamır, eləcə də hər nəslin gələcəyə baxışını dəyişir. Belə ki, onlar eyni şeyin başlarına gələcəyindən qorxurlar. Bəzi ruslar tarixə bu “ağ-qara” yanaşmasından uzaqlaşmağa çalışırlar, ancaq sonda çoxları hər yeni Rusiya liderinin öz maraqlarına uyğun şəkildə icad etdiyi yeni tarixlə ayaqlaşmalı olur, ən yaxşı halda beyni tarix adına sırf siyasi təbliğatla doldurulan nəsli maarifləndirməyə çalışırlar.

Daha böyük problem isə ondadır ki, sələfə bəslənilən bu yırtıcı münasibət liderləri öz xalqlarına sevgidən soyudur. Hər bir yeni lider anlayır ki, hakimiyyətdən getdikdən sonra növbəti lider onu ən azı tarix kitablarında yıxıb-sürüyəcək, haqqında olmazın hədyanlarını yazdıracaq. “Pulların ofşor hesablara yığılması, xalqın ehtiyaclarının qulaqardına vurulması da elə bu anlayışdan qaynaqlanır.” Liderlər ölkəyə vətən kimi yox, təsadüfən idarəçiliyi əllərinə keçmiş coğrafi məkan, bir obyekt kimi baxırlar. Əksər sələfləri kimi onlar da hakimiyyətdə təsadüfi adamlardır. Əslində Amerika, yaxud bir başqası ilə yarışmaq, yaxud onu ötmək yersiz söhbətdir. Nə qədər ki, rusların öz keçmişlərinə münasibəti dəyişməyib, onların gələcək üçün perspektivləri də dəyişməz qalacaq, İnozemtsev müşahidə edir.

XS
SM
MD
LG