Accessibility links

Bloq: Bilik iddiası

  • Əsgər Möhsümoğlu

Fridrix Auqust von Hayek (1889-1992), Avstriya İqtisadi Məktəbinin banisi, azad bazar prinsiplərinin ən qüdrətli intellektual müdafiəçilərindən biri olub.

Fridrix Auqust von Hayek (1889-1992), Avstriya İqtisadi Məktəbinin banisi, azad bazar prinsiplərinin ən qüdrətli intellektual müdafiəçilərindən biri olub.

1974-cü ildə Fridrix A. Hayek iqtisadiyyat üzrə Nobel mükafatını qəbul edərkən nitq söylədi. “Pretense of Knowledge” – “Bilik İddiası” adlanan bu nitq Nobel mükafatları təqdimatı tarixinə ən yaddaqalan çıxışlardan biri kimi düşdü. Ömrünü hökumətin iqtisadiyyatı büsbütün idarə edə biləcəyini iddia edənlərə qarşı mübarizəyə həsr etmiş iqtisadçı bu nitqdə azad bazar sisteminin fəlsəfəsini o vaxtadək heç kimin bacara bilmədiyi şəkildə əsaslandırmağa nail oldu. Cəmiyyətin üzləşdiyi iqtisadi problemlərin öhdəsindən gəlməsi üçün hökumətin kifayət qədər dərrakəyə və qabiliyyətə malik olmadığını və bunun sırf nəzəri baxımdan qeyri-mümkün olduğunu izah edən Hayek əslində sosializmin iflasını proqnozlaşdıran ilk adamlardan idi. İqtisadiyyatla maraqlanan hər bir şəxsin oxuması tövsiyə edilən Təhkimçiliyə Gedən Yol kitabının müəllifi əmin idi ki, vətəndaşların gündəlik iqtisadi təlabatlarını ödəmək üçün hökumətə arxalanmaq perspektivsiz xəyaldır.

“İqtisadi siyasətdə üzləşilən uğursuzluqların əsasında “elmi” münasibət dayanır – biz çalışmışıq ki, iqtisadiyyatı fizika ilə eyniləşdirək,” Hayekin mürəkkəb terminolgiyalarla dolu nitqini sadə şəkildə izah edən Neil Chilson incələyir. “Amma iqtisadiyyat fizika deyil, və bunun üç səbəbi var.”

Hərçənd ki, biz işsizliyin səbəbini bilirik, iqtisadçılar işsizliyi aradan qaldıracaq düzgün qiymət və maaş səviyyəsini diktə etməkdə acizdirlər.

“Əvvəla fizika və başqa təbiət elmlərindən fərqli olaraq iqtisadçıların ölçməyə çalışdıqları kriteriyalar əhəmiyyətsiz ola bilər,” Chilson yazır. Çox vaxt iqtisadçılar kriteriyaları daha mühüm yox, daha asan olduqlarına görə araşdırırlar. Elə kriteriyalar ki – və onların sayı kifayət qədər çoxdur – ölçmək çətin ya qeyri-mümkündür, və iqtisadçılar onlardan uzaq dururlar. Misal olaraq, alınan əmtəə yaxud xidmətlər və ümumi işlilik faizləri çox vaxt təhlil üçün əsas götürülür. Belə güman edilir ki, bu iki kriteriya bir-biri ilə sıx bağlıdır. Həmin bağlılıqdan doğan qənaət o olur ki, işsizliyin qarşısını almaq üçün xidmətlərə və əmtəəyə olan təlabatı artırmaq lazımdır. Ekspertlər vəziyyəti yaxşılaşdırmaq üçün xilaskar qismində hökumətə baxır və onun bazara pul doldurması ilə istehlakçı təlabatını artırmağa çağırırlar. Halbuki, nə vaxtsa həmin bu pul axını dayananda, işsizliyin yenidən qalxması labüd olur.

İnsanların davranışını atomların davranışı kimi proqnozlaşdırmaq mümkün deyil.

İnsanların davranışını atomların davranışı kimi proqnozlaşdırmaq mümkün deyil.

İkincisi, iqtisadçılar proqnoz verməyə meylli olsalar da, fiziklərdən fərqli olaraq konkret nəticələr diktə edə bilmirlər. Ümumlikdə bilirik ki, iqtisadi artım istehlakçı təlabatının artması və bunun ardınca istehsalatın artmasına bağlıdır. O da aydındır ki, işsizlik qiymət və maaşların təhrif olunmasına işarə edir və onu aradan aldırmaq üçün nisbi qiymətlərdə və əməkdə dəyişiklik vacibdir. “Hərçənd ki, biz işsizliyin səbəbini bilirik, iqtisadçılar işsizliyi aradan qaldıracaq düzgün qiymət və maaş səviyyəsini diktə etməkdə acizdirlər,” Chilson yazır. Fiziklər hər atomun təcil və sürətini ölçməyə borclu deyillər. Onlar atomların ümumi davranışını araşdıraraq yekun qənaətə gələ bilərlər. Lakin iqtisadçıların təhlil obyekti insanlar və daha kompleks varlıqlardır. Və bu təhlilin toplumun milyonlarla müxtəlif aspektləri haqda məlumat itirməməsi qeyri-mümkündür. İnsan zərrəcik deyil. İnsan toplumunu atom toplumu ilə müqayisə etmək də olmaz, Chilson filosof Hayekin fikrini izah edir. “Bazarın möcüzəsi ondadır ki, o, müxtəlif növ fərdlərin davranışlarını elə bir şəkildə tənzimləyir ki, hansısa bir beyində bu informasiyanın toplanması, hesablanması qeyri-mümkündür.”

Əgər biz oyunun qaydalarını bilməklə yanaşı hər bir oyunçunun matçın hər anında tam əhval-ruhiyyəsini, başında dolaşan fikirləri, fiziki durumunu və qabiliyyət səviyyəsini bilsək, onda nəticəni müəyyən dəqiqliklə proqnozlaşdıra bilərik. Amma, əlbəttə ki, bunu bilmək qeyri-mümkündür.

Üçüncü səbəb də əvvəl qeyd olunan iki səbəblə bağlıdır: İqtisadi proqnozları sınaqdan keçirmək üçün lazım olan informasiyanı toplamaq bəşər övladının iqtidarı xaricindədir. Elmi metod bu faktorları toplamağa heç cür yardım edə bilməz. Misal üçün, futbol oynunu götürək. Əgər biz oyunun qaydalarını bilməklə yanaşı hər bir oyunçunun matçın hər anında tam əhval-ruhiyyəsini, başında dolaşan fikirləri, fiziki durumunu və qabiliyyət səviyyəsini bilsək, onda nəticəni müəyyən dəqiqliklə proqnozlaşdıra bilərik. Amma, əlbəttə ki, bunu bilmək qeyri-mümkündür. Bu, o demək deyil ki, oyunu proqnozlaşdırmaq mənasızdır. Əgər belə olsaydı, idman lotosu deyilən şey olmazdı. O biri tərəfdən, əgər Hayekin izah etdiyi kimi tam bilik toplamaq imkanı olsaydı, onda idman üzrə ekspertlər hamısı milyarder olardılar.

Hayekin nəzəriyyəsi praktikada – Amerikada supermarket.

Hayekin nəzəriyyəsi praktikada – Amerikada supermarket.

Hayekin bu fikirləri bəzilərinə aksiom kimi görünə bilər, ancaq 1970-ci illər və ümumiyyəltə XX əsrin böyük kəsimi dövlətin iqtisadiyyat üzərində mütləq nəzarətə malik olduğunu təsbit edən nəzəriyyənin hökmranlıq etdiyi vaxtlar idi. Hayek azad bazar prinsiplərini müdafiə edəndə, onun başlıca hədəfi iqtisadçı-filosof Con Meynard Keynesin davamçıları idi. Etatizmin yetirmələri makro iqtisadiyyatı mikro-menecment vasitəsilə tənzimləməklə tam işliliyi, iqtisadi artımı, və bazarın sabitliyini təmin edə biləcəklərinə əmin idilər. “Hökumət bir qrup adama pul verib onlara quyu qazıdrmalı, o biri qisminə isə pul verib quyunu doldurtmalıdır,” deyə Keynes qısa dönəmdə hökumətə işsizliyi aradan qaldırmağın sadə yolunu tövsiyə edirdi. Belə ki, “uzaq dönəmdə, onsuz da hamımız öləcəyik.” Britaniyalı alim iqtisadi bəlaların həll yolunu aqreqat təlabatı artırmaqda görürdü. Problem bu idi ki, Qərbdə bir çoxları bu fikirlə razılaşır və onu praktikada vətəndaşlar üzərində sınaqdan keçirməkdə qərarlı idilər.

Hələ ən yaxşı vaxtlarında SSRİ-də kibritdən tutmuş sabunadək elementar məişət mallarında periodik qıtlıqlar yaşanırdı.

Əslində hökumətin iqtisadiyyat üzrərində total nəzarətinin iflasa uğradığını görmək üçün Sovet İttifaqı və başqa kommunist dövlətlərin təcrübəsinə baxmaq kifayət edərdi. Hələ ən yaxşı vaxtlarında SSRİ-də kibritdən tutmuş sabunadək elementar məişət mallarında periodik qıtlıqlar yaşanardı. Bu qıtlıqların arxasında Qosplan adında bütün sovet iqtisadiyyatını tənzimləməyi öz üzərinə götürmüş nəhəng bir qurum dayanırdı. Həmin təsisatda çalışan adamlar Hayekin qeyri-mümkün hesab etdiyi biliyi əldə etməyə çalışır və bu natamam biliyə əsaslanaraq təlabatı və daha sonra təchizatı müəyyən etməyə çalışırdılar. Nəticələr isə göz qabağında idi. Deyilənə görə, Sovet İttifaqında ələlxüsus qadın gigiyenasına məxsus malların çatışmazlığının sadə səbəbi planlaşdıran adamların əsasən kişilərdən ibarət olması idi.

Holodomor: Stalinin silah gücünə başlatdığı kollektivizasiya- kolxozlaşdırma siyasəti nəticəsində 1932-33-cü illərdə təkcə Ukraynada — Şərqi Avropanın çörək zənbili kimi tanınmış məkanda — 5 milyon adamın acından öldüyü təxmin edilir.

Holodomor: Stalinin silah gücünə başlatdığı kollektivizasiya- kolxozlaşdırma siyasəti nəticəsində 1932-33-cü illərdə təkcə Ukraynada — Şərqi Avropanın çörək zənbili kimi tanınmış məkanda — 5 milyon adamın acından öldüyü təxmin edilir.

Leonid Brejnev hakimiyyətinin bəzi illərini çıxmaq şərtilə Sovet İttifaqı yaranan gündən bəri aclıq və səfalət kommunist dövlətində norma idi. Vladimir Leninin idarəçiliyindən başlayaraq Nikita Xruşçev devrilənədək sovet vətəndaşları üçün nəinki ət-yağ, hətta adi çörək əldə etmək belə problem idi. Təbii ki, ən ağır dövr etatizmin absurd həddə çatdığı Stalin dönəmi idi. İosif Stalinin az qala 30 il sürən hakimiyyəti dönəmində münbit torpaqlar üzərində yaşayan insanlar aclıq keçirir, onlardan milyonları bu səbəbdən ölürdü. Sanki vətəndaşlarının böyük kəsimini qırmağı qarşısında məqsəd qoymuş sovet diktatoru “kulak” və “spekulyant” damğası altında cüzi pul qazanmağa, çox vaxt isə sadəcə özünü dolandırmağa çalışan milyonlarla adamı güllələtdirirdi. “Canımızda Nikolayın yağı var” ifadəsi məhz sovetlərdən qabaqkı çar dövrünün, həmin dövrün nisbi bolluğunun xiffətini çəkən və övladlarının bərbad durumuna acıyan nəslin sentimentlərini əks etdirirdi.

Prezident Ronald Reyqan: “Hökumətin iqtisadiyyata baxışını bir neçə kəlmə ilə ifadə etmək olar. Tərpənirsə, vergi tut. Tərpənməkdə davam edirsə, nizamla. Əgər dayanıb tərpənmirsə, onda subsidiyalaşdır.”

Prezident Ronald Reyqan: “Hökumətin iqtisadiyyata baxışını bir neçə kəlmə ilə ifadə etmək olar. Tərpənirsə, vergi tut. Tərpənməkdə davam edirsə, nizamla. Əgər dayanıb tərpənmirsə, onda subsidiyalaşdır.”

Çoxlarına tanış gələn “Şərikli Çörək”, “Bizim Cəbiş Müəllim” filmlərində bu yoxsuzluq müharibə illərinin bəlası kimi təsvir olunur. Halbuki, müharibədən əvvəl və sonrakı illərdə də sovet vətəndaşları minimum yaşayış standartlarından məhrum idilər. İfrat səfalətin dinamikasını elə “Bizim Cəbiş Müəllim” filmində azad bazarın qaba təmsilçisi kimi təqdim olunan Əliağa Ağayevin canlandırdığı Əbülfəzin obrazında görmək olar. Adam totalitar hökumətin dəmir yumruğu altında əzilən cəmiyyətdə böyük ehtiyac duyulan sabun bişirtdirib satmaqla pul qazanmağa çalışır. Sovet hökumətinin gözündə isə hansısa bir müsbət təşəbbüslə çıxış edən, dövlətin verə bilmədiyi neməti bəxş edən, cəmiyyətin ehtiyacını ödəməyə, eyni zamanda öz həyatını yaxşılaşdırmağa çalışan bu şəxs möhtəkirdir, cinayətkardır.

Sovet dövlətinin qurucuları (və onların çağdaş davamçıları) dövlətin cəmiyyəti hərtərəfli şəkildə idarə etmək iqtidarında olduğunu irəli sürən məktəbin tələbələri idi. Əksəriyyəti yoxsul zümrədən çıxmış bu adamlarda dövlətin gücünə hədsiz inam, öz bacarıqlarına ifrat arxayınlıq var idi. Problem onda idi ki, həmin bu adamlar idarə etdikləri toplumun da böyük hissəsinə bu ilk baxışdan cəlbedici inamı təlqin edə bilmişdilər. İnsan toplumunu hökumətin aldadıcı cazibəsinə uymamağa çağıran mərhum ABŞ prezidenti Ronald Reyqan deyərdi ki, ingilis dilində iki ən təhlükəli cümlə bunlardır: “Mən hökumətdən gəlmişəm. Sizə necə yardım göstərə bilərəm?” Libertar düşüncənin daşıyıcısı olan Reyqan dövlət apparatının əhəmiyyətini dərk edirdi. Əks halda, o, prezident olmaz və ümumiyyətlə bu vəzifəyə can atmazdı. Eyni zamanda o, ustadı Hayek kimi dərk edirdi ki, hökumətin cəmiyyətdə oynadığı başlıca rol insanların özləri üçün görə bildikləri işi görmək yox, qaş düzəldən yerdə gözü vurub çıxarmaq yox, mülkiyyət hüquqlarını rəhbər tutaraq sərbəst rəqabət üçün optimal şərait yaratmaqdır. “Cəmiyyəti elmi metodla formalaşdırmağa çalışan insanları həqiqət daim məyus edəcək,” Chilson Hayekin fikrini tamamlyaır. “Cəmiyyətə nəzarət etmək üçün elmə arxalanmaq insanı tirana çevirəcək və sivilizasiyanın dağılmasına gətirib çıxaracaq – o sivilizasiyanın ki, o, bir beyinin yox, milyonlarla fərdin azad səy və təşəbbüslərinin məhsuludur.

Show comments

XS
SM
MD
LG