Accessibility links

"Ərdoğanın Türkiyədə etdikləri demokratiya üçün pisdir"


Bosfor Körpüsündə təslim olan əsgər özünü hücum edən kütlədən qorumağa çalışır. İstanbul, Türkiyə. 16 iyul, 2016.
Bosfor Körpüsündə təslim olan əsgər özünü hücum edən kütlədən qorumağa çalışır. İstanbul, Türkiyə. 16 iyul, 2016.

Stanford Universiteti nəzdində yerləşən Hoover İnstitutunun tədqiqatçısı və Milli Təhlükəsizlik Şurasında Müdafiə Strategiyasının sabiq direktoru Kori Şaker Amerikanın Səsinə müsahibədə Türkiyədə çevriliş cəhdi və onun ardınca baş verən olayları dəyərləndirib. Ekspertin sözlərinə görə Türkiyədə cərəyan edən siyasi proseslər demokratik dəyərlərin gələcəyini sual altına qoyur.

Amerikanın Səsi: Çevriliş cəhdinin iflasa uğramasını Türkiyə rəhbərliyi və başqa xarici hökumətlər demokratiyanın qələbəsi kimi dəyərləndirib. Siz bu dəyərləndirmə ilə razısınızmı?

Dr. Kori Şaker
Dr. Kori Şaker

Kori Şake: Səmimi desəm, mən bu dəyərləndirmə ilə razılaşmaqda tərəddüd edirəm. Mən razılaşıram ki, seçilmiş hökuməti hərbi yolla devirmək demokratiya üçün pisdir. Amma mən Rəcəb Tayyib Ərdoğan hökumətinin çevriliş cəhdinə cavab olaraq əl atdığı tədbirlərdən də son dərəcə narahatam. Türkiyədə hazırda 6,000 adam həbs olunub. 68,000 adam şəxsi həyatda yaxud peşə fəaliyyətində ciddi fəsadlarla üz-üzə qalıb. Adamlar işdən qovulur, dindirilir. Güman etmirəm ki, çevriliş cəhdi bu qədər adamı əhatə etmiş olsun. Prezident Ərdoğanın toru bu qədər geniş atması demokratiya üçün təhlükəlidir. Bəli, çevriliş cəhdi demokratiya üçün pis idi, amma Ərdoğanın buna cavabı da demokratiya üçün pisdir.

Amerikanın Səsi: Türkiyə rəhbərliyi Fətullah Gülən və onun başçılıq etdiyi hərəkatı çevrilişin müəllifləri olmaqda ittiham edir. Bu ittihamlar nə dərəcədə həqiqətə uyğundur? Burada ABŞ rəhərliyinə qarşı dolayı bir ittiham varmı?

Kori Şake: Mən deyərdim ki, ittiham birbaşadır. Prezident Ərdoğan, baş nazir və başqa türk rəsmiləri deyiblər ki, əgər biz Güləni ekstradiysa etməsək, onda bu çevriliş cəhdi ilə əlaqəliyik. Fikrimcə bu ittiham hiddətləndiricidir. Amerika hökuməti Gülənin bu məsələdə əli olduğuna dair dəlil istəyib. Mən əminəm ki, əgər belə bir dəlil varsa - o həqiqətən də ABŞ-a müttəfiq ölkənin hökumətini devirmək üçün qəsd planı hazırlayıbsa - onda biz onu təhvil verəcəyik.

Amerikanın Səsi: Türk ordusu ənənəvi olaraq Müstafa Kamal Atatürkün qurduğu dünyəvi siyasi düzənin keşikçisi kimi tanınıb. Çevriliş cəhdinin iflasa uğramasından sonra demək olarmı ki, o, bu rolu əbədi itirib, yaxud Türkiyə siyasətini formalaşdırmaq imkanı artıq yoxdur?

Türk xalqı dəfələrlə aydın edib ki, onlar mötədil islamçı hökumət istəyirlər.

Kori Şake: Hesab edirəm ki, ordu bu rolu çevriliş cəhdindən əvvəl də itirmişdi. Demokratiyaya doğru proqres və təmsilçili hökumət ideyasının ayaq tutması hökumətin islamlaşmasına gətirib çıxarırdı. Türk ordusu həmişə bu tendensiyaya qarşı çıxıb. Lakin türk xalqı dəfələrlə aydın edib ki, onlar mötədil islamçı hökumət istəyirlər. Türkiyə hökuməti hərbi strukturlarda dəyişikliklər həyata keçirmişdi. Prezident Ərdoğan çevriliş cəhdindən əvvəl hərbi rəhbərliyi ən qatı dünyəviçilərdən təmizləmişdi.

Amerikanın Səsi: Bəzi müşahidəçilər ötən həftənin hadisələrini Türkiyənin 1979-cu il İran anı kimi görür. Türkiyə dünyəvi dövlətdən dini dövlətə tarixi bir keçid mərhələsindədirmi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qiyam cəhdində iştirak edənlərin ağır cəzalandırılacağını vəd edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qiyam cəhdində iştirak edənlərin ağır cəzalandırılacağını vəd edib.

Kori Şake: Xeyr. Mən deyərdim ki, Türkiyə artıq bu mərhələni keçib. Bu mərhələ Prezident Ərdoğan öz əleyhdarlarını, jurnalistləri həbsə atmağa, telekanalları bağlamağa başladıqdan sonra keçilmişdi. Bu vaxt ərzində Ərdoğan ənənəvi islamçılara uyğun olaraq avtoritar tendensiyalar sərgiləməyə başlayıb. Bu növ islamçılar bir qayda olaraq hakimiyyətə gəldikdən sonra daxili əleyhdarlarını və demokratik müxalifəti siyasi səhnədən yığışdırır.

Amerikanın Səsi: Uzun müddət Türkiyənin Avropa İttifaqına üzvlüyü debat mövzusu olub. Ötən həftə baş verənlərin fonunda bu sual bir daha aktuallaşır: Türkiyə Avropadırmı?

Kori Şake: Zənnimcə Türkiyə Avropa ola bilər. Və hesab edirəm ki, Avropa ən təhlükəsiz və ən sabit onda olur ki, o, özünü coğrafi məkan kimi yox, dəyərlər icması kimi görür. Vaxt var idi ki, Türkiyə bu dəyərlərə doğru can atırdı və ümid edirəm ki, bunu etməkdə davam edəcək. Ancaq Türkiyə hökumətinin əməllərinin repressiv mahiyyəti Avropa İttifaqı üçün Türkiyə ilə üzvlük danışıqlarını irəli aparmağı xeyli çətinləşdirəcək.

XS
SM
MD
LG