Accessibility links

Bloq: Təcavüzkarın xətası

  • Əsgər Möhsümoğlu

Faşıst İtaliyasının rəhbəri Benito Mussolini tələbələr qarşısında çıxış edir

Faşıst İtaliyasının rəhbəri Benito Mussolini tələbələr qarşısında çıxış edir

“75 il bundan öncə cəmi altı ayın içərisində dünya partladı,” deyə Viktor Davis Hanson 1941-ci ilin ikinci yarısında baş verən olaylara diqqət yetirir. Qədim dünya tarixi üzrə ixtisaslaşmış Hanson keçmişin bəşəriyyət üçün ibrətamiz dərslərlə dolu olduğunu hesab edir. Bu növ dərslərin sırasında İkinci Dünya Müharibəsi xüsusi önəm daşıyır. Belə ki, elm və texnologiyanın kifayət qədər inkişaf etdiyi bir dönəmdə bəzi millətlər az qala min illərdən bəri mütəmadi şəkildə müşahidə olunan klassik xətaya yol verdilər.

Sovet diktatoru İosif Stalin cəmi iki il öncə alman həmkarı ilə məxfi pakt bağlayaraq Polşanı ikiyə bölməyə razı olmuşdu və sonadək arxayın idi ki, Hitler ona hücum etməyəcək.

İkinci Dünya Müharibəsi 1939-cu ildə Almaniya diktatoru Adolf Hitlerin Polşanı zəbt etməsi ilə başlandı. Lakin bundan sonrakı iki il ərzində müharibə əsasən Qərbi Avropa hüdudları çərçivəsində cərəyan edirdi. 1940-ci il iyunun 22-də Sovet İttifaqına qəfil hücum edənədək, Almaniya Brtianiyanı istitsna etməklə az qala bütün Avropaya nəzarət edirdi.

Bir neçə ay sonra dekabrın 7-də ABŞ-a hücumla almanların ağlasığmaz gedişini üstələyən yaponlar dünyanın bütün qitələrini müharibəyə cəlb etmiş oldular. “Bununla belə, 11 dekabrda Almaniya və İtaliyanın heç bir məntiqsiz Birləşmiş Ştatlara müharibə elan etmələri müharibəni qlobal miqyasa çatdırdı,” Hanson yazır.

Adolf Hitler alman əsgərlərinin Polşaya yürüşünü izləyir.

Adolf Hitler alman əsgərlərinin Polşaya yürüşünü izləyir.

Hansonun yazdığına görə nə Almaniya, nə də Yaponiyanın hücum etdiyi ölkələr onlarla müharibə etməyi planlaşdırmırdı. Sovet diktatoru İosif Stalin cəmi iki il öncə alman həmkarı ilə məxfi pakt bağlayaraq Polşanı ikiyə bölməyə razı olmuşdu və sonadək arxayın idi ki, Hitler ona hücum etməyəcək. Eləcə də Amerika müharibəyə birbaşa girmək fikrindən uzaq idi. Həmin dövr Amerikada təcridçiliyin tüğyan etdiyi bir dövr idi. Prezidentliyə namizəd Franklin Ruzveltin əsas platformalarından biri Amerikanı müharibədən kənarda saxlamaq vədi olmuşdu.

Müharibələr onda başlayır ki, zəif, ancaq aqressiv millətlər özlərini qüdrətli, həqiqətən güclü və rasional millətləri isə zəif hesab edirlər.

Yaxşı bəs niyə görə qüdrətlər bu cür fəlakətli səhvə yol verdilər, Hanson sual edir. “Qərbi Avropanı işğal etdikdən sonra Hitler Almaniyası özünü məğlubedilməz sanırdı. O, Sovet İttifaqını zəif və xəyanətə layiq bir dövlət kimi görürdü,” Hanson yazır. “Çini çapıb-talamış Yaponiya da eyni şəkildə özünü qüdrətli hiss edirdi. Hitler Rusiyanı saymadığı kimi, Yaponiyada da təcridçi Amerikaya hörmət etmirdi.”

Yaponların Pearl Harbora hücumu zamanı ABŞ hərbi gəmiləri yanır. 7 dekabr, 1941.

Yaponların Pearl Harbora hücumu zamanı ABŞ hərbi gəmiləri yanır. 7 dekabr, 1941.

Faşist rejiminə malik bu dövlətlər rəqiblərindən çox özləri barədə düşünürdülər. Bu hesablamalara isə nə özlərinin, nə də düşmənlərinin daxili resursları – əhali, təbii sərvətlər və iqtisadi imkanları – daxil deyildi. Fakt isə budur ki, müharibə elan edilən dövlətlər – Britaniya, SSRİ və ABŞ ümumilikdə hər baxımdan Almaniya, Yaponiya və İtaliyadan qat-qat artıq imkanlara malik idi.

“Zəif dövlətlər çox vaxt səfehcəsinə güclülərə qarşı müharibəyə gedirlər, ələlxüsus özlərini inandıranda ki, onların gücü zavod, neft, resurslar, silahlarının və insan qüvvəsinin həcmi ilə yox, milli iradə ilə ölçülür,” Hanson müşahidə edir. “Müharibələrin öz qəribə məntiqi var. Bir ki, atışma başlandı, liderlər ictimaiyyətdə eyforiya yaradır, yeni düşmən yaxud dost axtarışına çıxır və özlərini aldadırlar ki, münaqişə nə çox vaxt, nə də qan aparacaq.”

Tarixçi 75 il öncə baş verənlərdə bu gün üçün maraqlı örnək görür.

“Hazırda İŞİD kimi terrorçu qruplar, Rusiya, Çin, Şimali Koreya və İran kimi dövlətlər inanırlar ki, qat-qat güclü amma istiqamətsiz Avropa və ABŞ zəifləməkdədirlər və onların çəkindirici imkanları tükənib. Normalda İŞİD üçün 11 sentyabr hücumlarını təkrar etmək kobud bir səhv olardı. Rusiyanın Krımı ilhaq etdiyi kimi Baltik ölkələrinə soxulması məntiqə sığmazdı. Çinin Yaponiya yaxud Tayvanda hava-dəniz toqquşmasına start verməsi səfehlik olardı. Lakin mümkündür ki, bu qüdrətlər dividentlərin çıxarı üstələyəcəyi qənaətinə gəlsinlər.”

ABŞ-ın hərbi büdcəsi növbəti 5 ölkənin toplam hərbi büdcələrini üstələyir.

ABŞ-ın hərbi büdcəsi növbəti 5 ölkənin toplam hərbi büdcələrini üstələyir.

Eyni dərəcədə mümkündür ki, İran atom bombasına sahib çıxmağı Qərblə bərabər mövqeyə çıxış fürsəti kimi görsün.

“Bu ildönümündə biz ehtiyatlı olmalıyıq. Müharibələr onda başlayır ki, zəif, ancaq aqressiv millətlər özlərini qüdrətli, həqiqətən güclü və rasional millətləri isə zəif hesab edirlər,” Viktor Davis Hanson xəbərdarlıq edir.

XS
SM
MD
LG