Accessibility links

Klinton-Tramp debatına rekord sayda adamın baxacağı gözlənilir


Canlı mükalimələrlə xarakterizə olunacaq ilk seçkiqabağı debatın rekord auditoriya cəlb edəcəyi gözlənilir. Bazar ertəsi, 26 sentyabrda, Nyu York ştatının Hofstra Universitetində Respublikaçı namizəd Donald Tramp və Demokrat namizəd Hillari Klinton arasında keçiriləcək debata 100 milyondan çox amerikalının baxacağı ehtimal olunur.

Mən əlimdən gələni edəcəyəm ki, rəqibimdən gələn bu təhqirlərin, hücumların, yekəxanalığın və ayrıseçkiliyin fonunda aydın və qorxmaz şəkildə mesajımı çatdırım.
Hillari Klinton

ABŞ telekanallarının yayımlayacağı 90 dəqiqəlik debatda reklam fasiləsi olmayacaq.

Hillari Klinton debatda Donald Trampa qarşı yaxşı göstərici nümayiş etdirmək üçün təzyiq altındadır. Belə ki, bu, 2016-cı il seçkilərinin ən həlledici anı ola bilər.

Siyasi müşahidəçilər hesab edirlər ki, debatlara hazırlaşarkən Klinton ölkəni idarə etmək iqtidarında olduğunu və özü ilə Respublikaçı namizəd Donald Tramp arasında kəskin təzad nümayiş etdirməlidir.

Planlaşdırılan üç debatdan ilki Klintonun bir vaxtlar rəy sorğularında Trampdan əhəmiyyətli üstünlüyünün buxarlandığı vaxta təsadüf edir.

Tarix göstərir ki, debatda solğun göstərici prezident seçkilərinin gedişatını dəyişə bilər.

Donald Tramp 16 Respublikaçı iddialı sırasında ilkin seçkilər prosesindən qalib çıxmağa nail oldu.
Donald Tramp 16 Respublikaçı iddialı sırasında ilkin seçkilər prosesindən qalib çıxmağa nail oldu.

Röyters/İpsos-un keçiridiyi rəy sorğuları əhalinin 20 faizinin kimə səs verəcəklərini müəyyənləşdirmədiyini göstərir. Dörd il əvvəl həmin rəqəm 12 faiz təşkil edirdi.

Həmçinin, budəfəki debatlara ötən seçki debatlarından ikiqat artıq adamın baxacağı güman edilir. 2012-ci ildə Prezident Barak Obama ilə Respublikaçı namizəd Mitt Romni arasındakı debatı 46.2 milyon adam izləmişdi.

“Mən əlimdən gələni edəcəyəm ki, rəqibimdən gələn bu təhqirlərin, hücumların, yekəxanalığın və ayrıseçkiliyin fonunda aydın və qorxmaz şəkildə mesajımı çatdırım,” Klinton bildirib.

Klintonun müşavirləri onun iki ssenariyə hazırlaşdığını deyirlər. Birincisində Tramp ölçülü və ciddi şəkildə davranır, digərində isə Respublikaçı namizəd sərbəst tərzdə davranaraq şəxsi hücumlara əl atır.

Tramp bir-cümləlik replikaları ilə 16 Respublikaçı rəqibini ilkin seçkilər mövsümündə sıradan çıxarıb. Ceb Buşa “aşağı enerjili”, Ted Kruza “Yalançı Ted”, Marko Rubioya isə “Balaca Marko” ləqəbləri qoyan Tramp debatlardan müzəffər çıxmağa nail oldu. Trampın Demokrat rəqibi üçün ləğəbi “Əyri Hillari”-dir.

Mən bilmirəm ki, konkret nə edəcəyəm. O, ondan asılıdır ki, o məni hansı səviyyədə vuracaq, və bu, ədalətsiz olacaq ya yox, amma mən bunu etmək niyyətində deyiləm.
Donald Tramp

Fox News telekanalına müsahibədə Tramp Klintona şəxsən hücum etmək məramında olmadığını bildirib. “Mən bilmirəm ki, konkret nə edəcəyəm. O, ondan asılıdır ki, o məni hansı səviyyədə vuracaq, və bu, ədalətsiz olacaq ya yox, amma mən bunu etmək niyyətində deyiləm,” deyə Respublikaçı namizəd həmçinin əlavə edib ki, Hillari ona hörmətlə yanaşsa, o da oxşar münasibət sərgiləyəcək.

NBC telekanalının “Axşam Xəbərləri” proqramının aparıcısı Lester Holtun moderatoru olacağı debat 26 sentyabr Nyu York vaxtilə axşam saat 9-da, Bakı vaxtilə isə 27 sentyabr səhər saat 5-də başlayacaq. Debatı Amerikanın Səsinin vebsaytından canlı izləyə bilərsiniz.

XS
SM
MD
LG