Accessibility links

Amerikada ərzaq qiymətləri ucuzlaşır. Bu, son 50 ildə qeydə alınan ən davamlı və hərtərəfli ucuzlaşmadır. Ət qiymətlərində bəzi hallarda 40, süd məmulatlarında 25, başqa məhsullarda isə 50 faizədək ucuzlaşma müşahidə olunur.

Amerika supermarketlərində 12 ədəd yumurtanı 1 dollara almaq mümkündür.

“Bir dollara bu gün Amerikada nə almaq olar? – 12 ədəd yumurta,” Nyu Cersidə supermarketi dolaşan Bloomberg jurnalisti Kreq Giammona xəbər verir. “Cəmi bir il öncə eyni sayda yumurtalar üçün üçqat artıq pul ödəməli olardın.”

Doqquz aydır ki, davam edən ucuzlaşma 1960-cı ildən bəri qeydə alınan ilk oxşar fenomendir. Düzdür, 2009-cu ildə maliyyə böhranı zamanı baş verən deflyasiya müvəqqəti ucuzlaşmaya səbəb olmuşdu. Amma indi baş verənlərin əsasında daha önəmli faktorlar dayanır.

Kənd təsərrüfatı məhsullarının ucuzlaşması fermerlərin gəlirlərinə təsir göstərib.

Kənd təsərrüfatı məhsullarının ucuzlaşması fermerlərin gəlirlərinə təsir göstərib.

Müşahidəçilər ucuzlaşmanı neft qiymətlərinin kəskin düşməsi, dolların güclənməsi və kənd təsərrüfatı məhsullarının bolluğu ilə əlaqələndirir. Nəqliyyat və soyuduculaşdırma üçün tələb olunan enerji mənbələrinin ucuzlaşması məhsulun istehsal xərclərində və nəhayət qiymətlərdə özünü büruzə verir.

“Deflyasiya istehlakçılar üçün Tanrıdan hədiyyədir,” Techomic Inc. şirkətinin vitse-sədri Bob Qoldin deyir. Lakin eyni sözləri mağaza şirkətləri haqda demək çətindir. Ucuzlaşma başlanandan bəri onların səhm dəyərləri düşüb.

Birləşmiş Ştatlarda standart əmtəə qiymətləri yoxdur – qiymətlər ştatdan ştata, şəhərdən şəhərə, marketdən marketə fərqlənir.

“Mağazalarda endirimlər Amerikanın fermer zümrəsinin hiss etdiyi ağrını kəskinləşdirir,” Wall Street Journal yazır. “Fermerlər və rançerlər çiy süd, pendir və ət məhsullarından daha az qazanc götürürlər ki, bu da onları xərcləri azaltmağa vadar edir.”

Üstəlik Amerika məhsullarına qlobal təlabat da azalmaqdadır. “Rusiyada və Braziliyada iqtisadi tənəzzül, dünyanın ikinci ən iri iqtisadi qüdrəti olan Çində təlabatın yavaşıması ABŞ kənd təsərrüfatı ixracatının dəyərinə zərbə endirib,” Salon məcmuəsinin jurnalisti Angelo Young yazır. “Bu, o deməkdir ki, ABŞ-ın taxıl anbarları doludur – bu, isə yem qiymətlərini azaldıb və məhsulun ifrat həcmdə istehsalına yol açıb.”

“Dollar Tree” mağazasında satılan məhsulların qiyməti standart olaraq 1 dollardır.

“Dollar Tree” mağazasında satılan məhsulların qiyməti standart olaraq 1 dollardır.

Birləşmiş Ştatlarda standart əmtəə qiymətləri yoxdur – qiymətlər ştatdan ştata, şəhərdən şəhərə, marketdən marketə fərqlənir. Azad bazar iqtisadiyyatının hökm sürdüyü Amerikada qiymətləri hökumət yox, bazar tənzimləyir. Bu, bəzən qiymətlərin artmasına, bəzən də enməsinə gətirib çıxarır. Heç şübhəsiz, ucuz qiymətlər vətəndaşın alıcılıq qabiliyyətini yüksəldir, və təkcə elə bu səbəbdən iqtisadiyyat üçün faydalıdır. Bu hal həm də iqtisadi durumun sağlamlığına işarə edir.

Ucuzlaşmanın nə qədər davam edəcəyi bir çox faktorlardan asılıdır. Bu sıraya qlobal yanacaq qiymətləri, siyasi stabillik və indidən proqnozlaşdırıla bilməyəcək olaylar daxildir. Amma qiymətlər sadəcə göstəricidir, simptomdur. İqtisadiyyatın vəziyyəti əsasən qanun aliliyi, mülkiyyət hüquqlarının qorunması, biznes azadlığı, müdrik valyuta siyasəti və ən mühümü, cavabdeh idarəçiliyə söykənir. Orta sinfin mənafeyini güdən bu amillər olmadan məhsul bolluğu, yaxud da əhalinin uzun dönəmli rifahını təmin etmək problematikdir.

XS
SM
MD
LG