Accessibility links

Jurnalistin apellyasiya şikayəti təmin edilməyib


Cavid Şirəliyev
Cavid Şirəliyev

Gəncə Apellyasiya Məhkəməsi çoxsaylı təxirəsalmalardan sonra, nəhayət, yanvarın 18-də 7gun.az portalının redaktoru Cavid Şirəliyevin şikayətinə baxıb.

Məhkəmə şikayəti təmin etməyib. Müdafiə tərəfi qərarla razı deyil və Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir

Xatırladaq ki, C.Şirəliyev 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi onu hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (CM-in 182.2.1 və 182.2.4-cü maddələri) təqsirli bilib.

C.Şirəliyev 2014-cü il avqustun 30-da Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. O 2013-cü il iyunun ortalarında Asif Orucov oğlu ilə əlbir olaraq Şəfiqə Xankişiyevanı Tovuz rayonunun Qovlar kəndində yerləşən “Tatar” kafesində qumarxana olması haqda nüfuzdan salan material yaymaqla hədələyərək ondan 2 min manat tələb etməkdə ittiham olunur.

Qeyd etmək lazımdır ki, 2012-ci il dekabrın sonlarında C.Şirəliyev həmin il dekabrın 23-də “Qırmızı körpü” sərhəd keçid məntəqəsində şair Bəxtiyar Hidayətin hüquqlarının pozulması haqda məlumatı KİV-ə verdikdən sonra təqiblərə məruz qalıb.

Vəkil Zabil Qəhrəmanov Amerikanın Səsinə bildirib ki, birinci instansiya məhkəməsi C.Şirəliyevin təqsirini sübut edə bilməyib və bütün ifadələr Ş. Xankişiyevanın bəyanatı üzərində qurulub.

Sülh və Demokratiya İnstitutu, “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı və Siyasi Məhbusların Monitorinqi Mərkəzi C.Şirəliyevi 160 nəfərlik siyasi məhbuslar siyahısına daxil ediblər.

XS
SM
MD
LG