Accessibility links

Rumıniyada etirazçılar hökümətin istefasını tələb edir


Bazar günü on minlərlə rumıniyalı on üçüncü gündür soyuq havada paytaxt Buxarestə axışaraq, höküməti anti-korrupsiya qanunlarını yüngülləşdirməkdə ittiham edərək, istefasına çağırıb.

Sosial mediya çağırışına cavab olaraq böyük izdiham Qələbə Meydanına toplaşıb və mobil telefonlarında milli bayraqlarında təsvir olunan mavi, sarı və qırmızı rənglərində işıqlar yandırıblar.

“Biz artıq rüşvətxor siyasətçi istəmirik. 27 ildir dözürük, amma artıq yetər. İndi təkəbbür bizim üçün artıq təhqirdir – biz bunu istəmirik. Biz onların öz-özləri üçün qanun layihələri qəbul etmələrini istəmirik. Bura oliqarxiya ölkəsi deyil. Bura Avropa ölkəsidir. Onlar isə bunu başa düşmür. Onlar hər gün yalan deyir. Biz artıq bezmişik,” bir etirazçı deyir.

Bundan əlavə Kluc, Sibiu, İasi və Timisoara şəhərlərində də minlərlə insan etiraz edib.

Kommunist diktator Nikola Çauşeskunun devrilməsi və edamından sonra baş verən ən böyük etirazlar cümə axşamı ədliyyə naziri Florin İordaşın istefasına baxmayaraq hələ də davam edir.

Rumıniya Avropa İttifaqına 2007-ci ildə daxil olub və Brüssel uzun zamandır korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə yavaş irəliləyişlər səbəbilə Buxaresti qınayır.

XS
SM
MD
LG