Accessibility links

Rahim Şalıyev Sumqayıt şəhər Polis İdarəsi tərəfindən saxlanılaraq inzibati həbsə məhkum edilib

REAL Hərəkatının fəalı Rahim Şaliyevə Sumqayıt şəhər Polis İdarəsində fiziki işgəncələr veriblər. Bu barədə vəkil Yalçın İmanov fevralın 22-də Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlama yerində Şaliyevlə görüşdükdən sonra Amerikanın Səsinə bildirib.

Fevralın 20-də Sumqayıt şəhər Məhkəməsi REAL-ın Sumqayıt təşkilatının fəalı, bloger Rahim Şaliyevə inzibati qaydada 30 sutka həbs verib. Fəal xırda xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda günahkar bilinib.

“Şaliyev mənə dedi ki, fevralın 20-də onu ilk olaraq yaşadığı mənzildən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə gətiriblər. Sonra şəhər polis idarəsinin rəis müavinin otağına aparıblar və ona REAL Hərəkatı, hərəkatın Sumqayıt Məclisi, məclisin sədri, üzvləri barədə suallar veriblər. Facebook şəbəkəsində statuslarına irad bildiriblər və səhifəsinin parolunu deməsini tələb ediblər. Şaliyev parolu deməyib və REAL-la bağlı suallara cavab verməyib. Bu zaman rəis müavinin tələbi ilə fəalı başqa otağa keçiriblər. Otaqda onu 5 polis əməkdaşı döyüb. Barmaqlarını qanırıblar, barmağında xəsarət izləri qalır. Döyülmə zamanı Şaliyevın səhhəti pisləşib, onun ürəyində problemlər var. Bu zaman polislər su verib və yenidən hədə-qorxu gəlib, döyərək facebook statuslarına son qoymasını tələb ediblər. Baş nahiyyəsinə zərbələr endiriblər”, vəkil qeyd edib.

Bundan sonra yenidən Şaliyevi 4-cü Polis Bölməsinə aparıblar.

“Orada saxta protokol tərtib ediblər. Guya Şaliyev küçədə mobil telefonla kiminləsə danışanda söyüş söyüb və polisin tələbinə tabe olmayıb”, İmanov bildirib.

Sumqayıt şəhər Məhkəməsi bu ittihamla Şaliyevə 30 sutka inzibati həbs verib.

“Məhkəmədən sonra Şaliyevi yenə Sumqayıt şəhər Polis İdarəsinə gətiriblər. Orada fəala zor gücü ilə unitaz təmizlətdiriblər və videoya çəkiblər. Daha sonra onu polis idarəsində bir neçə qadının saxlanıldığı otağa aparıb üst paltarını və şalvarını soyundurub döşəmə sildiriblər. Bunların hamısını videoya çəkiblər. Onu bir daha rəis müvininin otağına qaytarıblar və REAL-la bağlı sual-cavab ediblər. İstədiklərini demədikdə qonşu otağa aparıb yenidən döyüblər, dubinka ilə zorlamaqla hədələyiblər. Bu zaman Şaliyev pəncərənin önünə gələrək, işgəncə dayandırılmasa özünü pəncərəyə vuracağını bildirib. Yalnız, bundan sonra işgəncə dayandırılıb”, vəkil qeyd edib.

Onun sözlərinə görə, hazırda Şalıyevin başının sol nahiyyəsində kəskin ağrılar var və eşitməsində problemlər yaranıb.

Vəkil REAL fəalının həbsi ilə bağlı məhkəmə qərarından və işgəncə faktları ilə bağlı apellyasiya şikayəti verib.

Polis orqanları vəkilin dedikləri ilə bağlı hələ şərh verməyib.

XS
SM
MD
LG