Accessibility links

İranda insan haqları durumuna dair məlumat yayan qruplar son vaxtlar türk və ərəb fəallara qarşı basqıların diqqətə çarpan bir şəkildə artdığını bildirirlər.

Güney Azərbaycan Televiziyası (Günaz TV), HRA agentliyi və Araz News kimi internet portalları bu yaxınlarda həbsə məhkum olan, məhkəməyə çağrılan, eləcə də nəzarət altına alınan onlar türk fəalın adını açıqlayıblar.

Hüquq müdafiəçiləri həmçinin son həftələrdə ərəblərin yaşadığı bölgələrdə keçirilən kütləvi aksiyalar ardından bir çox ərəb fəalın nəzarət altına alındığına dair xəbərlər yayıblar.

Yayılan məlumata görə, 65 gün aclıq aksiyası keçirdikdən sonra keçən dekabr ayında sərbəst buraxılan Murtaza Muradpur martın 5-də yenidən həbs edilib.

HRA-ya istinadən Muradpuru “Sepah”-ın təhlükəsizlik qurumu nəzarət altına alıb.

Günaz TV daha əvvəl 6 ay həbsə məhkum olmuş universitet müəllimi və milli fəal Abdullah Abbasi Cavanın Tehranda məmurların müşayiəti ilə məhkəməyə aparıldığını bildirib. Məhkəmənin qərarına görə, Cavan 6 ay həbs müddətini tamamlamaq üçün Novruz tətillərindən sonra Tehranın Evin həbsxanasına müraciət etməlidir.

Keçən günlərdə həmçinin bir çox türk dil haqları müdafiəçisi Təbriz, Əhər və Meşginşəhr məhkəmələrinə çağrılıb.

Abbas Lisani, Əkbər Əbulzadə, Murtaza Məhəmmədi, Saleh Molla-Abbasi, Əlirza Çəngizi, Süleyman Kazımi, Beytullah Bərzgər, İsrafil Fətullazadə, Murtaza Səfəri və Məcid Nağızadə gələn günlər ərzində İnqilab Məhkəməsinə müraciət etməlidirlər.

Yerli fəalların Amerikanın Səsinə verdiyi məlumata görə, xüsusilə Əhər şəhərində məhkəmə bir çox fəala yazılı çağırış göndərib. Amma onların çoxunun adı mediada açıqlanmayıb.

Habelə keçən həftələrdə türk dil haqları fəalları Siyamək Mirzayi, Əlirza Fərşi, Əkbər Azad, Həmid Mənafi və Behnam Şeyxi 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il sürgün cəzasına məhkum ediliblər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG