Accessibility links

Mehriban Vəzir Bakı hava limanında saxlanılaraq yoxlanıldığından danışıb


Mehriban Vəzir
Mehriban Vəzir

«Qadınların Siyasi Mədəniyyət Mərkəzi (2004)» İctimai Birliyinə rəhbərlik edən Mehriban Vəzir martın 7-də Bakı hava limanında saxlanıb, yoxlamaya məruz qalıb. Bir müddət sonra isə buraxılıb. Hazırda o, Türkiyədədir

Bu barədə AzadlıqRadiosuna Mehriban Vəzir məlumat verib:

«Türkiyəyə uçurdum, hava limanında əsassız yoxlamalara məruz qaldım. Bu, ilk dəfə deyil, son üç ildə demək olar ki, tez-tez belə xüsusi yoxlamalara məruz qalıram. Bu son 3 ildə QHT sektorunda çalışmağımla bağlı məsələdir. Özümə də açıqlama vermirlər ki, biləsən problem nədən ibarətdir».

M.Vəzir qeyd edib ki, onu xüsusi yoxlayan sərhədçilər olub: «Belə yoxlamalar, sadəcə, rəzalət, vətəndaş qüruruna toxunan məsələdir. Təyyarəyə gecikmək, təyyarənin qapıları bağlanana qədər hər an düşürülə bilmək hissi yaşayırsan».

M.Vəzirin bu açıqlamasına, hələlik, Dövlət Sərhəd Xidmətindən münasibət almaq mümkün olmayıb.

Azərbaycanda ictimai-siyasi fəalların hava limanlarında, digər sərhəd-keçid məntəqələrində saxlanılıb çək-çevir edilməsinə 2014-cü ildən başlanılıb. Həmin vaxt beynəlxalq və yerli QHT-lərlə bağlı Baş Prokurorluqda cinayət işi açılmışdı.

Həmin cinayəti işi əsas göstərilməklə bir sıra QHT rəhbərlərinin, fəallarının və jurnalistlərin ölkədən çıxışına qadağa qoyulmuşdu. Sonradan bu qadağaların bəziləri aradan qaldırılıb.

M.Vəzir Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin silahdaşlarından olub. O, hazırda Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvüdür.

XS
SM
MD
LG