Accessibility links

İran səfirliyi Rafiq Tağının bıçaqlanmasında ölkəsinə qarşı iddiaları təkzib edib


İran səfirliyi Rafiq Tağının bıçaqlanmasında ölkəsinə qarşı iddiaları təkzib edib

İran səfirliyi Rafiq Tağının bıçaqlanmasında ölkəsinə qarşı iddiaları təkzib edib

Yerli media Rafiq Tağının bıçaqlanmasının “İran və qlobalaşma qaçılmazlığı” başlıqlı yazısı ilə əlaqəli olduğunu yazır.

İranın Azərbaycandakı səfirliyi yazıçı Rafiq Tağıya edilən sui-qəsdlə bağlı açıqlama yayıb.

“Media forum” saytı səfirliyin mətbuat xidmətinə istinadən bildirir ki, səfirlik Rafiq Tağıya qarşı törədilmiş sui-qəsd olayının İrana aid edilməsi ilə bağlı bəzi şəxslər və Azərbaycanın bəzi informasiya vasitələri tərəfindən irəli sürülən əsassız və həqiqətdən uzaq iddiaları təkzib edir. “Bununla yanaşı, mənfi atmosfer yaratmaq məqsədi daşıyan bu əməlləri İran və Azərbaycan arasındakı strateji münasibətlərə xələl vurmaq istiqamətində sionizm-Amerika təxribatları kimi qiymətləndirir və bu kimi cəhdləri puç və məğlub addım hesab edirik”,- deyə İranın Azərbaycandakı səfirliyinin açıqlamasında qeyd edilir.

Noyabrın 19-u axşam naməlum şəxslər yazıçı Rafiq Tağını bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan yazıçı əməliyyat olunub və hazırda xəstəxanada yatır. Fakt üzrə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Cinayəti törədənlər hələ tapılmayıb. Hadisənin motivi bilinmir. Mediada bu qəsdin arxasında Rafiq Tağının İran dövlətinin və bəzi radikal islamçıların əleyhinə yazdığı məqalələrlə bağlı ola biləcəyi haqda versiyalar irəli sürülüb.
Rafiq Tağı 2006-cı ilin noyabrında “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə tutulub və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinib. Rafiq Tağı prezident İlham Əliyevin 2007-ci il dekabrın 28-də imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

Xatırladaq ki, Rafiq Tağı noyabrın 10-da www.kulis.az saytında “İran və qloballaşma qaçılmazlığı” başlıqlı yazısının əlavəsində şərhlərdə təhqirlər olduğunu deyib. O həmçinin sui-qəsdin yazıları ilə bağlı olduğunu güman edir.

XS
SM
MD
LG