Accessibility links

Baş redaktorun həbsinin bir ayı tamam olub


Baş redaktorun həbsinin bir ayı tamam olub

Baş redaktorun həbsinin bir ayı tamam olub

Hüquq müdafiəçiləri və jurnalist təşkilatlarının rəhbərləri baş redaktorun beynəlxalq səviyyədə müdafiəsinin təşkili sahəsində iş aparılmasının vacibliyini qeyd edib.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən bir ay keçir. Bununla bağlı, baş redaktorun hüquqlarının ictimai müdafiəsi ilə bağlı RATİ-nin Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib.
“Əvəz Zeynallının ictimai müdafiəsi uğurla davam etdirilir. İctimai müdafiə ilə məşğul olan hüquq müdafiəçiləri, jurnalist təşkilatları, media vasitələri istintaqın irəli sürdüyü ittihamın doğru olmadığını tam sübut etdi. İctimai fikir Əvəz Zeynallının sifarişlə həbsini qəbul edib və baş redaktora qarşı irəli sürülən korrupsiya ittihamını qınayır”, - deyə Turan Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.
Hüquq müdafiəçiləri və jurnalist təşkilatlarının rəhbərləri baş redaktorun beynəlxalq səviyyədə müdafiəsinin təşkili sahəsində iş aparılmasının vacibliyini qeyd edib. “Əvəz Zeynallının həbsi, Xural qəzetinin fəaliyyəti ilə bağlı məlumatlar beynəlxalq təşkilatlara təqdim ediləcək. Beynəlxalq səviyyədə imzatoplama kampaniyası başlamalı, hökumət və dövlət başçılarına, aparıcı beynəlxalq təşkilatlara müraciətlər qəbul edilməlidir”, - deyə İnsan Hüquqları Uğrunda İctimai Birliyin rəhbəri Eynulla Fətullayev qeyd edib.
“Xural”ın əməkdaşları isə qəzetin çapına imkan verilmədiyini qeyd ediblər. Eyni zamanda, qəzeti hər hansı mətbəə çap etmir. “Xural qəzetinin redaksiyasına Müsavat Partiyası sığınacaq verib, “Demokrat” qəzeti isə texnikasından istifadə üçün icazə verib. Amma qəzeti heç bir mətbəə çap etmir. Çünki Xural qəzetinin çapına imkan verilməməsi ilə bağlı bütün mətbəələrə qeyri-rəsmi göstəriş verilib”, - deyə qəzetin əməkdaşı Əfqan Muxtarlı bildirib.
Eyni zamanda, qəzet əməkdaşları digər bir neçə adda qəzeti Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmək üçün müraciət edib. “Müraciətlərimizə hər hansı rəsmi cavab verilmir”, - deyə qəzetin əməkdaşı Nurəddin Xoca qeyd edib.
Mətbuat konfransında Əvəz Zeynallı ilə vəkilinin istintaq təcridxanasında görüşünün xəlvəti yolla audio yazısının aparıldığı deyilib. “Vəkil Elçin Sadıqovun əlindən Əvəz Zeynallının istintaq təcridxanası barədə məhkəməyə müraciət edəcəyi sənədlər alınıb”, - deyə Xuralın əməkdaşı Anar Mahmudoğlu vurğulayıb.
Mətbuat konfransında həmçinin Əvəz Zeynallı ilə bağlı noyabrın 4-dən sonra istintaq işlərinin dayandığı deyilib. “Noyabrın 4-də müstəntiqlə bir nəfər dindirdiyi adam arasında mübahisə düşüb. Dindirilən şəxs bərkdən qışqıraraq deyib ki, o, etmədiyini yaza bilməz və yalandan heç kimin üzünə durmayacaq. Bu qışqırığı vəkil də daxil olmaqla hamı eşidib. Bundan sonra hər hansı istintaq işləri aparılmır”, - deyə Anar Mahmudoğlu qeyd edib.
Əvəz Zeynallı bu il oktyabrın 29-da saxlanıb. Nəsimi rayon məhkəməsi onun barəsində üç ay həbs-qətimkan tədbiri seçib. Baş redaktora qarşı deputat Gülər Əhmədovanın şikayəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Əvəz Zeynallı “Xural” qəzeti gündəlik çapa başlayandan və hökumət rəhbərlərini ciddi tənqid edən məqalələrin dərcindən sonra həbs edilib.

XS
SM
MD
LG