Accessibility links

Şarm Əl Şeyxdə güclü bomba hücumu olub


Misrin məşhur Qırmızı Dəniz sahilində yerləşən kurort şəhərində baş verən terror hücumu nəticəsində 83 nəfərin qətlə yetirildiyi, 100-dən çox adamın isə yaralandığı bildirilir. Misir prezidenti Hüsnü Mübarək deyib ki, çoxlu sayda insan təlafatı ilə nəticələnən hücum onun terrorizmə qarşı mübarizə qətiyyətini daha da möhkəmləndirib. O, bəyanatı bu gün, Şarm Əl Şeyxın yüksək səviyyəli mehmanxanasının lobbisində, maşın dayanacağında və mağazasında baş verən bir-birinə oxşar üç partlayışdan bir saat sonra vermişdir. Partlayışların ikisinin maşınlarda həyata keçirildiyi bildirilir. Rəsmilərin bildirdiyinə görə partlayış nəticəsində ölənlərin çoxu misirlilər olub. Lakin 8 nəfər xaricinin öldüyü də təsdiq edilib. Misrin daxili işlər naziri Həbib Əl Adli bildirir ki, əldə edilən məlumatlara görə bu hücumun oktyabr ayında Tabanın Sinai mehmanxanasında 34 nəfərin ölümü ilə nəticələnən bomba hücumu ilə əlaqəsi var. İnternetdə bu hücumun məsuliyyətini özlərini Abdulla Əzzam Briqadası adlandıran qrup götürüb. Dünya hökumətləri Misirdə baş verən bomba hücumlarına öz reaksiyalarını bildirmişlər. İraq hökuməti ölənlərin ailələrinə baş sağlığı vermiş və Misrə terrorla mübarizədə uğurlar arzulamışdır. Fransa prezidenti Jak Şirak terrorizmlə mübarizədə Misirlə həmrəy olduğunu bildlrmişdir. Rusiya prezidenti Vladimir Putin beynəlxalq terrorçuların mədəni dünyanı terrorla qorxutmağa çalışdığını deyərək bütün millətləri birlikdə terrorla mübarizəyə çağırıb. Birləşmiş Ştatlar hökuməti isə Misirlə birgə terrorçuluğa qarşı mübarızə aparacağına söz verib.
XS
SM
MD
LG