Accessibility links

Freedom House Azərbaycanda demokratik seçkilərə şübhə ilə yanaşır


Azərbaycanda cərəyan edən proseslərə beynəlxalq təşkilatların reaksiyaları gün-gündən artmaqdadır. Amerikada hakim Respublikaçılar Partiyasına yaxınlığı ilə tanınan dünya-nüfuzlu Freedom House Təşkilatının 2 gün öncə açıqladığı hesabat Azərbaycanda keçiriləcək parlament seçkilərinin demokratikliyinə ciddi şübhə ilə yanaşır. Hesabatda deyilir: “Parlament seçkilərinə üç həftə qalmış Azərbaycan hökumətinin siyasi hüquqlara qoyduğu məhdudiyyətlər noyabrın 6-da keçiriləcək seçkilərin azad və ədalətli olmasını ciddi sual altına qoyur. Azərbaycan hökuməti ötən həftə çox sayda müxalifət nümayəndəsini həbs edib. Seçkidən qabaq keçirilən həftəlik nümayişlərdə polis zorakılıq tətbiq etmiş və müxalifət üzvlərini həbs etmişdir.”

Freedom House-un icraçı direktoru Cennifer Vindsorun dediyinə görə, Azərbaycan hökuməti çox narahatedici bir davranış kursu götürüb ki, bu da onun ədalətli seçki keçirmək iradəsinin kifayət qədər olmadığını sübut edir. Bütün dünya Azərbaycanda gələn ay keçiriləcək seçkilərə baxır və onların azad və ədalətli olmasını istəyir. Siyasi müxalifətin repressiyaya məruz qalması və insanların toplaşma hüququnun tapdanması isə azad və ədaləlti seçkilərin cizgiləri deyil - deyə xanım Vindsor bildirir.

Aparılan intimidasiya kampaniyası və hökumətin ləng islahat tempi Əliyev iqtidarının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl edəcəyini sual altına qoyur. Seçki əlaqəli nümayişlərə məhdudiyyətlərin qoyulması və mətbuata edilən basqılar açıq və ədalətli seçkilərə ciddi maneədir. 2005-ci ilin mayında Freedom House Azərbaycan hökumətinə demokratik islahatların aparılması üçün bir sıra tövsiyələr etmişdi. Son hadisələri nəzərə alaraq Freedom House Əliyev hökumətini bir daha qeyd edilən müddəalara əməl etməyə çağırır: 1. Aqressiv şəkildə hüquqların tapdanması, müxalifətçilərə və siyasi xadimlərə qarşı zorakılıqlar dayandırılsın. 2. Müxtəlif siyasi mövqelərin media vasitəsilə xalqa çatdırılmasına imkan verilsin. 3. Sivil cəmiyyətin seçkilərlə bağlı fəaliyyətinə müdaxilə edilməsin.

Azərbaycan hökuməti müxalifət nümayəndələrini, millət vəkilliyinə namizədləri və jurnalistləri susdurmağa çalışmasına son qoymalı və gələn ay keçiriləcək seçkilərin bünovrəsini hazırlamalıdır, deyə xanım Vindsor bildirir.

Freeom House eyni zamanda etiraz aksiyalarının iştirakçılarını zorakılıqdan çəkinməyə çağırır. Qeyd edək ki, Keçiddə Olan Millətlər indeksinə əsasən, 2005 -ci il ərzində demokratiya sahəsində Azərbaycanın bütün sahələr, o cümlədən seçki prosesi üzrə, göstəriciləri pisləşib.

XS
SM
MD
LG