Accessibility links

ABŞ prezidenti ilə Almaniya kansleri həmfikirdirlər


Dünən Birləşmiş Ştatlarla Almaniya İranın nüvə silahı proqramı barədə həmfikir olduqlarını izhar ediblər. Birləşmiş Ştatlar prezidenti Corc Buşla Almaniya kansleri Ancela Merkel ilk dəfə birlikdə keçirdikləri mətbuat konfransında İranın nüvə silahına can atmasının dünyaya təhlükə olduğu haqda razılığa gəldiklərini bildirmişlər.

Prezident Buş öz çıxışında İrana nüvə istehsalının davamına imkan verildiyi təqdirdə onun İsraili məhv etmək imkanına bir addım da yaxınlaşacağını bəyan etdi. Ancela Merkel isə öz növbəsində söyləyib ki, iranlıların bizim nə dərəcədə ciddi olmamızı qəbul etmələri mühümdür. Hər iki lider beynəlxalq təşkilatları İranı nüvə ambisiyalarından əl çəkməyə məcbur etməyə çağırmışlar.

Qeyd edək ki, İran artıq BMT nüvə müsəssiələrinə vurduğu möhürləri götürüb. Bu məsələ barədə Britaniya, Almaniya və Fransa ilə iki il davam edən və heç bir nəticə verməyən danışıqlardan sonra həmin ölkələr məsələnin BMT-nin Təhlükəsizlik Şurasına çıxarılmasını istəyirlər. Lakin İran liderləri Beynəlxalq Atom Enerji Agentliyinin İrana qarşı sanksiyalar tətbiq etmək üçün məsələni Təhlükəsizlük Şurasına çıxardığı təqdirdə bu məsələ ilə əlaqədar bütün danışıqlara son qoyacaqlarına söz vermişlər.

İranın keçmiş prezidenti Haşemi Rəfsəncani isə deyib ki, onun ölkəsi nüvə proqramı barədə danışıqları davam etdirəcək. Rəfsəncani deyib: “Onlar İslam ölkələrini müasir texnologiyadan məhrum edərək onları geridə qoymaq istəyirlər. Onlar bütün texnologiya sahəsində monopoliya əldə etmək və bütün texnologiyanın onlara məxsus olmasını istəyirlər”.

Tehran nüvə proqramını dinc məqsədlə inkişaf etdirmək istədiyini desə də, Birləşmiş Ştatlar və digər ölkələr İranın nüvə silahı istehsalına can atmaqda günahlandırır.

XS
SM
MD
LG