Accessibility links

Senator Kerri Pakistanın zəlzələ zonasına səfər edir


Birləşmiş Ştatlar senatoru və 2004-cü il prezident seçkilərində namizəd Con Kerri dünən Pakistana, üç ay bundan öncə baş vermiş zəlzələnin episentr zonasına səfər edib. Demokrat Con Kerri Pakistanın şimalında zəlzələdən tamamilə dağılmış kənd uşaqlarına məktəb forması paylamış və yerli liderlərlə görüşmüşdür.

Oktyabr ayında baş verən 7,6 bal güçlü zəlzələ nəticəsində 80 min adam ölmüş, üç milyondan çox insan isə evsiz-eşiksiz qalmışdır. Ən çox dağıntılara məruz qalan belə kəndlərdən biri də Meira kəndidir. Orada 18 min insan zəlzələdən xilas ola bilib. İndi senator Kerrinin gətirdiyi məktəb formalarına almaq üçün onlarla uşaq növbəyə dayanmışdır. Senator Kerrinin bu zonaya səfəri sinoptiklərin burada tezliklə havanın daha da soyuyacağı və güclü qar yağacağı xəbərindən sonraya təsadüf edir. Beynəlxalq yardım təşkilatları bildirirlər ki, bu növbəti tufan gəlməmişdən əvvəl onlar bu zonaya təcili surətdə qış çadırları gətirirlər.

Meirada salınmış düşərgədəki insanların qarşısında çıxış edən senator Kerri Pakistana edilən köməyi alqışladığını bildirmişdir. Cənab Kerri ilə birlikdə bu zonaya Birləşmiş Ştatların Pakistandakı səfiri Rayan Kroker də gəlmişdir. Himalay zonasının yerli liderləri onların hər ikisindən beynəlxalq dəstəyi artırmağa kömək etmələrini xahiş etdilər. Səfir Kroker Amerikanın Pakistana uzun müddətli köməyi barədə verdiyi vədi bir daha təkrar etmiş və demişdir ki, Amerika bütün qışı Pakistanla birlikdə işləyəcək və yalnız bərpa işlərində deyil, Pakistan xalqının layiq olduğu kimi daha da yaxşı yaşaması yolunda əməkdaşlıq edəcək.

Qeyd edək ki, Birləşmiş Ştatlar bərpa və kömək məqsədi ilə Pakistana yarım milyarddan çox dollar verəcəyinə söz verib. Birləşmiş Ştatların qonşu Əfqanıstanda olan hərbi vertolyotları da Pakistana təcili yardım işlərində iştirak edirlər.

Senator Kerri 12 günlük səfəri zamanı Əfqanıstana da getməyi planlaşdırır.

XS
SM
MD
LG