Accessibility links

ABŞ Hədisa olayının tam araşdırılacağını vəd edir


ABŞ Dövlət katibi Kondoliza Rays keçən Noyabrda İraqın Hədisa şəhərində Amerika dəniz piyadalarının təsadüfən günahsız mülki əhalini gətlə yetirməsi ilə bağlı mükəmməl araşdırma aparılacağını deyib. Bu yaxınlarda üzə çıxan ittihamlar ABŞ və İraq hökumətləri arasında müəyyən gərginliyə və Vaşingtonda geniş mübahisələrə səbəb olub.
İraqın Hədisa şəhəri ötən Noyabrda baş vermiş insidentlə bağlı artan diqqət mərkəzindədir. Parlayıcı qurğunun ABŞ dəniz piyadasının ölümünə səbəb olmasını burada heç kim inkar etmir. Lakin bundan sonra baş verənlər ciddi araşdırmaya səbəb olub. Həlak olan piyadanın yoldaşlarının iyirmi dörd mülki vətəndaşı güllə ilə qətlə yetirdiyi iddia olunur. CBS telekanalının “Xalqla üz-üzə” proqramında çıxış edən Dövlət katibi Kondoliza Raysdan Vaşınqtonun bu məsələ ilə bağlı əldə olan məlumatları müstəqil araşdırma aparmaqdan ötrü İraqlılara verib-verməyəcəyi barədə sual verilib. O İraq hökuməti ilə bu işdə tam əməkdaşlığın təmin olunacağına əminliyini bildirməklə yanaşı cinayət sübuta yetirilməyincə dəniz piyadalarının günahsız olduğunu da xatırladıb. "Gəlin unutmayaq ki, demokratik cəmiyyətlərdə belə hallar baş verəndə hərtərəfli araşdırma aparılır və bu, belə də olacaq. Lakin, bununla yanaşı, günahlandırılan şəxslərin ədalətli məhkəmə hüququnun olduğu da nəzərdə tutulmalıdır".
Onun sözlərinə görə, president Buş şəxsən bu məsələni diqqətdə saxlayır və insidentin “dərin narahatlığa səbəb olduğunu” deyib. Xanım Rays qeyd edib ki, bəzi ABŞ əsgərlərinin törətdiyi cinayətlər onların orada həyata keçirdiyi əsas vəzifənin üzərinə kölgə salmamalıdır: "Amerika əsgərlərinin böyük hissəsi İraq əhalisinin müdafiəsi naminə həyatlarini itirir və qurbanlar verir".
Hədisa hadisələri ABŞ qanunvericiləri arasında da gərgin mübahisə mövzusudur. ABŞ Senatının Hərbi xidmətlər Komitəsindən Respublikaçı senator Lindsi Grehəm “Fox Nyus Sundey”ə verdiyi müsahibədə deyib ki, hazırda iki cinayət araşdırılır - bilavasitə qətllər və ABŞ Hərbi dəniz qüvvələri zabitlərinin məsələni ört-basdır etməyə cəhd göstərməsi ehtimalı: "Bəzi dəniz piyadalarının yanlış olaraq ölümə səbəb olan güc tətbiq etməsi, hərbi xidmət qaydalarını, hərbi münaqişələr barədə qanunları pozması, bəzi zabitlərin bu barədə məlumatlı olub xəbər verməməsi, komandanlıqda başqa şəxslərin bu barədə bilib, heç bir tədbir görməməsi, vəzifəsində səhlənkarlıq barədə iddialar var."
Eyni programda danışan Rod-Aylendli demokrat-senator Cək Rid deyib ki, onun fikrincə, Hədisa hadisələri ABŞ əsgərlərinin İraqda necə böyük təzyiqlə üzləşdiyini göstərir: "Onlar gənc dəniz piyadaları, cavan əsgərlərdirlər. Onlar girov vəziyyətindədirlər. Bir tərəfdən, əsgərlər İraqlılarla ünsiyyətə girərək onlarla əlaqə yaratmağa çalışırlar. Digər tərəfdən, partlayış baş verir və əsgərlər bunu elə həmin iraqlıların törətdiyini düşünürlər. Bu çox böyük basqıdır. Bundan əlavə, bu piyadaların bir çoxu ikinci və ya üçüncü dəfədir ki oraya qayıdırlar. Yəni bunlar baş verə biləcək hadisələr üçün üzrxahlıq ola bilməz, amma hər şey kontekstdə nəzərdən keçirilməlidir".
O əlavə edib ki, Hədisa insidenti ABŞ qoşunlarının tezliklə İraqdan çıxarilmasının gərək olduğuna işarədir. Lakin Rays vurğulayıb ki, İraqdakı Amerika qoşunlarının sayının azaldılması yaxın müddətdə planlaşdırılmır. Hal hazırda İraqda 133 min ABŞ əsgəri xidmət çəkir.

XS
SM
MD
LG