Accessibility links

Ali Məhkəmə hərbi tribunallara “yox” deyib


ABŞ-ın Ali məhkəməsi Guantanamo məhbuslarının işinə hərbi tribunalda baxılması barədə Buş administrasiyasının mövqeyinə zidd olan qərar qəbul edib. Ali məhkəmənin qərarında deyilir ki, pezident Buş terror şübhəliləri üçün xüsusi müharibə cinayətləri tribunalı yaratmaqla öz səlahiyyətlərini aşıb. Ali məhkəmənin beş üzvü qərarın lehinə, üç hakim isə əleyhinə səs veriblər. Məhkəmənin qərarında Osama Bin Ladenin keçmiş cangüdəni və sürüçüsü Salim Əhməd Həmdənin işi xüsusi qeyd olunur. Ali Məhkəmənin fikrincə, Həmdənin işində ABŞ qanunları və Cenevrə Konvensiyası tətbiq oluna bilər. Həmin qərara görə, bu işə hərbi və ya mülki məhkəmədə baxıla bilər, xüsusi olaraq yaradılmış məhkəməyə ehtiyac yoxdur. Həmdənin dövlət tərəfindən təyin edilmiş vəkili qərarı alqışlayaraq, bunu Amerikan dəyərlərinə qayıtma adlandırıb. Prezident Buş qərarı nəzərdən keçirəcəyini söyləməklə yanaşı, hərbi tribunalların yaradılması ilə bağlı Konqreslə əməkdaşlığın mümkünlüyünü qeyd edib. İki il əvvəl də Ali məhkəmə prezidentin məhbusları məhkəməsiz və vəkil tərəfindən təmsil olunmadan müddətsiz olaraq həbsdə saxlanmasını göstəriş vermə səlahiyyətinin olmadığı qərarına gəlmişdi.
XS
SM
MD
LG