Accessibility links

Mina Kamrani: "İranda qadın olmaq çətindir"


Bugünkü qadın proqramımızın qəhrəmanının cəmi 21 yaşı var. O tələbədir, hüquq fakultəsində təhsil alır. Ailəlidir, gözəldir. Bunların nəyi qəhrəmanlıqdır ki, deyə sora bilərsiniz. Bugünkü həmsöhbətim Mina Kamranini qəhrəman edən onun bütün çətinliklərə baxmayaraq İranda mübariz qadın olmasıdır.

Mina insan hüquqları uğrunda mübarizənin iştirakçısıdır. O, may ayının sonunda İrandakı Azərbaycan şəhərlərinin küçələrinə çıxan yüzlərlə qadından biridir. Xatırladaq ki, həmin aksiyalarda İranda indiyə kimi görünməmiş qadın fəallığı müşahidə olunmuşdu. Tələbə qızlar əllərində “Qızıldan olsa da qəfəsimiz, azadlığa var həvəsimiz” şüarı ilə polis dəyənəklərinə sinə gərirdilər. Onların bəziləri həbsə atılmış, bəziləri isə polis zorakılığı ilə üzləşmişdilər.

Bu gün yüzlərlə Azərbaycan qadını haqlarını tələb etdikləri üçün həbs olunmuş həyat yoldaşlarının yolunu gözləyir. Mina Kamrani də onlardan biridir. Onun həyat yoldaşı, insan haqları uğrunda hərəkatın gənc liderlərindən biri Saleh Kamrani 21 gündür ki, həbsdədir.

Minanın sözlərinə görə, İranda qadın olmaq çətindir, haqlarını tələb edən qadın olmaq isə xüsusilə çətindir.

Mina İrandakı qadınların cəmiyyətin bərabərhüquqlu üzvünə çevrilməsi üçün öz hüquqlarını bilməsini, savadlanmasını vacib sayır. Lakin İran cəmiyyətində bu da kifayət deyil. Çünki, haqlarını tələb edən qadınlar repressiv rejimin hədəfinə çevrilir. Mayın sonunda mülki geyimli polislərin döyüb həbsə atdığı Həcər Sultani bu yaxınlarda azadlığa çıxıb. Azərbaycanlı fəal, naşrlər evinin rəhbəri Zöhrə xanım Vəfai bir neçə gün istintaq olunduqdan sonra daim polis nəzarəti altında işləyir, Tehrandakı Azərbaycan gənclər evi adlı ictimai birliyin rəhbəri xanım Əkrəm Əsədullahi elə bu günlərdə, Bəzz qalasına yürüş cəhdindən sonra həbsə atılıb. Lakin Minanın fikrincə, əsas olan yorulmadan mübarizə aparmaqdır. O, belə də edir.

XS
SM
MD
LG