Accessibility links

İranda bəzi siyasi məhbuslar azadlığa buraxılıb


İranda azərbaycanlı fəalların bir qismi bu günlərdə azadlığa buraxılıb. Bu barədə "Amerikanın səsi" radiosuna Tehranlı jurnalist Səid Muğanlı məlumat verib.

Azərbaycan Müdafiə komitəsinin sədri Səid Nəiminin də təsdiqlədiyi xəbərə görə, dünən həbsdən azad olanlardan biri də Qulamrza Əmanidir. Əmani 2001-2005-ci illərdə də İran dövlətinin əleyhinə iş aparmaqda təqsirləndirilərək məhbəsdə yatmışdı. May olaylarından sonra isə Əmani təkrar həbs olunmuşdu.

Qulamrza Əmaninin özü ilə əlaqə saxlaya bilməsək də, ailəsindən səhhətinin normal olduğunu, lakin isti hava ilə bağlı narahatlıq keçirdiyi üçün həkimin qəbuluna getdiyini dedilər.

Həbsdə olan digər Azərbaycan fəallarının isə taleyi naməlum olaraq qalır. Belə ki, Azərbaycan evinin müdiri Həsən Raşidinin son günlərdə ailəsi və dostları ilə təmaslarına qadağa qoyulub, vəkil Saleh Kamraninin isə həbs müddəti uzadılıb. Digər bir sevindirici xəbər də şair Abbas Lisaninin Tehranın Evin zindanında keçirdiyi aclıq aksiyasını dayandırmasıdır. Məhbus şair-publisitin keçirdiyi aclıq aksiyası onun səhhətinə ciddi ziyan vurduğundan, hərəkat dostları ona aclığı dayandırmaq xahişi ilə müraciət etmişdilər.

Səid Muğanlının sözlərinə görə, həbsdən buraxılanlar haqqında Tehran hökuməti rəsmi ittiham irəli sürə bilməyib. Belə ki, onlardan bir çoxunun may hadisələri zamanı küçələrdə olduğu da isbat olunmayıb. Muğanlı həbslərin heç də hamısının May hadisələri ilə bağlı olmadığını deyib. Belə ki, vəkil Saleh Kamranini Muğanlının sözlərinə görə, Abbas Lisanini müdafiə etmək təşəbbüsünə görə həbsə atıblar. Muğanlı məhbusların bir qisminin azadlığa çıxmasının səbəbini ailələrinin, Azərbaycandan olan şair yazıçıların İran prezidenti Mahmud Əhmədinejada müraciətləri ilə yanaşı həm də Təbrizdən olan millət vəkili Əkbər Ələminin səylərinin yardımçı olduğunu deyir.

Qeyd edək ki, İran parlamentinin Təbrizdən olan deputatı, Məclisin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Əkbər Ələmi parlamentdə iyulun 25-də etdiyi çıxış zamanı İran hökumətinin Bəzz qalasına yürüşün qarşısını almaq üçün atdığı addımların qeyri-qanuni olduğunu söyləyib, eləcə də, məmurların və hüquq-mühafizə işçilərinin xalqla qeyri-əxlaqi, qeyri-qanuni davranışlarına görə nə zaman məsuliyyətə cəlb olunacağını sual edib.

XS
SM
MD
LG