Accessibility links

Keçmiş siyasi məhbus məhkəməsini gözləyir

  • Xədicə İsmayılova

İran Azərbaycanında May ayından bəri həbs olunan fəalların məhkəmə prosesləri başlanır.

Azərbaycan Müdafiə Komitəsinin sədri Səid Nəiminin servisimizə verdiyi məlumata görə, belə məhkəmə proseslərindən biri sabah Marağada keçiriləcək. İran dövlətinə qarşı fəaliyyətdə və iğtişaş yaratmaqda təqsirləndirilən Hamid Yeqanəpur, Yaşar Həkkəkpur, Məcid Pəjuhi və Davud Əzimzadə 20 gün öncə zəmanət haqqı ödəyərək azadlığa buraxılıblar. Sabah məhkəmənin verəcəyi qərardan asılı olaraq, onlar ya geri həbsxanaya salınacaq, yaxud da birdəfəlik azadlığa buraxılacaqlar.

Avqustun 3-də 50 milyon tümən (təqribən 54 milyon dollar) zəmanət haqqı ödəyərək azadlığa buraxılmış Azərbaycanlı ziyalı Əli Bədəli də məhkəməsini gözləyir. Servisimizə müsahibə verən cənab Bədəli həbsindən sonra bir ay ailəsinin ondan xəbər tuta bilmədiyini deyib.

Keçmiş məhbusun sözlərinə görə, ona qarşı dövlət əleyhinə təbliğat və qadağan olunmuş təşkilatlara üzvlük ittihamları irəli sürüblər. Lakin o, bu ittihamları rədd edib. Bədəli öz evində Azərbaycan tarixi və dili kursları təşkil etməkdən başqa bir iş görmədiyini deyib.

Cənab Bədəli ona həbsxanada işgəncə verilmədiyini, yalnız həbs zamanı əməliyyat müvəkkillərinin ona qarşı güc tətbiq etdiyini deyib.

Keçmiş məhbusun sözlərinə görə, Təbriz həbsxanasında siyasi maddələrlə yatanlar yalnız azərbaycanın mədəni muxtariyyəti uğrunda mübarizə aparan fəallardır.

May ayından bəri həbsxanada yüzlərlə məhbusun olduğunu bildirən cənab Bədəli onların çoxunun azdlığa buraxıldığını, yalnız 15-20 arasında fəalın həbsdə qaldığını bildirir.

Xatırladaq ki, İsveç xarici işlər naziri bu günlərdə İranda azərbaycanlıların hüquqlarının tapdalanması ilə bağlı deputat sorğusuna cavab verərkən yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. Hazırda BMT-nin Baş Assambleyasının sədri vəzifəsini də yerinə yetirən Yan Eliasson Azərbaycanlıların kütləvi etirazlarından sonra başlayan zorakılıq və həbsləri pisləyib və məsələnin BMT Baş Assambleyasının gündəminə bir daha gətiriləcəyini deyib.

XS
SM
MD
LG