Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı donorları Livana köhnə dərman göndərməməyə çağırır


Ümumdünya Səhiyyə Təşkilatı donorlardan Livan üçün tibbi ləvazimat yardımını dərmanların lazımsız və vaxtı ötmüş preparatlar olmadığına əmin olduqdan sonra göndərməsini xahiş edib.

Amerikanın səsinin müxbiri Liza Şleynin Cenevrədən verdiyi məlumata görə, ÜST düzgün olmayan və keyfiyyətsiz dərmanların xeyirdən çox ziyanının olacağı barədə xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatı qeyd edib ki, yardımların əksəriyyəti daha çox ehtiyac duyulan preparatlardan ibarətdir. Lakin təşkilatın sözçüsü Fadela Kaib onu da əlavə edib ki, göndərilmiş dərmanların bir hissəsi yaxşı deyil, çünki ya vaxtı ötüb, ya yarıyadək işlədilib, yaxud da keyfiyyət göstəriciləri məlum deyil. Bu yardımı saf-çürük etmək, onun sözlərinə görə, vaxt, işçi qüvvəsi və yer kimi dəyərli resursları boşuna sərf etməkdir.

"Bu yardım ölkədə başqa problemlərə görə, onsuz da qıt olan ambar yerlərini boşuna tutacaq. Buna pul, enerji, dərmanları saf-çürük etmək, yararsızları məhv etmək üçün insan qüvvəsi xərclənəcək. Kömək etmək vacibdir, amma bu köməyi rasional şəkildə, ehtiyacları nəzərdən keçirərək etmək lazımdır", deyə Kaib bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, hal hazırda Livanda cərrahiyə alətlərinin və xronik xəstələrə lazım olan diabet, ürək və böyrək dərmanlarının qıtlığı var. Bunlardan bir qismi yerlərdə də alına bilər, amma beynəlxalq yardım ehtiyatın tükənməməsinə nəzarət etməlidir.

ÜST bildirib ki, donorlar dərmanları yalnız etibarlı mənbələrdən almalı və onların qablaşdırılmasında beynəlxalq standartların gözlənildiyinə əmin olnmalıdırlar. Onlar potensial donorlara yardımın tərkibi müəyyənləşdirilmədən öncə ölkələrindəki səhiyyə rəsmilərindən, eləcə də Təşkilatın internet səhifəsindən gərəkli məlumat almağı məsləhət görür. ÜST-ün veb səhifəsində Livanda ən çox ehtiyac duyulan dərmanların və tibbi ləvazimatların siyahısı daim yenilənir.

Fadela Kaib Livanda daha səyyar hospitallara ehtiyac olmadığını deyir. "Səyyar hospitallar çox bahalıdır. Onların alınmasına və quraşdırılmasına xərclənən pul Livanda başqa işlərə, məsələn avadanlığın təmirinə və təcili yardım ləvazimatlarına xərclənə bilərdi. Odur ki, ehtiyacın nəyə olduğunu dəqiq bilmək lazımdır," deyə Kaib donorları planlı yardım etməyə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatı Livana tibbi yardımı koordinasiya edir. Təşkilat Livanın 60 məntəqəsində xəstəlik və ehtiyacları vaxtında müəyyənləşdirmək və tədbir görmək üçün erkən xəbərdarlıq sistemi quraşdırıb.

XS
SM
MD
LG