Accessibility links

Kərim Ramazanov: "Barmekdən sonra Bakı və Sumqayıtda enerjinin qiyməti qalxmayacaq"


Ötən həftə Azərbaycanın paytaxtı və ikinci böyük sənaye şəhərinin elektrik təchizatı ilə bağlı mühüm qərarlar qəbul olunub. İndiyə kimi bu şəhərlərin elektrik şəbəkələrinin idarəsi ilə məşğul olan Barmek şirkətinin işdən uzaqlaşdırılmasından sonra istehlakçıları hansı dəyişikliklər gözləyir?

Artıq bir neçə aydır ki, Bakı və Sumqayıt şəhərlərinin elektrik təchizatı ilə məşğul olan Barmek-Azərbaycan şirkətinin ətrafında yaranmış qalmaqal səngimək üzrədir. Xatırladaq ki, ondan artıq əməkdaşının həbsi, uzun sürən vergi və investisiya təftişlərindən sonra Barmek Azərbaycan iyulun 3-dən ozləri qeyd etdiyi kimi “Azərbaycan hökumətinin təzyiqləri üzündən” Bakı və Sumqayıt enerji şəbəkələrinin idarə olunmasına dair müqavilənin dayandırıldığını bildirmişdi.

Hüseyn Arabulun sözlərinə görə, təhvil təslim işləri bir ay ərzində başa çatdırılmalı olsa da, Azərbaycan hökuməti bu prosesi yubadıb.

Bu günlərdə isə Bakı və Sumqayıtın elektrik paylayıcı şəbəkələrinin taleyinə bir qədər müəyyənlik gətirən bir neçə qərar qəbul olunub. Avqustun 10-da prezidenyt İlham Əliyevin fərmanı ilə Barmekin Azərbaycanda fəaliyyətə başlamasına qədər mövcud olan Bakıelektrikşəbəkə və Sumqayıtelektrikşəbəkə səhmdar cəmiyyətləri yeni nizamnamə ilə qeydiyyata alınmalı və İqtisadi İnkişaf Nazirliyi bu şəhərlərdə elektrik təchizatının yaxşılaşdırılması üçün tədbirlər görməlidir.

Avqustun 12-də İqtisadi İnkişaf Naziri Heydər Babayev bildirib ki, Bu təşkilatlar 100% səhmləri dövlətə məxsus və İqtisadi İnkişaf Nazirliyi tərəfindən idarə olunan müstəqil hüquqi şəxslər olacaq. Nazir Baba Rzayevi və Fəxri Məmmədovu bu səhmdar cəmiyyətlərinə rəhbər təyin edib, lakin istehlakçıların elektrik enerjisilə təmin olunmasına görə məsuliyyətin hələ də "Barmek Azerbaycan" şirkətinin üzərində olduğunu deyib. "Enerjipaylaşdırıcı şəbəkənin təhvil-təslim protokolu imzalanana kimi bütün məsuliyyət "Barmek"in üzərinə düşür"- deyə nazir bildirib. Təhvil-təslim isə nazirin sözlərinə görə sentyabrın ortalarında olacaq.

İqtisadi İnkişaf Nazirinin enerji məsələləri üzrə müşaviri Kərim Ramazanov istehlakçıların göstərilən xidmətin qiymətində heç bir dəyişiklik hiss etməyəcəyini vəd edir.

Kərim Ramazanovun sözlərinə görə, bərpa olunan səhmdar cəmiyyətlərinin qarşısında yeni vəzifə durur: enerji təchizatının keyfiyyətini artırmaq.

Şəbəkələrin yenidən tenderə çıxarılıb çıxarılmayacağı barədə suala isə cənab Ramazanov belə cavab verdi: “Bu barədə danışmaq hələ tezdir”.

XS
SM
MD
LG