Accessibility links

Azərbaycanlılar Xatəmini Vaşinqtonda etirazla qarşılayıblar


BMT baş katibi Kofi Annanın və bir sıra qeyri-hökumət təşkilatının dəvəti ilə ABŞ-da iki həftəlik səfərdə olan İranın keçmiş prezidenti Məhəmməd Xatəmini Vaşinqtonda İranın mühacir müxalif qrupları etirazla qarşılayıb.

Cümə axşamı Məhəmməd Xatəminin dünyada sülhün yayılmasında dinlərin rolu haqqında nitq söylədiyi Vaşinqton milli kafedralının qarşısında ayrı-ayrılıqda azərbaycanlı fəallar, şahzadə Rza Pəhləvinin tərəfdarları və İran kommunistləri etiraz aksiyası keçirirdi.

Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Rəhim Şahbazi dedi ki, aksiyanın məqsədi Xatəminin də qulluq etdiyi İran rejiminin azərbaycanlıların hüquqlarını pozduğunu dünya ictimaiyyətinə çatdırmaqdır.

Azərbaycanlı fəallar sual edirlər: Sivilizasiyaların dialoquna çağıran Xatəmi nə üçün İranda yaşayan millətlər arasında dialoqun qurulması və onların hüquqları haqda düşünmür?

Amerikanın səsinin müxbirinin niyə sizin çalışdığınız dialoq İranda mövcud deyil sualına cümə axşamı mətbuat konfransında cavab verən Məhəmməd Xatəmi, İranda bu sahədə heç bir problemin olmadığını deyib.

Etiraz edən azərbaycanlılarla Pəhləvi tərəfdarlarının arasında da dialoqun olmadığı nəzərə çarpır. Təzadlı şüarlarla bir-birinin səsini qısmağa çalışan iki müxalif qrupun qarışıq sədaları altında kilsəyə daxil olan Məhəmməd Xatəmi orada 1200 nəfərlik auditoriyaya müxtəlif dinlərin barışıq potensialı haqda danışıb.

Cümə axşamı keçirilən mətbuat konfransında İranda insan hüquqlarının pozulması ilə bağlı tənqidi suallara isə Xatəmi belə cavab verib. “Demokratiya proyekt yox, prosesdir. Mən İranda hər şeyin yaxşı olduğunu iddia etmirəm, amma bizim regionda ABŞ-ın müttəfiqi olan digər ölkələr var ki, orada hakimiyyət dəyişikliyi yalnız dövlət başçısı öləndə, yaxud öldürüləndə baş verir. Onlarla müqayisədə İranda vəziyyət qat-qat yaxşıdır”.

Qeyd edək ki, Xatəminin İranla diplomatic əlaqələri olmayan ABŞ-a səfəri Tehranın mühafizəkar zümrələrinin tənqidinə məruz qalıb.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG