Accessibility links

Gürcüstan rus zabitlərini ATƏT-ə təhvil verib


Gürcü rəsmiləri bildirib ki, Rusiya kəşfiyyatının agenti olmaqda günahlandırılaraq həbs olunan 4 nəfər həbslərinin bir həftəsi tamam olmamış ATƏT-in himayəsi altına keçirilib.

Bu gün Gürcüstan televiziyası ilə nümayiş etdirilən təhvil-təslim mərasimində dörd zabit casusluq ittihamına əsasən deportasiya olunmaları barədə məlumatlandırılıb.

Dörd məhbus üzərində himayə Belçikanın xarici işlər naziri Karel De Quxta ötürüləcək. Belə ki, trans-Atlantik təhlükəsizlik təşkilatı olan ATƏT-ə indi məhz bu ölkə sədrlik edir. De Quxt Rusiya ilə Gürcüstan arasında dörd zabitin həbsi ilə bağlı böhran yaranandan bəri iki ölkənin münasibətlərində gərginliyə son qoymağa cəhd göstərən bir çox diplomatdan biridir.

Bununla belə, məhbusların ATƏT-in himayəsi altına keçirilməsinin iki keçmiş sovet müttəfiq respublikası arasında söz savaşına son qoyub-qoymayacağı bəlli deyil.

Bir qədər öncə Rusiya cənub qonşusu Gürcüstanla bütün nəqliyyat və rabitə əlaqələrini kəsəcəyini bəyan edib. Zabitlərin təhvilindən sonra bu qərarın dəyişdirildiyi barədə heç bir məlumat verilməyib.

Moskva artıq özünün Gürcüstandakı qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirərək səfirliyin personalını təxliyə edib. Rus zabitlərinin uşaqları məktəbə xüsusi ayrılmış avtobusda hərbi eskortun müşayiəti ilə gedib-gəlir. Rusiyanın Gürcüstandakı hərbi qüvvələrinin baş komandanı bildirib ki, bazaların təhlükəsizliyini qorumaq üçün əsgərlərə öldürmək qəsdi ilə atəş açmaq əmri verilib.

Son məlumatlara əsasən, Rusiya prezidenti Vladimir Putin Gürcüstanda dislokasiya olunmuş qoşunların bu ölkədən çıxarılmasının davam etdirilməsi barədə göstəriş verib. Öncəki razılaşmalara əsasən, qoşunlar 2008-ci ilin sonuna kimi Gürcüstanı tərk etməlidir.

Bazar günü isə president Vladimir Putin Gürcüstanı bandit ölkə adlandırıb. Rusiya televiziyası ilə çıxış edən cənab Putin gürcü hökumətinin hərəkətlərini dövlət səviyyəsində terrorizm adlandırıb. O, zabitlərin həbsini Sovet məxfi xidmət orqanlarının iş üsullarına bənzədib. Putinin sözlərinə görə, Tbilisi xarici havadarlarının göstərişləriyə hərəkət edir, amma havadarlar deyəndə kimi nəzərdə tutduğunu açıqlamayıb.

Gürcüstan prezidenti Mixail Saakaşvili bu iddiaları rədd edərək Tbilisi hökumətinin başqa ölkələrin yox, məhz Gürcüstanın maraqlarından çıxış etdiyini deyib.

Saakaşvilinin bəyan etdiyi NATO-ya üzvlük planları Rusyanın hər zaman qəzəbinə səbəb olub. Birləşmiş Ştatlarda təhsil almış gürcü prezidenti Gürcüstanı Qərbə inteqrasiyaya meylləndirən siyasət yürüdür.

Bu ilin əvvəlində Moskva Gürcüstanın əsas ixrac malı olan şərab və mineral suların Rusiyaya idxalını qadağan edib. Rəsmən sanitariya göstəriciləri rəhbər tutulsa da, təhlilçilər Rusiyanın Gürcüstanı tutduğu siyasi kursa görə iqtisadi sanksiyalarla cəzalandırdığını hesab edirlər.

XS
SM
MD
LG