Accessibility links

Nəhənglə cəsurun savaşı: Gürcüstan Rusiyanın sanksiyalarına tab gətirəcəkmi?


Gürcüstan və Rusiyanın münasibətlərindəki gərginlik bu ölkələr üçün nə vəd edir? Kiçik Gürcüstanın böyük Rusiyaya dirənişi hansı nəticələr verə bilər. Bu barədə suallara Gürcüstan və Rusiyadakı ekspertlər cavab verirlər.

Rusiyada anti-gürcü əhval-ruhiyyəsi özünü hər səviyyədə göstərir. Bunu Moskvada nəşr olunan Kommersant analitik nəşrinin xarici siyasət şöbəsinin müdiri Azər Mursəliyev deyir.

Bu arada, Rusiya Gürcüstandan olan miqrantların kütləvi surətdə deportasiyasına başlayıb. Miqrantların yük təyyarələrinə doldurularaq göndərilməsinə etiraz əlaməti olaraq, gürcü prezidenti Mixail Saakaşvili həmin təyyarələrə enmə zolağının verilməməsinə göstəriş vermişdi. Azər Mursəliyev bu gün həmin miqrantların normal sərnişin təyyarələri ilə yola salındığını deyir.

Gürcüstan strateji və beynəlxalq Araşdırmalar fondunun prezidenti Aleksandr Rondelinin fikrincə, indi baş verənlərin əsas səbəbi Gürcüstan prezidenti Mixail Saakaşvilinin Gürcüstanın maraqlarını müdafiə etməsidir. “O, tutduğu NATO ilə inteqrasiya xəttindən geri çəkilmək fikrində deyil. Rusiya Gürcüstanda vəziyyəti destabilizə etməyə çalışsa da, buna nail ola bilməyib. Onlar Giorqadzenin partiyasından istifadə edib, Saakaşvili ilə əhali arasında nifaq salmağa çalışdılar. Sonra da bu casus hərbçilər qalmaqalı. Ona qədər də Gürcüstanda rus casusları aşkar olunurdu, amma reaksiya belə deyildi. Düzdür onda onları həbs yox deportasiya edirdilər. İqtisadi sanksiyalar əvvəl də tətbiq olunurdu. Gürcüstanın bütün eksport mallarına qadağa qoyulmuşdu."

Aleksandr Rondeli deyir ki, Rusiya kənardan iqtisadi sanksiyalarla, içəridən də təxribatçılar vasitəsilə Gürcüstanda stabilliyi pozmaq istəyib. “Görünür, bütün bunlar Saakaşvilinin səbir kasasını daşdırıb, onun addımları da öz növbəsində Rusiyanın səbir kasasını.”

Ekspert məsələdə şəxsi münasibət faktorunun da rolunu istisna etmir, Onun sözlərinə görə, Avropanı qaz məsələsi ilə az qala diz çökdürən Moskva qonşuluqdakı kiçik dövlətin dikbaşlığını qəbul edə bilmir, üstəlik, onun gənc lideri də hərdən lazım olduğundan daha emosional ifadələr işlədəndə, məsələ lap gərginləşir.

Bununla belə, cənab Rondeli Saakaşvili faktorunun sadəcə bəhanə olaraq istifadə edildiyi qənaətindədir. Onun fikrincə Rusiya Gürcüstana qüvvə nümayiş etdirmək üçün imkan axtarırdı, zabitlərin həbsi də belə bir imkanı verdi.

Azər Mürsəliyev isə Saakaşvilinin heç də həmişə əhalinin maraqlarını nəzərə alaraq addım atmadığını deyir.

İqtisadi sanksiyalara gəlincə, Alıeksandr Rondelinin fikrincə, onların tətbiq olunması böyük fərq etmir, çünki ixraca qadağa artıq Gürcüstanı Rusiya tərəfindən təcrid olunma həyatına hazırlayıb.

O ki qaldı Rusiyadan gürcü miqrantların qovulmasına, Rondeli deyir ki, artıq Rusiyada da atılan addımların çox eybəcər göründüyünü anlayıblar. “İndi faşist rejimi kimi hərəkət etmək olmaz. Qeyri-qanuni miqrantları ölkədən çıxara bilərlər, amma qanuni yaşayanları yox. Mən düşünmürəm ki, qeyri-qanuni miqrantların geri göndərilməsi bizim ölkəmizə ciddi ziyan vura bilər. Biz sağ qalacağıq."

Hələ ki, deportasiyaya yalnız qeyri-qanuni miqrantlar məruz qalır, amma Azər Mursəliyev istənilən inkişafı mümkün sayır.

Rondelinin fikrincə krizislər həmişə istiləşmə ilə başa çatır, hərçənd ki, bunu Rusiya-Gürcüstan münasibətlərində gözləmək o qədər asan deyil.

"Rusiya Gürcüstanın anti-rus siyasəti yürütdüyünü élan edir. Axı Gürcüstan bunu necə edə bilər? Biz məgər Rusiyanın Krasnodar vilayətini, yaxud Çeçenistanı ələ keçirmişik?" deyə Rondeli sual edir.

Azər Mursəliyev də bir qədər sonra böhranın səngiyəcəyini gözləyir, amma Rusiyanın Gürcüstana təzyiqini dayandırmayacağı qənaətindədir. O ki qaldı xalqlar arasındakı münasibətlərə, Aleksandr Rondelinin sözlərinə görə, gürcülər Rusiyada mütərəqqi qüvvələrin olmasına çox şaddırlar: "Yaxşı ki, bu ölkədə bizim düşmən olmadığımızı anlayan və bizə dəstək göstərən qüvvələr var. Beynəlxalq ictimaiyyətə gəlincə isə, Rusiyanın Avropada çox ciddi mövqeləri var və rus diplomatiyası bundan çox yaxşı istifadə edir. Lakin indi Rusiya üçün ksenofobiya və irqçilik siyasətinə beynəlxalq dəstək qazanmaq olduqca çətindir."

Azər Mürsəliyevin fikrincə, Rusiya əhli Moskva hökumətinin tədbirlərini heç də birmənalı qarşılamır.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG