Accessibility links

Edvard Luttvak: "İran bombalana bilər"


Bu həftə BMT Təhlükəsizlik Şurası nüvə proqramını dayandırmaq tələblərinə məhəl qoymadığına görə İrana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini müzakirə edəcək. Bütün dünyanın gözü BMT-dəki rəsmi və qeyri–rəsmi müzakirələrə dikildiyi vaxt Amerikanın səsinin Azərbaycan xidməti Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Edvard Lutvakdan İranın nüvə proqramının perspektivləri və dünyanın ona münasibəti məsələsi barədə müsahibə alıb.

İranın nüvə məsələsi haqqında söz düşərkən ilk növbədə göz önünə Vaşinqton-Tehran qarşıdurması gəlir. Tehran siyasətini müdafiə edən təhlilçilər nüvə proqramı ətrafındakı gərginliyin Birləşmiş Ştatlar tərəfindən yaradıldığını önə sürürlər. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Edvard Lutvak bu stereotiplərlə razı deyil:

"BMT Təhlükəsizlik şurasında İranın nüvə proqramının əleyhinə səs verən ölkələr Çin, Rusiya, Fransa, Böyük Britaniya və ABŞdır. Bu, təkcə amerikalıların fikri deyil. Avropa Birliyinin, Çinin, Rusiyanın da mövqeyi budur. Beynəlxalq Atom Enerjisi Agentliyində keçirilən səsvermədə isə İranın uranın zənginləşdirilməsi proqramını dayandırmasını tələb edən ölkələr arasında Argentina, Braziliya, Avstraliya, Hindistan və dünyanın 50 digər ölkəsi var. Burada da təkcə amerikalılar deyil."

Bəs dünya ölkələrini İranın nüvə proqramına qarşı səfərbər edən nədir? Edvard Lütvakın fikrincə, dünya dövlətləri belə hesab edirlər ki, Tehrandakı ekstremistlərin nüvə silahı əldə etməsi qəbuledilməzdir. "Bu qədər ifrat möpvqedə dayanmış hökumətin nəinki nüvə silahı, hətta tapançası belə olmamalıdır. Hər gün yeni ifrat ideya ilə ortaya çıxan bir rejimin gərək silahı olmasın. Bir gün onlar HİV-in dərmanını tapdıqlarını élan edirlər, üç həftə öncə onlar özlərinin qırıcı təyyarəsini istehsal etməyə başladıqlarını deyiblər. Əhmədinejad 10 000 sentrifuqa istehsal edəcəklərini deyir. Hal-hazırda onların pakistanlılardan aldıqları 340 sentrifuqası var. Buna görə də dünya onları ifrat rejim hesab edir, və nüvə proqramının əleyhinə səs verir".

Lakin dünyada nüvə proqramı və elə nüvə silahı əldə etmək istəyən yeganə dövlət İran deyil. Ara sıra xəbərlərdə Hindistanın nüvə sınaqları barədə məlumatlar səslənir, lakin belə məlumatlar dünyada ajiotaj yaratmırlar. Bəs niyə İran bunu etməsin? Bu suala Edvard Luttvakın cavabını dinləyək.

"Yaxşı sualdır. Niyə Tehranın nüvə silahı olmasın. Axı Birləşmiş Ştatların, Rusiyanın, Çinin nüvə silahı var, İranınkı niyə olmasın? Gəlin çinlilərdən soruşaq. Çinlilər İranda nəinki silahın, hətta dinc nüvə proqranmının olmasına qarşı iki dəfə səs veriblər. Niyə? Niyə İranla, deyək ki, Hindistan arasında ayrıseçkiliyə yol verirlər. Gəlin avropalılardan, ruslardan soruşaq, niyə? Cavab hər zaman eyni olacaq. Çünki, Tehran rejimi ifrat ekstremist rejimdir. Burada insanları asırlar, daşa basırlar. Bu rejim özünün dini ekstremizm görüşlərini 68 milyon əhaliyə məcburən qəbul etdirir. Bu rejim digər ölkələri hədələyir, ona görə də, onların nüvə silahı olmamalıdır. Norveç ürəyi istəyən qədər nüvəı silahı əldə edə bilər, İran isə yox. Çünki Norveç həm öz əhalisinə, həm də beynəlxalq ictimaiyyətə hörmətlə yanaşır. Əgər Tehranda niyə ayrıseçkilik qoyurlar sualını verən varsa, özləri ilə Norveç hökuməti və elə digər ölkələr arasındakı fərqə nəzər salsınlar".

Qeyd edək ki, Amerikanın səsinə müsahibəsində Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Rəhim Şahbazi də İranın nüvə silahının əleyhinə çıxış etmişdi. Cənab Şahbazinin sözlərinə görə, "avtoritar rejimlər əllərindəki silahları ilk öncə daxili müxalifətə qarşı yönəldirlər. Səddam Hüseyn kürdlərə qarşı kimyəvi silahı tətbiq edərkən dünya bunun şahidi oldu". Milli azlıqların haqlarını pozan İranın nüvə silahı əldə etməsi də, Rəhim Şahbazinin fikrincə, qəbuledilməzdir.

Edvard Luttvak isə məsələnin demokratiyadan çox, məsuliyyətdə olduğunu deyir: “Hətta demokratik olmayan Çin belə yüzdən artıq beynəlxalq təşkilatın üzvüdür. Dünya Çinin beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olduğu qənaətindədir. Çin digər ölkələrə hədə-qorxu gəlmir, digər ölkələrə terrorçu göndərmir, Hizbullaha silah yardımı etmir. Çin rejiminin də dünyanın hər yerində siyasi opponentləri var, amma onlar müxalifətçiləri öldürmək üçün qatillərdən istifadə etmirlər. İran rejimi dissident Bəxtiyarı Parisdə öldürtmək üçün muzdlu qatillər göndərəndə, İsrailin küçələrində bombalar partladan İslami Cihadı dəstəkləyəndə, terrorist dövlət kimi hərəkət edir. Elə buna görə də Braziliya, Argentina, Avstraliya və dünyanın digər 50 ölkəsi deyir: Hindistana olar, İrana yox. Niyə? Çünki onlar qaydalara riayət etmirlər.”

Dünya ölkələrinin İranın nüvə ambisiyaları barədə nə düşünməsindən asılı olmayaraq, Tehran uranın zənginləşdirilməsi proqramını dayandırmayacağını bəyan edir. Edvar Luttvakın sözlərinə görə indi sual dünyanın İranın nüvə proqramını dayandırmasına nail olmaq üçün nə edəcəyindədir. Birləşmiş Ştatlarda seçki mövsümünün başladığı indiki məqamda Vaşinqton qəti addımlar atacaqmı?

Edvard Luttvak: "Hər zaman olduğu kimi, söhbət konkret hərəkətə gələndə hər kəs ABŞ-a baxır. Birləşmiş Ştatlarda keçirilən seçkilərin məsələyə dəxli yoxdur. ABŞ hər zaman İranda nüvə proqramı ilə bağklı 25-ə yaxın binanı hədəf ala bilər. Əgər İran rejimi dünya ictimaiyyətinin tələblərini qəbul etməsə, onlar bombalanacaqlar. Əgər Tehran rejimi iddialarından əl çəkməsə, bu baş verəcək. Belə əməliyyat nüvə proqramını bir neçə il yubada bilər ki, həmin dövr ərzində özünün qəbuledilməz qaydalarını İran əhalisinə qəbul etdirən ekstremist rejim də devrilə bilər. Artıq bu rejimin mollalarının İsveçrədə kifayət qədər bank hesabları var ki, onlar hakimiyyəti itirməyə razı ola bilərlər. Bütün bunlar ümidlərdir. Aydın olan isə budur ki, Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklər."

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG