Accessibility links

Səddam Hüseynə çıxarılan hökmə İraq xalqının reaksiyası müxtəlifdir


İraqın keçmiş prezidenti Səddam Hüseynə bəşəriyyətə qarşı cinayətlərinə görə dünən oxunan edam hökmünə İraq xalqının reaksiyası müxtəlif olub. Bütün ölkə boyu şiələrin bayram əhvali-ruhiyyəsində olduğu bir vaxt, sünnilər keçmiş diktatora çıxarılan ölüm hökmünə qarşı etiraz aksiyaları keçirirlər.

Bağdadda günorta vaxtı da komendant saatı qüvvədədir. İraq rəsmiləri keçmiş diktatora qarşı çıxarılan hökmdən sonra ehtimal edilən zorakılıqların qarşısının alınmasına çalışırlar. Səddam Hüseynə ölüm cəzası elan edildikdən sonra onun anadan olduğu Tikrit şəhərində dünən mindən çox insan komendant saatına məhəl qoymadan küçələrə çıxmışdı. Kərkük şəhərinin ətrafında və Bağdadın şimalında yüzlərlə sünni də etiraz aksiyaları keçirmişlər. Paytaxt Bağdadda, şiələrin çoxluq təşkil etdiyi Sədr şəhərində, eləcə də ölkənin müxtəlif bölgələrində yaşayan minlərlə şiə ölüm cəzası xəbərindən sonra şənliklər təşkil etmiş, küçələrdə rəqs etmişlər.

İraqın baş naziri Nuri əl Maliki məhkəmə qərarının İraq tarixində qara bir hissənin sonu olduğunu deyib. Birləşmiş Ştatlar prezidenti Buş isə çıxarılan hökmü alqışlamış və demişdir ki, bu, İraq xalqının qəddarlıq qanunlarından hüquq qanunlarına keçməsi deməkdir. Qeyd edək ki, Səddam Hüseynə çıxarılan ölüm hökmünü 9 nəfərdən ibarət hakim təsdiq etməlidir və bu da bir neçə həftə vaxt apara bilər.

XS
SM
MD
LG