Accessibility links

Livanda matəm elan olunub


Livan hökuməti sui-qəsdin qurbanı olan Sənaye Naziri Pyer Cəmayilin xatirəsini yad etmək məqsədilə ölkədə üç günlük matəm elan edib. Buna görə bu gün ölkədə müstəqillik günü münasibətilə bayram təntənələri ləğv edilib.

Suriya əleyhdarı 34 yaşlı siyasətçi Pyer Cəmayilin cənazəsi onun anadan olduğu Bikfaya kəndində evinə gətirilib. Kənddə çox sayda adamın toplaşdığı bildirirlir. Livan liderləri xalqı sakitliyə çağırıblar. Baş nazir Fuad Siniora deyib ki, bu faciə Livanı qorxutmayacaq. Pyer Cəmayilin atası, Livanın sabiq prezidenti Amin Cəmayilsə Beyrutun küçələrində oğlunun qətlinə etiraz edən nümayişçiləri təmkinliylə çağırıb.

Pyer Cəmayil Livanın Suriyaya qarşı kəskin çıxış edən siyasətçiləri arasında sonuncu qətlə yetirilmiş şəxsdir. Suriya hökuməti bu qətllərdə əli olduğunu inkar edir. Bu arada, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Livanın Suriya əleyhdarı sənaye nazirinə qarşı sui-qəsdi qınayıb.

Şurada həm də Livan siyasətçisi və sabiq baş nazir Rafiq Həriririnin qətlində ittiham edilənlərin mühakiməsi üçün trubunalın təsis edilməsi barədə qərar qəbul edilib. Təhlükəsizlik Şurasının rəhbəri Corc Voto-Bernales tərəfindən oxunan bəyananda Livanda siyasi sui-qəsdlər və terror aksiyaları yolu ilə qeyr-sabitlik yaradılması cəhdləri pislənib.

Təhlükəsizlik Şurası Pyer Cəmayili azadlıq və Livanın siyasi müstəqilliyinin rəmzi olan bir vətənpərvər adlandırıb. ABŞ-ın BMT-dəki səfiri Con Bolton müxbirlərin “Suriyanın bu sui-qəsddə roluna inanırsınızmı” sualının cavabında “əvvəlcə faktlar aşkar edilməlidir, lakin Livanda sui-qəsd metodlarına diqqət vermək lazımdır,” - deyə bildirib.

XS
SM
MD
LG