Accessibility links

Azərbaycanlılar 21 Azər gününü qeyd edirlər


Bu gün güneyli qüzeyli azərbaycanlılar 21 Azər gününü qeyd edirlər. 1945-ci ildə Azərbaycanda ilk milli hökumətin yarandığı gün – 21 Azər istər bu günlə əlaqədar hər hansı şənliklərin qadağan olunduğu İranda, istər dünyanın azərbaycanlılar məskunlaşan digər bölgələrində müxtəlif tədbirlərlə anılıb.

Bu gün Bakıda müxtəlif qruplar 21 Azərlə əlaqədar tədbirlər keçirib. Güney Azərbaycan Milli Azadlıq Hərəkatına Dəstək Komitəsinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi dəyirmi masada cəmi bir il yaşamış Pişəvəri hökumətinin hökumətin Güney Azərbaycan türklərinin həyatında silinməz izlər buraxdığını deyib.

Tarixçi Şövkət Tağıyeva «21 Azər» Hərəkatını «milli şərəf» tarixi adlandırıb və milli hökumətin təhsil, aqrar, mədəniyyət, elm, ictimai-siyasi sahələrdə fəaliyyəti barədə danışıb. O qeyd edib ki, Güney Azərbaycan türkləri milli hökumətin nümunəsində milli azadlığı dadıb və bir gün azad olmaları sadəcə bir zaman işidir.

Bu gün həmçinin Demokratik Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Sirus Azadinin rəhbərlik etdiyi bir qrup şəxs Seyid Cəfər Pişəvərinin Fəxri Xiyabandakı qəbrini ziyarət edib, əklil qoyublar. Qəbir üstündə çıxış edən natiqlər «21 Azər» Hərəkatının önəmindən, S.C.Pişəvərinin tarixdəki rolundan danışıblar.

Güney Azərbaycan Milli Hərərkatı Koordinasiya Şurasının üzvü Cahandar Bayoğlunun Amerikanın səsinə verdiyi məlumata görə, müxtəlif miqyaslı tədbirlər həm Azərbaycan Respublikasında həm də İran Azərbaycanında yer alıb.

Təbrizdəki Azərbaycan Müdafiə Komitəsindən Səid Nəimi Amerikanın səsinə müsahibəsində qadağalara baxmayaraq İran Azərbaycanlılarının bu günün tarixi əhəmiyyətini müzakirə etməyə imkan tapdığını dedi. Güney Azərbaycan istiqlal partiyasından Amerikanın səsinə bildiriblər ki, Urmiyə və Təbrizin müxtəlif tərəflərində axşam saatlarında atılan bayram fişəngləri bu şəhərlərin polis və bəsic dəstələrini ayağa qaldırıb. Hələlik hər hansı həbslər barədə məlumat verilmir.

Cahandar Bayoğlu Türkiyə və Avropada da bu günün xüsusi ehtiramla qeyd olunduğunu dedi. Soyuq müharibənin dan yeri, İran Azərbaycanında sovet- Amerika krizisi kitabının müəllifi - tarixçi, millət vəkili professor Cəmil Həsənli bu günün tarixdə və İran Azərbaycanlılarının bu günündəki rolu haqqında Amerikanın səsinə danışıb.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG