Accessibility links

Qars-Axalkalaki-Bakı dəmiryolu layihəsi ilə bağlı qanun Ağ Evə təqdim olunub


Qars – Axalkalaki Bakı dəmiryolu layihəsinin Amerika bankları tərəfindən maliyyələşdirilməsinə qadağa qoyan qanun təsdiq olunmaq üçün Ağ evə təqdim olunub.

Ekspertlər hətta qanun təsdiqlənsə belə onun layihənin həyata keçməsinə təsir etməyəcəyini deyir. ABŞ konqresinin qəbul etdiyi qanun Birləşmiş Ştatların dövlət təminatlı kreditlərini verən ExImBanka Türkiyə Gürcüstan və Azərbaycan ərazisini birləşdirən dəmiryol layihəsini maliyələşdirməyi qadağan edir. Birləşmiş Ştatlarda fəaliyyət göstərən erməni təşkilatlarının lobbiçiliyi sayəsində qəbul olunan qanunun layihənin həyata keçməsinə nə kimi təsiri ola bilər?

Azərbaycan və Gürcüstan ekspertləri birbaşa təsirin olmayacağını desələr də presedent kimi bu qanunun gələcək regional layihələrə mənfi təsir etdiyini deyir.

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktorunun müavini Taleh Ziyadovun sözlərinə görə, layihənin gerçəkləşməsi üçün ABŞ maliyəsinə ehtiyac yoxdur. "Hər bir ölkə öz ərazisində görüləcək işləri maliyyələşdirəcək. Bu sahədə problemi olan Gürcüstan isə Azərbaycandan alacağı uzun müddətli kredit sayəsində işi tamamlaya biləcək."

ABŞ-Gürcüstan ticarət palatasının icraçı direktoru Mamuka Sereteli də layihədə iştirak edən dövlətlərin Eximbanka kredit üçün müraciət etmək niyyətlərinin olmadığını deyir: Seretelinin sözlərinə görə, Eximbank layihədə iştirak edən amerika şirkətlərinin sərmayəsinə dövlət təminatı verən kredirlər ayırır. Bu layihədə isə belə bir iştirak nəzərdə tutulmamışdı.

Taleh Ziyadov qanunun Amerika şirkətlərinin strateji əhəmiyyət daşıyan bu layihədən kənarda qalmasına səbəb olacağını deyir.

Sereteli erməni lobbisinin bu qanunun qəbulu üçün göstərdiyi səylərin Gürcüstan Ermənistan münasibətlərində mənfi təsir buraxmayacağını desə də, presedent olaraq belə bir qanunun Ermənistanın gələcəkdə iştirak edə biləcəyi layihələrə mənfi təsir edəcəyini deyir:

“Mən bunun müdrik qərar olmadığını deyərdim. Bu sadəcə siyasi qərar idi. Gələcəkdə Qarabağ münaqişəsi nizamlandıqdan sonra regional əməkdaşlıq layihələrinə mane olan bu cür qərarlar bütün ölkələrə təsir göstərəcək və bu, Ermənistan üçün xüsusilə ziyanlı ola bilər. Bu, konfrontasiyalı yanaşmadır və heç kimə xeyir verməyəcək”.

Taleh Ziyadov dəmiryol layihəsinin Azərbaycan üçün xüsusi önəm daşıdığını deyir. Onun sözlərinə görə, Bakı limanlarından birində azad iqtisadi zonanın yaradılması və Qazaxıstanın da bu nəqliyyat koridoruna qoşulması ilə Azərbaycan Çinlə Avropa arasında transit ölkə kimi böyük qazanc əldə edə bilər. “Bu baş verəcək, ABŞ konqresinin qərarından asılı olmayaraq”…

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG