Accessibility links

Avropa Birliyi genişlənmə prosesini səngidir


Avropa Birliyinin rəsmilərinin bildirdiklərinə görə, yeni üzv olan on ölkənin tam inteqrasiyası üçün səylər davam etdiyi vaxt blokun genişlənməsi səngidilməlidir. Avropa Birliyinə üzv 25 ölkənin liderləri sabah Brüsseldə başlayacaq sammitdə bu məsələyə baxacaqlar.

Birliyin genişlənmə üzrə nümayəndəsi Olli Rehn Avropa Parlamenti qarşısındakı çıxışında deyib ki, proses davam etməlidir, ancaq üzvlüyə namizəd ölkələr də çətin şərtləri yerinə yetirməlidirlər.

Ruminiya və Bolgaristan yeni ildə Avropa Birliyinin üzvü olacaqlar, ancaq Xorvatistan, Makedoniya və Türkiyə daha uzun müddət gözləməlidir. İki gün davam edəcək sabahki sammit zamanı birliyə üzv ölkələrin liderlərinin Türkiyə ilə üzvlük danışıqlarının qismən dayandırılması barədə xarici işlər nazirlərinin təklifini təsdiq edəcəkləri gözlənilir.

Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirləri Türkiyənin Yunan Kipriylə ticarət əlaqələrini normallaşdırmağı rədd etməsi səbəbilə belə bir təklif verib.

Türkiyə xarici işlər nazirliyinin bir nümayəndəsi Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin qərarını ədalətsiz adlandırıb və nazirlərin Yunan Kiprinin təzyiqlərinə müqavimət göstərə bilmədiklərini deyib.

XS
SM
MD
LG