Accessibility links

"İran Azərbaycanına Pəncərə" proqramının həftəlik xəbərlər icmalı


  • Beynəlxalq Amnistiya Saleh Kamrani haqda müraciət dərc edib 220 jurnalist Əhmədinejadı söz azadlığı üçün imkan yaratmağa çağırıb ASMEK Azərbaycan dilli jurnalların bağlandığını bildirir Üç Əhvaz ərəbi edam olunub Azərbaycanlı fəal Mehdi Nuriyə 7 il həbs cəzası verildi Tələbə Əsgər Əkbərzadə 86 günlük həbsdən sonra azadlığa buraxılıb ETTELAAT Azərbaycan dilinin təbliğinə qadağa qoyub

Beynəlxalq Amnistiya Saleh Kamrani haqda müraciət dərc edib

Beynəlxalq Əfv, Amnesty İnternational Təşkilatı İran Azərbaycanlılarının hüquqları ilə bağlı geniş kampaniya çərçivəsində növbəti bəyanatını verib. Bu bəyanatda insan haqları müdafiəçisi, vəkil Saleh Kamraninin qanunsuz həbsi və həbsdən azad edildikdən sonra da özünün və ailəsinin təqiblərə məruz qaldığı göstərilir.

Xatırladaq ki, iyunun 14-də həbs olunan Saleh Kamrani üç aydan artıq zindanda qalmış və ona uzun müddət vəkili və ailəsi ilə görüş imkanı verilməmişdi. Beynəlxalq Amnistiya Kamraninin həbsdən azad olunduqdan sonra vəkilliklə məşğul olmaq hüququndan məhrum edilməsini və daimi təzyiq alında olmasını yolverilməz sayır və beynəlxalq ictimaiyyəti bununla bağlı narazılığını bildirməyə çağırır.

220 jurnalist Əhmədinejadı söz azadlığı üçün imkan yaratmağa çağırıb

"Mediaforum"un verdiyi məlumata görə, 220 İran jurnalisti azad mətbuatın və müstəqil jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin aradan qalıdırlması tələbi ilə prezident Mahmud Əhmədinejada müraciət ünvanlayıb. Müraciətdə son vaxtlar İranın Daxili İşlər Nazirliyinin jurnalistlərə qarşı təzyiqləri artırdığı qeyd edilir və baş verənlərin media nümayəndələrinin narahatlığına səbəb olduğu bildirilir.

Sənəd müəllifləri jurnalistlərin fəaliyyətinə qoyulan məhdudiyyətlər kimi onların son bələdiyyə seçkilərində məntəqələrə buraxılmamasını göstəriblər: «Jurnalistlərlə belə davranış İranda azad mətbuatın nə qədər təzyiq altında olduğunu göstərir. Bu isə sizin rəhbərlik etdiyiniz hökumətin beynəlxalq nüfuzuna zərbə vurur. Jurnalistlərə və azad mətbuata qarşı tətbiq edilən məhdudiyyətlərin nəticəsidir ki, azad informasiya yayımı dayandırılıb və peşəkar məlumatları şayiələr əvəz edir». Jurnalistlər İran prezidentindən sərbəst fəaliyyət üçün münbit şərait yaratmağı tələb edirlər.

ASMEK Azərbaycan dilli jurnalların bağlandığını bildirir

Elə bu arada İranda gizli şəkildə fəaliyyət göstərən «Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi»nin (ASMƏK) verdiyi məlumata əsasən, Azərbaycan dilli «İldırım» və «Birlik yolu» jurnallarının redaktoru Qulamrza Nəsirzadə Makı şəhərinin məhkəməsi tərəfindən hakim rejimə qarşı çıxmaq və «pantürkist» qruplarla əməkdaşlıq ittihamı ilə 6 ay həbsə məhkum edilib. Nəsirzadə bir neçə Azərbaycan kitab və jurnalı daşıdığı üçün təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən iyul ayında nəzarət altına alınmışdı. ASMƏK həmçinin bildirir ki, Urmiyə Universiteti tələbələrinin nəşr etdiyi «Ayatay» tələbə jurnalının nəşri dayandırılıb. İranın Mədəniyyət Nazirliyinin yerli idarəsi jurnalı separatçı fikirlər yaymaqda günahlandırıb. «Ayatay»ın yalnız 2 sayı işıq üzü görüb. ASMEK-in sözçüsü Əlirza Quluncu son 3 ayda «Ulus», «Oyanış», «Haray» və «Yaşıl yol» kimi jurnalların bağlandığını bildirib.

Üç Əhvaz ərəbi edam olunub

İranın Xuzistan əyalətində barəsində ölüm hökmü çıxarılmış 10 ərəb millətçisindən 3-ü dekabrın 19-da edam edilib. «Media forum» saytının məlumatına görə, bu barədə xəbəri İranın Xuzistan əyalətinin Baş Ədliyyə İdarəsinin informasiya şöbəsi yayıb. Edamın şəriət qanunlarına uyğun şəkildə icra edildiyi bildirilir. Ərəblər ötən il Xuzistan əyalətinin mərkəzində - Əhvaz şəhərində partlayış törətməkdə günahkar bilinirlər. Həmin partlayışda bir neçə nəfər ölüb, onlarla adam yaralanıb. Hadisəyə görə ümumilikdə 19 ərəb millətçisi məsuliyyətə cəlb edilib. Onlardan 9-u həbs və sürgünlə cəzalandırılıb.

Azərbaycanlı fəal Mehdi Nuriyə 7 il həbs cəzası verildi

Kanadalı insan hüquqları müdafiəçisi xanım Faxtə Zamaninin Amerikanın səsinin Azərbaycan servisinə verdiyi məlumata görə, Urmiya İnqilab Məhkəməsi tələbə Mehdi Nurini 7 il azadlıqdan məhrum edib. Müxtəlif media blogların verdiyi məlumata görə M.Nuri ilk dəfə bu ilin may-iyun aylarında keçirilən etiraz aksiyaları zamanı tutulub və bir müddət sonra sərbəst buraxılıb. O, daha sonra iki dəfə Təbrizdə, bir dəfə isə Sulduzda tutulub və həbsdə olarkən müxtəlif mənəvi, fiziki işgəncələrə məruz qalıb. M.Nuri 80 gün təkadamlıq kamerada qaldıqdan sonra sentyabrın sonunda azadlığa buraxılmışdı.

Tələbə Əsgər Əkbərzadə 86 günlük həbsdən sonra azadlığa buraxılıb

Ərdəbilli tələbə, bu ilin oktyabr ayında məktəblərdə türk dilində tədris tələbilə aksiyalar zamanı tutulmuş Əsgər Əkbərzadəni 86 gün həbsdə saxladıqdan sonra azadlığa buraxıb. Ə.Əkbərzadə dekabrın 20-də 7 min dollar girov qoymaqla azadlığa çıxıb

ETTELAAT Azərbaycan dilinin təbliğinə qadağa qoyub

Mediaforum bildirir ki, ETTELAAT-ın Güney Azərbaycanın Xoy şəhərindəki bölməsinə yenicə rəhbər təyin edilən Kərimi soyadlı şəxs şəhərin milli fəallarını çağıraraq onlara türk dilini təbliğ etməmək barədə xəbərdarlıq edib. Əks halda o, milli fəallarla sərt davranacağını bildirib.

XS
SM
MD
LG