Accessibility links

Somalidə ABŞ hərbçilərinin yeni hücumlar etdiyi bildirilir


Şahidlərin verdiyi məlumata əsasən, Somalinin cənubunda Əl-Qaidə fəalları və qaçaq islamçıların gizləndiyi güman edilən bölgələrdə ABŞ hərbi qüvvələri yeni hücumlar həyata keçirib. Somalinin müvəqqəti hökumətinin rəsmiləri hücumların ABŞ hərbi qüvvələri tərəfindən həyata keçirildiyini deyiblər, lakin ABŞ rəsmiləri bunu təsdiqləməkdən imtina ediblər. Somali rəsmiləri bildirib ki, yeni hücumlar bu gün səhər tezdən Somalinin Keniya ilə sərhəddi yaxınlığındakı Ras Kamboni bölgəsində həyata keçirilib. Rəsmi Vaşinqton Əl-Qaidənin Şərqi Afrikadakı liderlərinin həmin yerdə gizləndyi barədə kəşfiyyat məlumatlarına malik olduğunu bildirib. Birləşmiş Ştatların iki xəbər agentliyi CNN və Assoşieyted Pres Somali rəsmilərinə istinadən xəbər verib ki, hücum zamanı 1998-ci ildə şərqi Afrikada ABŞ-ın iki səfirliyinə bomba hücumu təşkil etdiyi deyilən Fazul Abdulla Məhəmməd qətlə yetirilib. Lakin bu məlumatlar da hələ təsdiqlənməyib. Somali rəsmiləri habelə yaraqlıların Efiopiya və Somalinin hökumət qüvvələrinin yerləşdirildiyi binalara hücum etdiyi paytaxt Moqadişuda bu gün yeni döyüşlər barədə məlumat veriblər. Rəsmilər ən azı 1 nəfərin həlak olduğunu bildirir.
Hökumət qüvvələri və onları müdaifə edən Efiopiya qüvvələri islamçı yaraqlıları keçən ay Moqadişudan çıxara bilmişlər, lakin bəzi yaraqlılar hələ də orada qalmağa davam edir.

XS
SM
MD
LG