Accessibility links

Buş administrasiyası İraq strategiyasını müdafiə etməyə çalışır


Prezident Buş və administrasiyanın əsas nümayəndələri Corc Buşun dünən açıqladığı İraq strategiyasını müdafiə etmək üçün bu gün bir sıra çıxışlar edəcək. Dünənki çıxışında cənab Buş indiyə kimi İraqda yol verilən səhvlərə görə məsuliyyəti üzərinə götürsə də, bölgəyə daha 20 000 ABŞ əsgərinin göndəriləcəyini élan edib. Qoşunların əsas hissəsinin Bağdadda, 4 000 isə Ənbar vilayətində yerləşdiriləcəyi gözlənilir.

Bu gün Senatın xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə ifadə verən dövlət katibi Kondoliza Rays Buşun təklif etdiyi hərbi addımların gücləndirilmiş diplomatic səylərlə müşayət olunacağını deyib.

Prezident Buş İraq hökumətinin noyabradək ölkədə təhlükəsizliyə görə məsuiliyəti üzərinə götürməli olduğunu deyib. İraq rəhbərliyinin üzərinə düşən işlər barədə danışan cənab Buş Maliki hökumətinin iraqlıların rəğbətini qazanmaq üçün addımlar atmalı olduğunu deyib. Bu addımlar sırasında ABŞ prezidenti neft gəlirlərinin əhali arasında bölünməsini, rekonstruksiya işlərinə və infrastruktur layihələrinə İraq büdcəsindən 10 milyard dollar ayrılmasını ehtiva edən islahatlar paketini qeyd edib.

ABŞ Konqresinin hər iki palatasında üstünlüyü əldə edən demokratlar İraqda ABŞ qoşunlarının artırılmasının əleyhinə çıxış edirlər. Prezident Buşun çıxışına demokratların cavabını təqdim edən senator Dik Durbin artıq ABŞ qoşunlarının İraqdan mərhələlərlə çıxarılmasının vaxtının gəldiyini deyib. Cənab Durbin 20 000 qoşunun zorakılığa son qoymaq üçün az, təhlükəyə məruz qoymaq üçün isə çox olduğunu deyib.

Senator Barak Obama president Buşun öz çıxışında daha 20 000 əsgərin İraqa göndərilməsinin effektli olacağına dair heç bir sübut təqdim etmədiyini deyib. O, daha çox əsgərin İraqda təriqətlərarası münaqişəyə son qoymaqda yardımçı olacağına inanmadığını əlavə edib.

XS
SM
MD
LG