Accessibility links

Abbas Lisaninin həyatı təhlükədədir

  • Xədicə İsmayılova

Ərdəbil zindanında qeyri-insani şəraitdə saxlanılan və aclıq aksiyasını davam etdirən Abbas Lisaninin aclığı dayandırması üçün imzalar toplanıb. Ərdəbil fəallarından alınan məlumata görə, bu gün cənab Lisani ilə görüşməyə müyəssər olan ailəsi ona güney Azərbaycan fəallarının və ziyalılarının xahişini çatdırıb. Onlar Abbas Lisanidən həyatını təhlükə altına qoymamağı və aclığı dayandırmağı xahiş ediblər.

Məlumatlara əsasən, yanvarın 1-dən aclıq edən Abbas Lisani təqribən 40 kiloqram çəki itirib, onun saçları ağarıb. Cənab Lisani çətinliklə danışır və hərəkət edir. O, həkim nəzarəti altında deyil və ailəsi Abbas Lisaninin həyatının ciddi təhlükə altında olduğunu deyir.

Abbas Lisani ona aclığı dayandırması üçün müraciət edənlərin hamısına hörmət etdiyini, lakin ölənəcən aclığı dayandırmayacağını bildirib.

Verilən xəbərlərə görə, Ərdəbil həbsxanasının rəhbərliyi Abbas Lisaninin əfv üçün müraciət etməsini təklif edib. Abbas Lisani bu təklifə rədd cavabını 7 səhifəlik açıq məktubunda ifadə edib. Ərdəbil fəallarından alınan məlumata görə, məktubda Abbas Lisani özünün heç bir cinayət törətmədiyini, İranın əsas qanunu ilə təsbit olunmuş hüquqlarını tələb etdiyi üçün qanunsuz həbs edildiyini bildirir və bəyan edir ki, əfv üçün müraciət etməyəcək.

Abbas Lisaninin durumu ilə bağlı yeni reportajları Amerikanın səsinin növbəti proqramlarında dinləyə bilərsiniz Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasından Amerikanın səsinə verilən məlumata görə, digər azərbaycanlı fəalların həbsləri davam etməkdədir. Mustafa Əvəzpur pantürkizm ittihamı ilə 6 aylıq həbsə məhkum olunub, daha bir məhkəmə iclasının keçirilməsini gözləyir.

Məhkəməyə qədər zaminə buraxılan Əvəzpur bu günlərdə yenidən həbsxanaya aparılacaq.

İnsan hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətinə görə 10 ay həbsə məhkum edilən Qurban Zareyini bu gün Təbriz zindanına aparılıb.

21 Azər tədbirləri ilə əlaqədar dekabrın 12-də saxlanılan Elyaz Yekanlının vəziyyəti barədə xəbər yoxdur, Urmiyə zindanının rəhbərliyi onun ailəsi ilə görüşlərinə icazə verilmir. Eyni gündə həbs olunan Xudayar Teymuri də hələ mühakimə olunmadan Urmiyə həbsxanasında saxlanılır.

Sulduzdan aldığımız məlumata əsasən bu şəhərdə yaşayan fəallar Aşura günündə May hadisələri zamanı polis zorakılıqdan həyatını itirmiş Azərbaycanlı fəallarının məzarı üstünə toplaşmağı planlaşdırır.

XS
SM
MD
LG