Accessibility links

Abbas Lisani aclıq aksiyasını dayandırıb


Yanvarın 1-dən aclıq aksiyasına başlayan Güney Azərbaycan milli hərəkatının önəmli simalarından biri Abbas Lisani bu gün aclıq aksiyasını dayandırıb. Bu barədə Amerikanın səsinə Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsi xəbər verib. Xəbərdə deyilir ki, 50-yədək Azərbaycan fəalı və ziyalısı Ərdəbilin baş prokuroru Ərcəngi ilə görüşəndən sonra 15 nəfərə Abbas Lisanini həbsdə ziyarət etmək imkanı verilib.

Müdafiyə komitəsindən aldığımız məlumata görə Ərdəbilin baş prokuroru bildirib ki, Abbas Lisaninin qısa müddətli tərxis hüququnun temin olunması ilə bağlı Tehrana məlumat verilib ve hazırda İranın baş prokuroru ayətullah Şahrudidən bu istiqamətdə qərar gözlənilir.

Abbas Lisani ilə görüşən fəallar onun sağlıq durumunun ağır olduğunu bildirir. Onlar Abbas Lisaniyə aclıq aksiyasını dayandırmağın vacib olduğunu və artıq etiraz aksiyasının öz siyasi nəticələrinə nail olduğunu söyləyiblər. Abbas Lisaninin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Faxtə Zamani deyib ki, Abbas Lisani bu müraciətləri və onun aclığı dayandırması üçün bütün dünya boyu toplanan imzaları nəzərə alaraq, aksiyanı dayandırmağa razılıq verib.

Lakin Abbas Lisani məhbus hüquqlarının pozulmaqda davam edəcəyi təqdirdə yenidən qidadan imtina edəcəyini də diqqətə çatdırıb. Abbas Lisani deyib: “Azərbaycan milli hərəkatının verdiyi mücadilə dinc və mədəni mübarizədir. Buna görə də biz yalnız dinc üsullardan istifadə edərək mübarizəmizi davam etdirməliyik. Mənim aclıq aksiyamın səbəbi də şəxsi hüquqlarımın pozulması yox, məhz bu dinc mübarizənin sorağının dünyaya yayılması idi. Mən mübarizəni davam etdirmək əzmindəyəm”.

Abbas Lisaninin Hüquqularını Müdafiə Komitəsi vicdan məhbusunun sağlıq durumu ilə bağlı narahtlıqların hələ də qaldığını bildirir və onun təcili tibbi yardıma ehtiyacı olduğunu İran rəhbərliyinin, beynəlxalq təşkilatların və İran ictimaiyyətinin diqqətinə çatdırır.


XS
SM
MD
LG