Accessibility links

"İran Azərbaycanına Pəncərə" proqramının həftəlik xəbərlər icmalı


Dövlət Departamenti İranda azərbaycanlıların təqibindən narahatdır
Abbas Lisaniyə tibbi yardım göstərilmir
Əkbər Ələmi: "Lisaninin durumu İranın milli təhlükəsizlik məsələsinə çevrilə bilər"
İran Azərbaycana qanunsuz teleyayımını dayandırmağa söz verib
Naxçıvanlılar İrana vizasız gedə biləcək

Dövlət Departamenti İranda azərbaycanlıların təqibindən narahatdır

Bu həftə Güney Azərbaycanlıların milli hüquqları uğrunda mübarizəsinin tanınmış simalarından olan Abbas Lisaninin aclıq aksiyası ilə bağlı Birləşmiş Ştatların dövlət Departamenti bəyanatla çıxış edib.

Dövlət Departamentinin sözçüsü Şon Makkormak tərəfindən səsləndirilən bəyanatda deyilir ki, Birləşmiş Ştatlar İran rejimini öz vətəndaşlarına sistematik repressiyaları dayandırmağa, bütün İranlıların hüquqlarına hörmət etməyə və özlərinin söz, mətbuat toplaşma etiqad və əmək hüquqları uğrunda fəaliyyətinə görə həbs olunanları azad etməyə çağırıb. Cənab Makkormak deyib ki, həmin adamlara cənab Lisani də daxil edilə bilər.

Dövlət Departamentinin bəyanatında bildirilr ki,rejim məktəblərdə azərbaycan dilini qadağan edir, Azərbaycan fəallarını təqiblərə məruz qoyur və cənab Lisani kimi öz mədəni və dil hüquqlarını müdafiə edən şəxsləri ədalətsiz olaraq həbsə atır.

Şon Makkormak 2006-cı ilin Mayında təhqir edici karikaturanın çap olunmasından sonra Abbas Lisani də daxil olmaqla, dinc etiraz aksiyaları təşkil edən azərbaycanlıların təqiblərə və həbslərə məruz qoyduğunu deyib. Amerikanın səsinin sualına cavab olaraq, bəyanatı səsləndirən cənab Makkormak daha sonra deyib: “Biz rejimin İranda azərilər, kürdlər, bəhailər və ərəblər də daxil olmaqla dini və milli azlıqların davamlı təqibindən dərin narahatlıq keçiririk. Biz Birləşmiş Millətlər Təşkilatı və xarici dövlətlər və beynəlxalq qeyri hökumət təşkilatları vasitəsilə İranda əhaliyə qarşı olan təqiblərə son qoyulması və burada insan hüququları ilə bağlı acınacaqlı vəziyyətin düzəlməsi üçün İran rejiminə təzyiq göstərilməsi istiqamətində beynəlxalq ictimaiyyətlə işləyirik”.

Abbas Lisaniyə tibbi yardım göstərilmir

Xatırladaq ki, beynəlxalq Amnistiya tərəfindən vicdan məhbusu elan olunan Abbas Lisani yanvarın 1-dən etibarən başladığı aclıq aksiyasını yanvarın 31-də başa çatdırıb. Abbas Lisanini Müdafiə Komitəsinin üzvü, Kanadalı hüquq müdafiəçisi, Azərbaycanlı siyasi məhbusları müdafiə assosiasiyasının rəhbəri Faxtə Zamani servisimizə cənab Lisaninin durumu ilə bağlı son məlumatları çatdırıb.

Əkbər Ələmi: "Lisaninin durumu İranın milli təhlükəsizlik məsələsinə çevrilə bilər"

Ötən həftədən Abbas Lisaninin hüquqlarının müdafiəsi uğrunda başlanan kampaniya İranda geniş vüsət alıb. İranın müxtəlif şəhərlərindən Məclis üzvlərinə hüquq-mühafizə orqanlarına və Ərdəbil həbsxanasında saysız məktublar, telefon zəngləri və fakslar olub. Təbriz, Azərşəhr və Üskü seçicilərini İran parlamentdə təmsil edən, İran Məclisində kəskin çıxışları ilə tanınmaqla yanaşı həmçinin Milli Təhlükəsizlik Komitəsinin ən fəal üzvlərindən biri Əkbər Ələmi yanvarın 30-da etdiyi çıxışda parlament üzvlərini xəbərdar edib ki, Abbas Lisaninin həbsxana şəraiti və gündən günə pisləşən sağlıq durumu milli təhlükəsizlik məsələsinə çevrilə bilər.

“Dostlarının və qohumlarının verdiyi məlumata görə, Abbas Lisani ayrı-seçkiliyə məruz qaldığına görə aclıq aksiyasını davam etdirir və indi onun sağlıq durumu kritik həddə çatıb”, deyə cənab Ələmi İran Fəhlə Xəbər agentliyinə müsahibəsində bildirib. O, məhbusun Ərdəbilin yerli qəzetlərində yazılar yazdığını və May hadisələri zamanı həbs olunduğunu deyib.

Ələmi xatırladıb ki, May nümayişləri rəsmi İran qəzetində azərbaycanlıları təhqir edən karikaturaların birbaşa nəticəsi olmuşdu:

“Təcrübə göstərir ki, bu metodların istifadəsi heç bir zaman bizim dövlətimizin xeyrinə olmayıb. Bizim May nümayişləri zamanı həbs olunan məhbusların azad olunması istiqamətində göstərdiyimiz səylərin davamı olaraq mən Abbas Lisani də daxil olmaqla qalıan məhbusların azadlığa, ailələrinin yanına buraxılmasını gözləyirəm. Baş prokuror Ayətullah Şahrudi bu işdə bizə çox yardımçı olub və artıq məsəələnin həlli istiqanmətindən bir neçə göstəriş imzalayıb”

Xatırladaq ki, Abbas Lisaninin hüquqlarının qorunması istiqamətində beynəlxalq kampaniyanın nəticəsi olaraq, Avropa və İsveç parlamentlərindən də İran səfirliklərinə etiraz məktubları göndərilib.

İran Azərbaycana qanunsuz teleyayımını dayandırmağa söz verib

İran dövlət televiziya təşkilatının direktoru İzvətulla Zəqrami bu həftə Azərbaycanda səfərdə olub və president İlham Əliyev tərəfindən qəbul edilib. Dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, danışıqlar zamanı tele-radioyayım sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Zəqrami bu məsələləri həmçinin Azərbaycan XİN-ində də müzakirə edib. Zəqrami və Azərbaycanın Rabitə və İnformasiya Texnoligiyaları naziri Əli Abbasov arasında imzalanan müqaviləyə əsasən tərəflər İran telekanallarının Azərbaycana qanunsuz yayımının dayandırılması istiqamətində əməkdaşlıq edəcəklər. Zərqaminin imzalanma mərasimindən sonra jurnalistlərə deyib: “Biz öz telekanallarımızın yayım gücünü azaltmağa çalışırıq, amma bizim sərhəd bölgələrimiz daha hündür dağlıq ərazisində olduğu üçün, ötürücülərin gücünün daha da azaldılması oradakı yayımın keyfiyyətinə də təsir edə bilər.”

Naxçıvanlılar İrana vizasız gedə biləcək

APA agentliyinin verdiyi xəbərə görə, Naxçıvan əhalisi üçün İranla Azərbaycan arasında vizasız rejimin tətbiqi gözlənilir. Bu barədə agentliyə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov məlumat verib. O deyib ki, hazırda vizalarla bağlı ciddi problemlər mövcud deyil. Yeganə problem Tehran hava limanında alınan həftəlik vizaların sonra uzadılması ilə bağlıdır. Səfir bu istiqamətdə danışıqların davam etdiyini bildirib.

XS
SM
MD
LG