Accessibility links

ABŞ administrasiyası Ermənistana 35, Azərbaycan üçün isə 18 milyon dollar yardım istəyir


Bu il Ağ Ev Konqresdən gələn maliyyə ilində beynəlxalq məsələlər üçün 36,2 milyard dollar vəsait ayrılmasını istəyib. Keçmiş Sovet İttifaqı ölkələrinə yardım isə 352 milyard dollar təşkil edir.

Cənubi Qafqaz dövlətlərinə gəldikdə, ABŞ təklif olunan yardımın nisbətini saxlamışdır. Belə ki, Ağ Ev Azərbaycana 18 milyon, Ermənistana 35 milyon, Gürcüstana isə 50,5 milyon dollar yardım ayrılmasını istəyib. Qeyd edək ki, administrasiya tərəfindən təklif olunan layihədə ötən ilkindən fərqli olaraq Dağlıq Qarabağ üçün ayrıca vəsait ayrılması nəzərdə tutulmur.

Xarici İşlər Nazirliyi İnformasiya siyasəti idarəsinin rəhbəri Tahir Tağızadə Amerikanın səsinə müsahibəsində bildirib ki, erməni lobbisinin fəaliyyəti Birləşmiş Ştatların Azərbaycana yardım büdcəsinə ciddi təsir göstərir. Maraqlıdır ki, büdcə layihəsində “Xarici hərbi yardım” (FMF) bəndi üzrə Azərbaycana 4,3 milyon, Ermənistana isə 3 milyon dollar ayrılır. Digər bənd – “Beynəlxalq hərbi təhsil və təlim” (İMET) üzrə Azərbaycan üçün 1 milyon, Ermənistan üçün isə cəmi 300 min dollar nəzərdə tutulub.

Amerika Birləşmiş Ştatlarının Azərbaycana hərbi yardımı ABŞ üçün strateji sayılan qonşuluqda yerləşən Azərbaycanın sərhədlərinin möhkəmlənməsi üçündür. Bəs Ermənistana göstəriləcək yardımın xərclənmə istiqaməti Azərbaycan rəsmilərinə bəllidirmi? Rusiyanın müttəfiqi olan Ermənistanla hərbi əməkdaşlıq xərclərinin istiqamətini müəyyənləşdirməkdə Pentaqonun özü də çətinlik çəkir. Tahir Tağızadənin sözlərinə görə ABŞ müdafiə nazirliyi Ermənistana yardım büdcəsinin istifadəsində çətinlik çəkdiyini dəfələrlə bəyan edib.

Ağ Evin Azərbaycana nisbətdə Ermənistana az hərbi yardım istəməsi ABŞ-dakı erməni lobbisinin narazılığına səbəb olmuşdur. Amerikanın Erməni Milli Komitəsinin bəyanatına görə, erməni icması büdcə layihəsindəki hərbi yardımın bərabərləşdirilməsində, həmçinin Ermənistana və Dağlıq Qarabağa yardımın çoxaldılmasında Konqresdəki dostlarına ümid edir. Qeyd edək ki, Ağ Evin təklif etdiyi büdcə layihəsi Senat və Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitələrində nəzərdən keçirildikdən sonra hər iki qanunverici orqanın Təxsisatlar Komitəsi layihəyə düzəlişlər edəcəkdir.

XS
SM
MD
LG