Accessibility links

"İran Azərbaycanına Pəncərə" proqramının həftəlik xəbərlər icmalı


İran Azərbaycanında fəalların həbsi davam edir
21 Azər məhbuslarının məhkəməsi keçirilib
19 yaşlı məhbusa vərəqə payladığına görə 1 il həbs kəsilib
Təbrizdə futbol matçı siyasi nümayişə çevrilib
Meşkinşəhrdə Azərbaycan kitablarını çap edən nəşriyyat bağlanıb
Qərbi Azərbaycan Müdafiə Komitəsi yaradılıb
İran Azərbaycanlıları "Ana dili" günündə nümayişlər keçirməyi planlaşdırır

İran Azərbaycanında fəalların həbsi davam edir

Ərdəbil şəhərində azərbaycanlı fəal Hamid Lutfi yanvarın 31-də həbs olunub və bir neçə gündən sonra zaminə buraxılıb. Həbs zamanı onun evində qeyri-qanuni axtarış aparılıb, kompüteri və kitabları müsadirə olunub.

Fevralın 8-də həbs olunan Təbrizli fəal Həsən Əsədi Ərdəbil Ettelaatının təcridxanasında saxlanılır. Ailəsi ilə təmaslara imkan verilmir, vəkillə təmin olunmayıb.

21 Azər məhbuslarının məhkəməsi keçirilib

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsi bildirir ki, 21 Azər şənlikləri zamanı Urmiyədə həbs olunan Hadi Salman Sərxoş, Elyaz Yekanlı və Xudayar Teymurinin işi üzrə Fevralın 2-də Urmiyə İnqilab Məhkəməsinin 1-ci bölümündə dinləmə keçirilib. Fevralın 8-də 6 ay şərti cəza alan Xudayar Teymuri azadlığa buraxılıb. Digər 2 Urmiyəli fəal isə hələ də həbsdədir. Məhkəmə zamanı Elyaz Yekanlının Dərvişi soyadlı hakimə ciddi etirazını bildirdiyi xəbər verilir.

19 yaşlı məhbusa vərəqə payladığına görə 1 il həbs kəsilib

Bu arada Ərdəbil İnqilab məhkəməsi Bəhruz Əlizadəyə 1 il həbs hökmü kəsib. 19 yaşlı Bəhruz Əlizadə son bir ildə dörd dəfə həbs olunub. Sonuncu həbsi Mehr ayının biri ana dilində təhsil tələbi ilə keçirilən aksiyalarda vərəqə paylaması ilə bağlıdır.

Təbrizdə futbol matçı siyasi nümayişə çevrilib

Mediaforum bildirir ki, fevralın 8-də Təbrizin 40 min azarkeş tutan futbol stadionunda Təbrizin «Traktorsazi» futbol klubu ilə Tehranın «Atiyesazəni kövsər» klubu arasında qarşılaşma olub. Təbriz klubu Tehran komandasına qalib gəlib. Matç başa çatandan sonra ağzınacan dolu standionda azarkeşlər ayağa qalxaraq «Yaşasın Azərbaycan!» şüarını səsləndirməyə başlayıblar. Stadiondan çıxıb Təbrizin küçələri ilə irəliləyən minlərlə futbol azarkeşi milli şüarlar səsləndirməkdə davam edib və faktiki olaraq Təbrizin küçələrində yürüş keçirilib.

Meşkinşəhrdə Azərbaycan kitablarını çap edən nəşriyyat bağlanıb

ASMEK Meşkinşəhr çəhərində daha bir nəşriyyatın bağlandığını bildirir. Səlim Zəhmət Dustun idarə etdiyi Vəravi nəşriyyatı Azərbaycan dilində nəşrlərin çapı ilə məşğul idi.

Qərbi Azərbaycan Müdafiə Komitəsi yaradılıb

Qərbi Azərbaycanın Urmiyə və Qoşaçay şəhərlərində Qərbi Azərbaycanı Müdafiə Komitələri yaradılıb. Komitələrin ilk aksiyası PEJAK və PKK kimi terrorçu qrupların bu bölgələrdə azərbaycanlıların əleyhinə fəaliyyəti barədə məlumatlar yaymaq olub. Paylanan vərəqə və CD-lərdə İran rejiminin bu bölgəyə kürdləri köçürərək milli münaqişələr üçün zəmin yaratması da pislənilir.

İran Azərbaycanlıları "Ana dili" günündə nümayişlər keçirməyi planlaşdırır

Fevralın 21-də İran Azərbaycanının bir sıra şəhərlərində ana dili günü münasibətilə mitinqlər keçirilməsi planlaşdırıılır. Mitinqlərdə sadəcə iki şüarın – “Mənim dilim ölən deyuil, başqa dilə dönən deyil” və Türk dilində mədrəsə” şüarlarının qaldırılacağı qərara alınıb.

XS
SM
MD
LG