Accessibility links

Minsk Qrupu həmsədrlərindən "diplomatik atəşkəs" çağırışı


ATƏT Minsk qrupu həmsədrlərinin fevralın14-15-də Parisdə keçirdikləri görüşün nəticələrinə dair yaydıqları birgə bəyanat Yerevan və Bakıda fərqli reaksiyalar doğurub.

Bəyanatda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin tezliklə görüşünün keçirilməsi arzusu ifadə olunub və həmsədrlər tərəflərdən nizamlanmanı fəal davam etdirməyi istəyiblər.

Bəyanatın bu hissəsinə nə Bakının, nə də Yerevanın etirazı var. Lakin bəyanatda həmçinin BMT Baş Assambleyası və digər qurumlarda son ayların müsbət irəliləyişlərinə xələl gətirə biləcək aydın olmayan fəaliyyətdən bəhs olunur.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Tağızadə Turan agentliyinə bildirib ki, əgər söhbət BMT Baş Assamnleyasının gündəliyinə salınmış GUAM-da dondurulmuş münaqişələr haqqında müzakirələrdən gedirsə, onlar “hadisələrin korlanmasına” yönəlməyib. Tağızadə BMT Təhlükəsizlik Şurasının Qarabağa dair dörd məlum qətnaməsini xatırladıb və əlavə edib ki, ümumilikdə GUAM-ın fəaliyyəti kiməsə qarşı yönəlməyib. “GUAM oxşar təhlükələrə və çağırışlara məruz qalmış dövlətlər birliyidir. GUAM-ın BMT TŞ-dəki təşəbbüsü isə bu təhlükələr və çağırışlar barədə dünya birliyini məlumatlandırmaqdan ibarətdir,” deyə Tağızadə qeyd edib.

Ermənistanın xarici işlər nazirliyinin sözçüsü Vladimir Karapetyan isə Panarmenian agentliyinə bildirib ki, onlar Qarabağ münaqişəsi ilə bağlı BMT-də gözlənilən müzakirələrin sülh prosesinin inkişafına mane olacağına inanırlar.

Politoloq, Azərbaycan Naminə İctimai Foumun rəhbəri və “Qarabağ xartiyası” təşəbbüsünün həmmüəlliflərindən biri Eldar Namazov Ermənistanın bu mövqeyini təəccüblü saymır. Lakin o,həmsədrlərin bəyanatında məntiq görmədiyini deyir. Belə ki, ATƏT Minsk Qrupunun özü də BMT Təhlükəsizlik Şurasının mandatı ilə yaradılıb. Eldar Namazovun sözlərinə görə, bəyanat BMT Təhlükəsizlik Şurasındakı müzakirələrə mane ola bilməz.

Politoloqa Ermənistanın və bəzi GUAM ölkələri ilə ərazi münaqişəsi olan Rusiyanın məsələdə tutduğu mövqe aydındır. Amma o, GUAM-da dondurulmuş münaqişələr barədə məsələnin BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınmasına səs vermiş Birləşmiş Ştatların Minsk Qrupundakı nümayəndəsinin bu bəyanatı dəstəkləməsini anlamadığını deyir.

XS
SM
MD
LG