Accessibility links

İran Azərbaycanlıları Dövlət Departamentinin qarşısında piket keçirib


İranda 21 fevral ana dili günü ilə bağlı etirazlardan sonra Vaşinqtonda yaşayan Azərbaycan icması ABŞ Dövlət Departamentinin qarşısında Güney Azərbaycanlılarla həmrəylik piketi keçirdi.

Birləşmiş Ştatlarda yaşayan təqribən 400 minə yaxın azərbaycanlının əksəriyyətini İrandan gəlmiş mühacirlər təşkil edir. Güney Azərbaycanlılara dəstək verməyə isə Vaşinqtonda yaşayan bir qrup azərbaycanlı gəlmişdi.

Aksiyanın təşkilatçılarından biri Rəhim Şahbazinin servisimizə verdiyi məlumata görə, piket İranda təqiblərə məruz qalan azərbaycanlılara dünya ictimaiyyətinin dəstəyini qazanmaq üçün atılan addımlardan biridir.

Dövlət Departamentinin İran şöbəsinin əməkdaşı Aaron Snayp nümayişçilərlə görüşə gələrək, onların tələblərinin və hazırlanan materialların diqqətlə öyrəniləcəyini söylədi.

"Rədd olsun aparteid", "İran Azərbaycanlılarına azərbaycanca təhsil" kimi şüarlar qaldıran nümayişçilər Dövlət Departamentinin İranda Azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı bəyanatlarını yüksək qiymətləndirdiyini bildirdilər.

Xatırladaq ki, Dövlət Departamenti son bəyanatında İranın azərbaycanlılar, kürdlər və ərəblər daxil olmaqla, etnik azlıqlara qarşı repressiyaları davam etdirməsindən narahatlığını ifadə edib. Dövlət Departamentinin bəyanatında deyilir ki, Tehran Azərbaycan dilinin məktəblərdə tədrisini qadağan edib, azərbaycanlı fəalları təqiblərə məruz qoyur, mədəni və linqvistik haqlarını tələb edən azərbaycanlıları ədalətsiz şəkildə həbs edir.

Amerikalı Azərbaycanlılar isə Dövlət Departamentindən ABŞ büdcəsi hesabına maliyyələşən mediada İrana yayımın fars dili ilə yanaşı Azərbaycan türkcəsində də olmasını xahiş edir.

Nümayişçi Həbib Azərsinanın sözlərinə görə, Birləşmiş Ştatların İranla bağlı qəbul etdiyi istənilən qərarda Azərbaycanlılar nəzərə alınmalıdır. Həbib Azərsina ABŞ xarici siyasət idarəsinin rəhbərinin diqqətini İraq təcrübəsinə yönəltdi: “10 il əvvəl biz İraqda sünnilərin, kürdlərin, şiələrin və digər millətlərin və təriqətlərin olduğuna əhəmiyyət vermirdik. Çünki Səddam Hüseyn İraqı bütöv bir sünni dövləti kimi təqdim edirdi. Orada yaşayan digər icmaların səsi isə ümumiyyətlə gəlmirdi. İran da indi belədir. Və biz sizin nəzərinizə çatdırırıq ki, İranda azərbaycanlılar yaşayır, və onların arzu və istəkləri var.”

İran azərbaycanlıları isə bu günlərdə özlərinin ana dilində təhsil almaq tələblərini İran hökumətinin və dünya ictimaiyyətinin diqqətinə etiraz aksiyaları ilə çatdırıblar.

Fevralın 21-i Beynəlxalq ana dili günündə Təbrizdə Bazar ağzına toplaşmaq istəyən nümayişçilərin qarşısı polis və nizami ordu qüvvələri tərəfindən alındıqdan sonra güney Azərbaycan fəalları fevralın 22-də geniş kütləvi aksiya keçirməyə nail olublar.

Həmin gün Təbriz stadionunda keçirilən futbol matçını görüş yeri təyin edən fəallar həm stadionda, həm də ordan çıxdıqdan sonra milli şüarlar səsləndiriblər.

Nümayişçilərin əsas şüarları "Yaşasın Azərbaycan", "Türk dilində mədrəsə olmalıdır hər kəsə", "Ana dili" olub.

Son həftələrdə İran rəsmiləri milli azlıqların etirazlarının İrana düşmən olan ölkələr tərəfindən təşkil olunduğunu bildirib.

Fevralın 21-də Ərdəbil, Urmiyə, Zəncan və Tehran şəhərlərində də müxtəlif miqyaslı etiraz nümayişlərinə cəhdlər olub. Etiraz aksiyalarının əsas tələbi məktəblərdə və dövlət orqanlarında azərbaycan dilinin rəsmi status almasıdır.

XS
SM
MD
LG